1news.az

144 yaşlı Azərbaycan mətbuatı: çətin və şərəfli yola nəzər salarkən – RƏYLƏR

22 İyul saat 17:20 ~ 10 dəqiqəlik oxu 396
144 yaşlı Azərbaycan mətbuatı: çətin və şərəfli yola nəzər salarkən – RƏYLƏR

Bu gün Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur.

144 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.

Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi.

Milli mətbuatımız üzərinə düşən çətin və şərəfli missiyanı bu gün də layiqincə davam etdirir. Ölkəmizin aparıcı qəzetlərinin baş redaktorları 1news.az-a müsahibələrində bu fikri təsdiq etməklə yanaşı, mətbuatımızın hazırkı durumu və gələcək inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

“Azərbaycan mətbuatı öz inkişaf tarixində uzun və mürəkkəb yol keçib”

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycan mətbuatı öz inkişaf tarixində uzun və mürəkkəb yol keçib. Mətbuatımızın inkişafı isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

“Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi:

Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi İnformasiya Vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir”.

H.Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü:

“İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı. Bunun ardınca bütövlükdə mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən bir tədbir görüldü. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" sərəncamı ilə bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi substrat oldu. Kütləvi informasiya vasitələrinin (KİV) “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi prosesi ulu öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Buna paralel olaraq, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görüldü.

Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları aradan qalxdı. Yəni, sözügedən çəkişmələr tədricən bitməyə başladı və nəticə etibarilə özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin sayı artdı. Bu da mövcud jurnalistik meyillərin müsbətə doğru irəliləməsinə xüsusi töhfə və təkan verdi”.

Baş redaktor əlavə edib ki, mətbu azadlıqların təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı. Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə idi:

“Hesab etmək olar ki, Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş – “KİV haqqında” qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticədə 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçdi. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir”.

“Mediamız Azərbaycanın dövlət, milli və ictimai maraqlarına xidmət edir”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, son illər ərzində ölkəmizdə medianın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bir sıra istiqamətlərdə mühüm irəliləyişlər əldə olunub:

“Şübhəsiz ki, dövlətin jurnalistlərin sosial müdafiəsi istiqamətində atdığı addımlar mühüm əhəmiyyət kəsb edir. Bunlar dövlət tərəfindən təmənnasız olaraq mediaya verilən dəstəkdir. Başqa bir aspekt isə ondan ibarətdir ki, konseptual müstəvidə medianın inkişafı ilə bağlı həyata keçirilən siyasət nəticəsində Azərbaycan mətbuatının xarici təsirdən asılılığına son qoyulub. Faktiki olaraq bu gün Azərbaycan mediası, əksər media qurumları Azərbaycan dövləti tərəfindən dəstək görür və müstəqil şəkildə inkişaf edərək Azərbaycanın dövlət, milli və ictimai maraqlarına xidmət edir.

Digər mühüm aspektlərdən biri Azərbaycan mediasının, xüsusən də internet resursların dünyaya açılmasıdır. Bu gün Azərbaycanda br neçə dildə fəaliyyət göstərən media qurumları var ki, onlara artıq beynəlxalq müstəvidə istinad olunur. İnformasiya məkanında Azərbaycan jurnalistləri daha fəal olmağa başlayıblar. Eyni zamanda jurnalistlərimizin peşəkarlığının artırılması istiqamətində də mühüm nailiyyətlər əldə edilib”.

Media sahəsində mövcud olan problemlərdən danışan baş redaktor jurnalistlərin peşəkarlığı artdıqca, mediamızın maddi-texniki bazası gücləndikcə bu problemlərin də aradan qalxacağına əminliyini ifadə edib:

“Təbii ki, problemlər də var. Bu ilk növbədə peşəkarlıqla, eləcə də KİV haqqında qanunun prinsiplərinə əməl edilməməsi ilə bağlıdır. Hələ də “reket” adlandırdığımız, yəni, jurnalistikadan öz korporativ maraqları naminə cinayət yolu ilə vəsait əldə etmək üçün  istifadə edən resurslar var. Hesab edirəm ki, jurnalistlərin peşəkarlığı artdıqca, mediamızın maddi-texniki bazası gücləndikcə bu problemlər də aradan qalxacaq”.

E.Mirzəbəyli Prezident İlham Əliyevin Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında bu gün imzaladığı sərəncama da toxunub.

“Yazılı mətbuat Azərbaycan tarixinin salnaməsidir. Hər kəsə məlumdur ki, yazılı mətbuat olmadan tarixi qoruyub saxlamaq mümkün deyil. Azərbaycan Prezidenti mütəmadi olaraq yazılı mətbuata dəstək verir. Biz bu dəstəyin ardıcıl şəkildə həyata keçirilməsinin şahidi oluruq. 2008-ci ildə KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyasının hazırlanıb həyata keçirilməsi məhz cənab Prezidentin yazılı mediaya olan diqqətinin nümunəsidir. Bu istiqamətdə ardıcıl şəkildə mətbuata əlavə yardımlar edilir. Cənab Prezident yazılı mətbuatın necə böyük əhəmiyyət daşıdığını çox yaxşı bilir və medianın bugünkü reallıqlara uyğun şəkildə özünü təqdim etməsi üçün bütün imkanları yaradır. Mən də qəzet baş redaktoru kimi ölkə Prezidentinə bu dəstəyə görə dərin minnətdarlığımı bildirirəm”.

“Bu gün də Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır”

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də bildirib ki, Azərbaycan mətbuatı 144 il ərzində kifayət qədər şərəfli bir yol keçib. Onun sözlərinə görə, bu gün də Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır:

“Hazırda ölkəmizdə çap mətbuatı ilə yanaşı elektron media qurumları sürətlə inkişaf edir. Əhalinin 85 faizdən çoxunun İnternet istifadəçisi olması isə xüsusi qeyd edilməlidir. Çünki bu, çox böyük göstəricidir.

Dövlət başçısı daim mətbuatımızın inkişafı, iqtisadi imkanlarının yaxşılaşması üçün kifayət qədər qərarlar verməklə yanaşı davamlı şəkildə bunu həyata keçirir. Onlarla sərəncam və fərman imzalanıb ki, onlar mətbuatın inkişafına çox böyük təkan verib. Bəzi məqamlar var ki, Azərbaycan mətbuatının tarixində çox əlamətdar hadisələrdir. Misal üçün, 1998-ci ildə mətbuat üzərindən dövlət nəzarət mexanizminin, yəni, senzuranın aradan qaldırılması, yaxyd da Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması tarixi hadisələrdir”.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında bu gün imzaladığı sərəncama da toxunan V.Rəhimzadə bu cür yardımların davamlı və sistemli xarakter daşıdığını söyləyib:

“Qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı fərdi yazı müsabiqələrinin keçirilməsi və digər mühüm işlər mətbuatımızın inkişafına öz təhfəsini verir. Cənab Prezident daim mətbuata, jurnalistlərə dəstək olub. Bu gün Onun imzaladığı son sərəncam bu dəstəyin, qayğının bariz nümunəsidir”.

B.Cahandarov

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net