Yollarda ölüm və xəsarətlər: - Qəzaları azaltmaq üçün nə dəyişməlidir? - BDYPİ və ekspertdən ŞƏRH

Yollarda baş verən yol-nəqliyyat hadisələri, onların ağır nəticələri və qəzaların qarşısının alınması məsələsi aktuallığını qoruyur.
Hər il qeydə alınan qəzalar bir daha göstərir ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlərlə yanaşı, mövcud problemlərin həlli də xüsusi diqqət tələb edir.
Qəzaların baş verməsində sürücülərin və piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi, yol infrastrukturundakı çatışmazlıqlar və nəqliyyat vasitələrinin texniki nasazlığı əsas amillər sırasında göstərilir.
Xüsusilə sürət həddinin aşılması, təhlükəli manevrlər, ötmə qaydalarının pozulması və piyadalara yol verilməməsi ciddi qəza riskləri yaradır. Digər tərəfdən, bəzi yolların işıqlandırılmaması, örtüyündəki qüsurlar və təhlükəsizlik şəraitinin yetərli olmaması da hərəkət iştirakçıları üçün əlavə risklər formalaşdırır.
Yol qəzalarının nəticələri isə heç də yalnız statistik rəqəmlərlə ölçülmür. Hər bir ölüm faktının arxasında yarımçıq qalan bir həyat, övladını itirən valideyn, atasız və ya anasız qalan uşaq, ailəsini itirən həyat yoldaşı dayanır. Başqa sözlə, yol qəzasında bir insanın həyatını itirməsi əslində bütöv bir ailənin həyatına təsir edən faciədir. Buna görə də yol hərəkəti təhlükəsizliyi məsələsinə yalnız qəza statistikasının azaldılması kimi deyil, insan həyatının və ailələrin qorunması məsələsi kimi yanaşılmalıdır.
Bəs ölkədə ölüm və xəsarətlə nəticələnən qəzalara əsas səbəblər hansılardır? Mövcud vəziyyətdən çıxış yolları nələrdir və qəzaların qarşısının alınması üçün hansı əlavə tədbirlərə ehtiyac var? Sürücülərin məsuliyyətinin artırılması, təkrar qayda pozuntularına qarşı daha sərt mexanizmlərin tətbiqi vəziyyətə müsbət təsir göstərə bilərmi?
Bu məsələlər həm yol hərəkətinin təşkili, həm də ictimai təhlükəsizlik baxımından müzakirə mövzusudur.
1news.az-ın suallarını cavablayan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Nərgiz Əlizadə bildirib ki, ölkədə nəqliyyat vasitələrinin sürətlə artması fonunda həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində yol qəzalarının sayında azalma tendensiyası qorunub saxlanılıb.
“Belə ki, cari ilin 10 ayı ərzində respublika üzrə qeydə alınan ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 10,1 faiz azalaraq, 1040 fakta qarşı 935 fakt olub. Baxılan hesabat dövrü ərzində yol qəzalarında həlak olanların sayı 15 nəfər, xəsarət alanların sayı isə 154 nəfər azalıb”.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov 1news.az-a deyib ki, Azərbaycanda yol-nəqliyyat hadisələrinin baş verməsinin üç əsas səbəbi var.
“Bunlardan birincisi yol hərəkəti iştirakçılarının – sürücülərin və piyadaların qaydaları pozmasıdır. Sürücülər əsasən sürət həddini aşır, manevr və ötmə qaydalarına əməl etmir, ara məsafəsini düzgün saxlamırlar. Piyadalar isə müəyyən olunmuş yerlərdən deyil, istədikləri yerdən yolu keçir, avtomobillərin qarşısına qəfil çıxırlar. Hətta elementar piyada keçidlərindən istifadə qaydalarını bilməyən vətəndaşlarımız da az deyil”.
Ekspert bildirib ki, yol-nəqliyyat hadisələrinin digər səbəbləri yol infrastrukturu və nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlıdır:
“Yol infrastrukturundakı çatışmazlıqlar, xüsusilə yolların çala-çuxurlu və işıqlandırmanın zəif olması da qəza şəraiti yaradır. Belə halların ağır nəticələrə səbəb olduğunun şahidi olmuşuq. Bundan başqa, texniki cəhətdən nasaz avtomobillər də yol-nəqliyyat hadisələrinin baş verməsində rol oynayır. Bu amillərin hər biri statistikada da öz əksini tapır. Qəzaların azalmamasının səbəblərini də məhz bu amillərdə axtarmalıyıq”.
E.Cəfərovun sözlərinə görə, qəzaların sayının azaldılması üçün ilk növbədə qeyd olunan problemlər aradan qaldırılmalı, sürücülərlə profilaktik işlər gücləndirilməli və onların sürücülük bacarıqlarının artırılmasına diqqət yetirilməlidir. Ekspert təkrar qayda pozuntularına yol verən sürücülərə qarşı daha sərt çəkindirici mexanizmlərin tətbiqini də təklif edib:
“Düşünürəm ki, təhlükəli qayda pozuntularını təkrar edən sürücülər barəsində müvəqqəti sürücülük hüququndan məhrumetmə tədbiri tətbiq oluna bilər. Məsələn, bir sürücü il ərzində üç dəfə eyni təhlükəli qayda pozuntusuna – qırmızı işıqda hərəkətə davam etmə, piyadaya yol verməmə, manevr və ötmə qaydalarını pozma, sürət həddini aşma və ya ara məsafəsini saxlamama hallarına yol verərsə, onun sürücülük hüququ bir və ya üç ay müddətinə məhdudlaşdırıla bilər. Bu, sürücüləri qaydalara əməl etməyə təşviq edən effektiv və çəkindirici mexanizm ola bilər”.
Sözardı
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün problemin nəticələri ilə deyil, ilk növbədə səbəbləri ilə mübarizə aparılmalıdır. Sürücülərin məsuliyyətinin artırılması, təhlükəli qayda pozuntularına qarşı effektiv nəzarət mexanizmlərinin tətbiqi, yolların texniki vəziyyətinin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin sazlığının təmin edilməsi bu istiqamətdə əsas prioritetlər olmalıdır. Eyni zamanda, yol hərəkəti mədəniyyətinin formalaşdırılması və həm sürücülər, həm də piyadalar arasında maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir. Çünki ən müasir yol infrastrukturu və sərt cərimələr belə hərəkət iştirakçılarının məsuliyyətsiz davranışının qarşısını hər zaman ala bilməz. Yol qəzalarının arxasında dayanan hər bir insan itkisi isə bu məsələyə daha ciddi yanaşmağın vacibliyini göstərir. Əsas məqsəd qəzadan sonra nəticələri aradan qaldırmaq deyil, qəzanın baş verməsinin qarşısını almaq olmalıdır.








