Zakir Həsənov: “Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olunur” -FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov: “Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olunur” -FOTO

15:24 - 02 / 12 / 2015
Zakir Həsənov: “Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olunur” -FOTO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb. 

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, məktəbin zabit və kursant heyətinin, pedoqoji kollektivinin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri üzrə qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkəmizdə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.

Nazirin sözlərinə görə, hələ keçmiş sovetlər dövründə xalqımızın ümummilli lideri Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib. 

“Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər”, - deyə nazir bildirib.

Kursantlara ulu öndər Heydər Əliyevin irsindən nümunə götürməyi tövsiyə edən nazirin sözlərinə görə, onlar bu məktəbdə təhsil almalarından iftixar hissi duymalı, zabit olmağı qarşısına məqsəd qoyan hər kəs dövlətə və xalqa sədaqəti, nizam-intizamı, mənəvi dəyərlərə bağlılığı ilə seçilməlidir. 

Müdafiə naziri çıxışında son illər Azərbaycan xalqı və dövləti, şəxsən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar alınır. 

“Artıq ordunun təchizatında ən müasir silahlar vardır. Bu dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır”, -  deyə Zakir Həsənov bildirib.

Görüşdə Müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.

1news.az

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər