ABŞ-də ada yox olmaq təhlükəsi ilə üz-üzədir: Əhali azalır, dəniz səviyyəsi yüksəlir

ABŞ-nin Virciniya ştatında yerləşən Tanqier adası həm dəniz səviyyəsinin yüksəlməsi, həm də əhalinin sürətlə azalması səbəbindən yox olmaq təhlükəsi ilə üzləşib.
1news.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Çesapik körfəzində yerləşən adanın əhalisi 1960-cı ildəki 876 nəfərdən hazırda təxminən 300 nəfərə qədər azalıb. Təkcə son beş ildə ölüm halları və köç səbəbindən ada 100-dən çox sakini itirib.
Adada yaşayanların orta yaşı 60-ı ötüb. Bu göstərici ABŞ üzrə orta yaş həddindən təxminən 20 il yüksəkdir. Tanqierin meri Ceyms Eskric CNN-ə açıqlamasında adada artıq körpələrin və azyaşlı uşaqların olmadığını deyib.
"Heç bir körpə yoxdur, heç bir azyaşlı uşaq yoxdur", - mer bildirib.
Onun sözlərinə görə, adanın tarixində ilk dəfə belə demoqrafik vəziyyət yaranıb.
Məktəbdə iki sinifdə şagird yoxdur, yeganə böyük market bağlanıb
Əhalinin azalması adanın sosial və iqtisadi həyatına da ciddi təsir göstərib. Hazırda Tanqierin yeganə təhsil müəssisəsi olan məktəbdə cəmi 34 şagird oxuyur. İki sinifdə şagird olmadığı üçün bəzi dərslər materikdə yaşayan müəllimlər tərəfindən distant qaydada keçirilir.
Ötən ay keçirilən məzuniyyət balına səkkizinci sinif və daha yuxarı siniflərdə təhsil alan bütün şagirdlər dəvət olunsa da, tədbirə 20-dən az şagird qatılıb.
Adanın ən böyük marketi olan "Daley & Son" isə təxminən bir il əvvəl bağlanıb və satışa çıxarılıb. Sakinlər bunun əsas səbəblərindən birinin materikdən ərzaq məhsullarının gətirilməsinin yüksək xərci olduğunu bildirirlər.
Hazırda ada sakinləri gündəlik tələbatlarını əsasən poçt qayığının yan aldığı körpüdə yerləşən kiçik mağazadan və ya materikdən sifariş verməklə qarşılayırlar.
Yengəc ovuna qoyulan məhdudiyyətlər köçü sürətləndirib
Yerli sakinlər hesab edirlər ki, əhalinin azalmasının başlıca səbəbi iş yerlərinin çatışmazlığıdır.
Virciniya ştatında 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində mavi yengəc ovuna tətbiq edilən sərt məhdudiyyətlər adanın əsas gəlir mənbələrindən birinə ciddi zərbə vurub. Nəticədə bir çox sakin dolanışıq üçün başqa ərazilərə köçmək məcburiyyətində qalıb.
Adanın keçmiş sakinlərindən olan 60 yaşlı Cil Pruitt də 18 yaşında dənizçilik təhsili almaq üçün Tanqieri tərk edib.
"Təxmin edirdim ki, Tanqier əvvəlki kimi qalmayacaq", - o deyib.
Bununla belə, adada yaşayanlar Tanqierin "tərk edilmiş" ərazi kimi təqdim olunması ilə razılaşmırlar. Daşınmaz əmlak agenti İren Levin son il yarım ərzində adaya 15 yeni ev sahibinin köçməsinə vasitəçilik etdiyini bildirib. O hesab edir ki, turizmin inkişafı Tanqierə yeni nəfəs verə bilər.
Tanqier ərazisinin üçdə ikisini itirib
Adanın üzləşdiyi digər ciddi təhlükə dəniz səviyyəsinin yüksəlməsi və sahil eroziyasıdır. Məlumata görə, Tanqier 1850-ci ildən bəri ərazisinin üçdə ikisini itirib.
Vəziyyəti ağırlaşdıran amillərdən biri də geoloji proseslər nəticəsində torpaq qatının çökməsidir. Dəniz səviyyəsindən cəmi 90 santimetr yüksəklikdə yerləşən adada hətta sakit havada belə ot örtüklü ərazilərdə su gölməçələri yaranır. Qabarma zamanı dəniz suları dar küçələrə, hətta məktəb binasının altına qədər çatır.
1990-cı ildə adanın qərb sahilində 4 milyon dollar dəyərində dalğaqıran tikilsə də, mütəxəssislər bu qurğunun ərazini qorumaq üçün kifayət etmədiyini bildirirlər.
Ştat rəhbərliyi adanı xilas etmək üçün yeni tədbirlər planlaşdırır
Təbii problemlərlə yanaşı, Tanqier maliyyə çətinlikləri ilə də üzləşib. Borclarını ödəyə bilməməsi və maliyyə hesabatlarını lazımi qaydada apara bilməməsi səbəbindən Virciniya ştatının rəhbərliyi qəsəbəni "maliyyə baxımından çətin vəziyyətdə olan icma" elan edib.
Qəsəbə şurasının üzvü Normand Sent-Pyerin sözlərinə görə, büdcə kəsiri ən azı 300 min dollar təşkil edir və yerli əhalinin bu məbləği ödəmək imkanı yoxdur.
Bununla yanaşı, sahil eroziyasının qarşısını almaq üçün yeni layihə üzərində iş aparılır. Plana əsasən, dalğaqıranın cənubunda aşınmaya məruz qalan sahil zolağının yaxınlıqdakı çaylardan çıxarılacaq qum vasitəsilə möhkəmləndirilməsi nəzərdə tutulur.
Çesapik Körfəzi Fondunun nümayəndəsi Tom Akkerman isə adanın qorunması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
"Tanqieri itirmək seçim deyil", - o bildirib.











