Füzulidə ağır qəza: 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Füzuli rayonunda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.
1news.az xəbər verir ki, hadisə noyabrın 13-də saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillə Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində həyatını itirib. Həmin avtomobildə olan digər iki sərnişin, eləcə də "VAZ-2104"ün sürücüsü və sərnişini müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsini qorumağa çağırıb.
İdarə sürücülərə yorğun və yuxusuz halda sükan arxasına keçməməyi, diqqəti yoldan yayındırmamağı, həmçinin avtomobildə olan bütün şəxslərin təhlükəsizlik kəmərindən istifadə etməsini təmin etməyi tövsiyə edib.











