Obyektlər boş, qiymətlər yüksək: Bakının icarə bazarında vəziyyət necədir? - AQC sədri ilə MÜSAHİBƏ

Bakıda küçələrdə hərəkət edərkən bir çox kommersiya obyektinin üzərində "İcarəyə verilir" elanları ilə qarşılaşırıq. Paytaxtın müxtəlif ərazilərində, hətta insanların sıx hərəkət etdiyi küçələrdə belə aylarla boş qalan obyektlərə rast gəlinir.
Bunun əsas səbəblərindən biri obyekt sahibləri ilə potensial icarəçilərin qiymət gözləntiləri arasındakı fərqdir. Mülkiyyətçilər obyektlərini daha yüksək qiymətə icarəyə vermək istəyir, sahibkarlar isə daha münasib şərtlərlə obyekt axtarırlar. Nəticədə tərəflər arasında razılıq əldə olunmur və kommersiya sahələri uzun müddət istifadəsiz qalır. Digər tərəfdən, bəzi ərazilərdə icarə qiymətlərinin artması da müşahidə olunur.
Bəs kommersiya obyektlərinin icarə bazarında hazırkı vəziyyət necədir? Qiymətləri hansı amillər formalaşdırır? Sahibkarlar obyekt seçərkən nələrə diqqət etməlidirlər? Elektron ticarətin inkişafı gələcəkdə bu bazara necə təsir göstərə bilər?
Mövzu ilə bağlı 1news.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc kommersiya obyektlərinin icarə bazarındakı mövcud vəziyyəti, qiymət artımına təsir edən amilləri, uzun müddət boş qalan obyektlərin səbəblərini və sahibkarların diqqət etməli olduqları məqamları şərh edib.
– Hazırda Azərbaycanda kommersiya obyektlərinin icarə bazarındakı vəziyyəti necə qiymətləndirirsiniz? Qiymətlərdə artım müşahidə olunurmu?
– Kommersiya obyektlərinin icarə bazarında qiymət artımı selektiv xarakter daşıyır. Buna manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, inflyasiya və bazar iştirakçılarının gözləntiləri təsir göstərir. Lakin bu artım bazarda ümumi aktivliyin yüksəlməsi demək deyil.
Hazırda kommersiya obyektlərinə tələbat əvvəlki illərlə müqayisədə yüksək deyil. Buna baxmayaraq, bazardakı passivlik icarə qiymətlərinin aşağı düşməsinə səbəb olmur. Əsas səbəblərdən biri obyekt sahiblərinin yüksək qiymət gözləntiləridir. Eyni zamanda, bazarda artıq formalaşmış icarə qiymətləri də kifayət qədər yüksəkdir. Beləliklə, aktivliyin zəif olduğu şəraitdə belə, müəyyən obyektlər üzrə qiymət artımı davam edir.
– Son dövrlər paytaxtın bəzi ərazilərində kommersiya obyektlərinin uzun müddət boş qaldığı müşahidə olunur. Bunun əsas səbəbləri nələrdir?
– Bu, ilk növbədə, bazarda müşahidə olunan selektiv durğunluqla əlaqədardır. İqtisadi aktivliyin arzuolunan səviyyədə olmaması və bəzi kommersiya obyektlərinin gözlənilən gəliri təmin edə bilməməsi sahibkarların həmin məkanları tərk etməsinə səbəb olur.
Belə obyektlər, adətən, müəyyən müddətdən sonra başqa fəaliyyət sahəsində çalışan sahibkarlar tərəfindən icarəyə götürülür. Lakin gəlir əldə etmək imkanları məhdud olan və icarə haqqı yüksək müəyyənləşdirilən obyektlər uzun müddət boş qala bilir. Sahibkar ödəyəcəyi icarə haqqının müqabilində kifayət qədər gəlir əldə edə bilməyəcəyini düşündükdə həmin obyektə maraq göstərmir.
Bu prosesə əhalinin alıcılıq qabiliyyəti də təsir edir. İstehlak xərclərinin azalması, ailə büdcələrinin yenidən planlaşdırılması və qənaət tədbirləri ticarət və xidmət sahələrində gəlirliliyi aşağı sala bilər. Nəticədə bəzi sahibkarlar fəaliyyətlərini dayandırmaq və ya başqa əraziyə köçmək məcburiyyətində qalırlar.
Digər tərəfdən, əməkhaqqı, vergilər və kommunal xidmətlər üzrə ödənişlər sahibkarların əməliyyat xərclərini artırır. Rəqabətin güclənməsi də bəzi obyektlərin müştəri bazasını itirməsinə və nəticədə fəaliyyətini dayandırmasına gətirib çıxarır.
Şəhərsalma və infrastruktur sahəsində qəbul edilən qərarlar da kommersiya obyektlərinin cəlbediciliyinə təsirsiz ötüşmür. Ərazidə aparılan yenidənqurma işləri və infrastruktur dəyişiklikləri obyektlərin müştəri axınına və gəlir imkanlarına təsir göstərə bilər.
Bununla yanaşı, XXI əsrin əsas tendensiyalarından biri olan elektron ticarətin və onlayn xidmətlərin genişlənməsi də gələcəkdə fiziki kommersiya obyektlərinə tələbatı azalda bilər. Hazırda bu təsirləri tam qiymətləndirmək çətin olsa da, elektron ticarətin inkişafı bəzi obyektlərin icarə qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər.
