Üçüncü “Mövsüm Səyahət Yarmarkası”nda 25 şirkət iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Üçüncü “Mövsüm Səyahət Yarmarkası”nda 25 şirkət iştirak edib

12:46 - 14 / 11 / 2015
Üçüncü “Mövsüm Səyahət Yarmarkası”nda 25 şirkət iştirak edib

Noyabrın 14-də “Park Bulvar” alış-veriş mərkəzində üçüncü “Mövsüm Səyahət Yarmarkası” təşkil edilib.

1news.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən təşkil olunan yarmarka daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Yeni il turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə keçirilir.

Tədbirdə AZTA-nın icraçı direktoru Aytən Əliyeva bildirib ki, artıq üçüncü dəfədir reallaşan yarmarkada ümumilikdə 25 şirkət iştirak edib. Onlardan 19-u turizm şirkətlərinin stendidir. Bunların arasında turizm sektorunda öz sözünü demiş şirkətlərlə yanaşı, bazara yeni çıxanlar da var. Turizm şirkətlərindən başqa yarmarkada mehmanxana və aviakompaniyaların stendləri də var ki, burada ziyarətçilərə müxtəlif xarici istiqamətlərə turizm paketləri və eləcə də ölkədaxili otellərdə Yeni il bayramı proqramı təklif olunur.

Qeyd edək ki, yarmarkada daxili və xarici turizm məhsulları insanlara təqdim olunub və hər bir turizm şirkətinin stendinin qarşısında həmin qurumu təmsil edən nümayəndələr xidmətləri haqqında məlumat verib. Bu məlumatlar yalnız şifahi şəkildə deyil, çap məhsulları – reklam materialları, bukletlər, kataloqlar vasitəsilə ziyarətçilərə çatdırılıb. Ziyarətçilər mükafatlı müsabiqələrdə iştirak etməklə iki nəfərlik ölkədaxili və xarici ölkələr üçün Yeni il turları, müxtəlif hədiyyələr əldə ediblər.

Günün sonunadək davam edən yarmarkada iştirakçı şirkətlərin təqdimatları keçirilib. Tədbirin sonunda ABŞ-ın caz ifaçısı Gabriel Stravelli və onun qrupu (Jim Riedl piano, Patrick O'Leary bas, İordaniya Young zərb alətləri) çıxış edib.

1news.az

 

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər