AXCP-dən bəyanat: "Əli Kərimli və onu yaxın ətrafı dövlətçiliyimiz, Azərbaycan vətəndaşlarının sabitliyi üçün potensial təhlükədir" | 1news.az | Xəbərlər
Siyasət

AXCP-dən bəyanat: "Əli Kərimli və onu yaxın ətrafı dövlətçiliyimiz, Azərbaycan vətəndaşlarının sabitliyi üçün potensial təhlükədir"

11:46 - 11 / 12 / 2015
AXCP-dən bəyanat: "Əli Kərimli və onu yaxın ətrafı dövlətçiliyimiz, Azərbaycan vətəndaşlarının sabitliyi üçün potensial təhlükədir"

“Əli Kərimlinin müavininin həbs olunması, dövlət əleyhinə açıq çağırışlarda, milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin yaranmasında ittiham olunması Ədliyyə Nazirliyinin Əli Kərimlini AXCP sədri kimi tanımamaqda nə dərəcədə haqlı olduğunu bir daha göstərir. İnanırıq ki, məhkəmə də ədalətli qərar verəcək”.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında bildirilir.

Partiyanın bəyanatında Əli Kərimli və onu yaxın ətrafının dövlətçiliyimiz, Azərbaycan vətəndaşlarının sabitliyi üçün potensial təhlükə olması vurğulanır. Qeyd olunur ki, bu şəxslər AXCP-ni təmsil edə bilməzlər:

“AXCP hər zaman Azərbaycan dövlətçiliyinin qarantı olub. Tolerantlıq, milli məfkurə bu təşkilatın təməl prinsiplərindəndir. Xalq Cəbhəsi üçün vacib olan əsas amal və məqsəd dövlətin qorunması, milli kimliyimizin müdafiəsidir. Ekstremizmin əleyhinə olan təşkilat daxildə vətəndaş müharibəsinin hər zaman rədd edib və cəmiyyət 1993-cü ilin iyun qiyamı zamanı bunun şahidi olub. Daxildə vətəndaş müharibəsi ehtimalının gücləndiyini, xarici qüvvələrin bunda maraqlı olduqlarını görən liderimiz Əbülfəz Elçibəy hakimiyyətdən belə geri çəkilmişdir.

Bu, AXCP-nin tarixidir. Lakin bu gün AXCP adına iddia edən, bir zaman Elçibəyin müavini olan Əli Kərimli və ölkəyə demokratiya vəd edən Milli Şura dini ektremizmə yuvarlanır. Aydın olan budur ki, bu adamlar hakimiyyəti ələ keçirmək üçün istənilən cəhdə hazırdırlar və partiya missiyasından, AXCP dəyərlərindən, demokratiyanın təməl prinsiplərindən kənara çıxıblar. Dünyada və ölkədə çox həssas proseslərin baş verdiyi bir zamanda Əli Kərimlinin müavininin ölkə daxilində iğtişaşa, xaosa çağırış etməkdə ittiham olunması onu göstərir ki, bu insanların Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etməyə hüquqi haqları olmadıqları kimi mənəvi haqları da yoxdur. Çünki Fuad Qəhrəmanlının sosial şəbəkələrdəki bu çağırışları ölkədə xaos yaratmağa və iğtişaşlar törənməsinə hesablanmış addım idi. Fuad Qəhrəmanlı Əli Kərimlinin siyasi işlər üzrə müavinidir, bu, o deməkdir ki, Fuad Qəhrəmanlının mövqeyi əslində təmsil etdiyi qurumun və elə öz sədrinin mövqeyidir. Fuad Qəhrəmanlı bir qurbandır. Əli Kərimli özü hakimiyyətin siyasəti ilə uzlaşan yazılar yazarkən onun müavini qanunsuz çağırışlar etmişdir. Əli Kərimli isə onu daha da qızışdırmış, özünü isə qorumuşdur.

Bunu əsas tutaraq, Fuad Qəhrəmanlının qurban olduğunu düşünür və əsl günahkarın Əli Kərimli olduğunu vurğulayırıq. Bir daha bəyan edirik ki, əsl AXCP bizik və əsas qayəmiz dövlətçiliyimizin, xalqımızın təhlükəsizliyi və rifahıdır. Çünki bu, Xalq Cəbhəsinin təməl prinsipləridir və biz bu prinsipləri əsas tutaraq, fəaliyyətimizi davam etdiririk. Həssas məqamlarda istər iqtidar, istər müxalifət - hər kəsin əsas vəzifəsi şəhid qanları hesabına qurduğumuz, əzabla bu günə kimi saxladığımız dövlətçiliyimizin qorunmasıdır.

AXCP olaraq hesab edirik ki, Ədliyyə Nazirliyi ədalətli mövqe göstərməli, bizim hüquqi haqqımızı bərpa etməli, AXCP olaraq bizi qeydə almalıdır. Artıq bu məsələ Əli Kərimlinin xeyrinə həll olunarsa, o zaman hökumət silahlı üsyan yolu ilə hakimiyyətə gəlmək istəyən şəxsə mandat vermiş sayılacaq. Biz inanırıq ki, Ədliyyə Nazirliyi də, məhkəmə də doğru, ədalətli qərar vermək gücündə olacaq”.

Paylaş:
1916

Son xəbərlər

Bütün xəbərlər