– Hazırda hansı ərazilərdə yerləşən kommersiya obyektlərinə tələbat daha yüksəkdir?
– Hazırda metro stansiyalarının ətrafında və sıx məskunlaşmış yaşayış massivlərində yerləşən obyektlərə tələbat daha yüksəkdir. Bu amil həmin ərazilərdə icarə qiymətlərinin artmasına da təsir göstərir.
Bununla yanaşı, kommersiya fəaliyyəti üçün əlverişli hesab edilən bəzi obyektlərdə qiymətlərin sabit qalması, hətta azalması da müşahidə olunur.
Ümumilikdə, kommersiya obyektinin cəlbediciliyini müəyyən edən əsas amillərdən biri onun gəlir gətirmək potensialıdır. Sahibkar üçün ərazidəki müştəri axını, insanların hərəkət intensivliyi və biznesin rentabelliyi xüsusi əhəmiyyət daşıyır. Buna görə də obyektin yalnız sahəsi və yerləşməsi deyil, real kommersiya imkanları da qiymətləndirilməlidir.
İcarə bazarında qiymət artımı ümumi xarakter daşımır. Bu tendensiya daha çox əlverişli ərazilərdə yerləşən və yüksək gəlir potensialına malik obyektlərdə özünü göstərir.
– İcarə qiymətlərinin formalaşmasına təsir edən əsas amillər hansılardır?
– Qiymətlərin formalaşmasında əsas amil obyektin yerləşdiyi ərazinin iqtisadi və kommersiya potensialıdır. Xüsusilə şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən obyektlər digər məkanlarla müqayisədə daha yüksək qiymətə təklif olunur. Bunun başlıca səbəbi iş mərkəzlərinin, dövlət və ictimai obyektlərin, eləcə də potensial müştəri axını yaradan məkanların əsasən həmin ərazilərdə cəmləşməsidir.
İnfrastrukturun inkişaf səviyyəsi də qiymətlərə birbaşa təsir göstərir. Bundan başqa, ərazidə həyata keçirilən yenidənqurma və infrastruktur layihələri obyektlərin kommersiya cəlbediciliyini artıra bilər. Parkların salınması, tunellərin və digər infrastruktur obyektlərinin tikintisi həmin ərazilərin gələcəkdə daha əlverişli biznes məkanlarına çevrilməsi üçün zəmin yaradır.
Xüsusilə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan çərçivəsində nəzərdə tutulan layihələr həm hazırda, həm də gələcəkdə ayrı-ayrı ərazilərin kommersiya potensialına və icarə qiymətlərinə təsir göstərə bilər.
Obyektin sahəsi də qiymətə təsir edən amillərdəndir. Hazırda daha kiçik sahəli obyektlərə üstünlük verilir. Belə məkanlar icarə xərclərinin nisbətən aşağı olması və idarəetmə baxımından daha əlverişli imkanlar yaratması ilə seçilir.
Təmir vəziyyəti də mühüm meyarlardandır. Təmirli qeyri-yaşayış sahələri, adətən, təmirsiz obyektlərlə müqayisədə daha yüksək qiymətə təklif olunur.
– Kommersiya obyekti icarəyə götürərkən sahibkarlar ilk növbədə hansı məqamlara diqqət etməlidirlər?
– İlk növbədə, obyektin hüquqi sənədləri araşdırılmalıdır. Onu icarəyə verən şəxsin mülkiyyətçi olub-olmadığı və ya icarəyə vermək üçün müvafiq səlahiyyətinin mövcudluğu yoxlanılmalıdır.
Növbəti vacib məsələ obyektin təyinatıdır. Bir çox ərazidə mənzil təyinatlı sahələrin qeyri-yaşayış obyekti kimi istifadə edildiyinə rast gəlinir. Hazırda belə hallar mövcud olsa da, gələcəkdə bu, sahibkarlar üçün ciddi hüquqi və inzibati problemlər yarada bilər. Çünki hər bir obyektin qanunvericiliklə müəyyən edilmiş təyinatına uyğun istifadəsi tələb olunur.
Bundan başqa, yanğın və sanitariya təhlükəsizliyi tələbləri də nəzərə alınmalıdır. Bu qaydalara əməl edilməməsi cərimələrə və sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına səbəb ola bilər. İcarə müqaviləsinin düzgün hazırlanması, tərəflərin hüquq və öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi də vacib şərtlərdəndir.
Sahibkar obyekt seçərkən həmin məkanda həyata keçirməyi planlaşdırdığı fəaliyyət növünün əraziyə uyğunluğunu da qiymətləndirməlidir. Müştəri axını, rəqabət mühiti, alternativ bazarlar və obyektin kommersiya potensialı araşdırılmalıdır.
Ümumiyyətlə, sahibkar qərar verərkən şəxsi təxminlərə deyil, konkret biznes planına əsaslanmalıdır. Həm fəaliyyət göstərəcəyi sahənin, həm də seçdiyi obyektin imkanlarını əvvəlcədən təhlil etməsi vacibdir.








