Azərbaycan-İtaliya münasibətlərinin inkişafına töhfə verənlər mükafatlandırılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-İtaliya münasibətlərinin inkişafına töhfə verənlər mükafatlandırılıb - FOTO

01:40 - 12 / 12 / 2015
Azərbaycan-İtaliya münasibətlərinin inkişafına töhfə verənlər mükafatlandırılıb - FOTO

Romada “Gələcəyə doğru birlikdə” mövzusunda növbəti illik konfrans keçirilib.

Bu kimi konfransların məqsədi Azərbaycan və İtaliya arasındakı əlaqələrin daha da inkişaf etməsinə öz töhfələrini verən İtaliya parlamentinin üzvləri, bu ölkənin qeyri-hökumət təşkilatlarının nümayəndələri, mədəniyyət, təhsil və elm xadimləri, aparıcı tədqiqatçılar, jurnalistlər, iş adamları və digər sahələrdə çalışanları bir araya gətirərək cari il ərzində görülmüş işlər və növbəti illərdə səmərəli fəaliyyətin davam etdirilməsi haqqında fikir mübadiləsinin aparılmasıdır.

Tədbiri açan Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə töhfə verənlərə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, hər zaman yüksək səviyyədə olan Azərbaycan-İtaliya əlaqələri cari il bütün sahələrdə daha da inkişaf edib. Avropa İttifaqı çərçivəsində ölkəmizin önəmli tərəfdaşı olan İtaliya ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrimiz davamlı inkişafa əsaslanır. Ölkələrimizin dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri, qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”, birgə həyata keçirilən layihələr əlaqələrimizin dərinləşməsinə təkan verməkdədir. İtaliya Azərbaycan ilə daha sıx bağların qurulmasına böyük maraq göstərir.

Ölkəmizdə mövcud multikultural mühitdən bəhs edən V.Sadıqov vurğulayıb ki, müxtəlif dinlərin nümayəndələrinin sülh içində birgəyaşayışı və tolerantlıq Azərbaycanda tarixən formalaşmış ənənələrdir. O deyib: “Beynəlxalq aləmdə tüğyan edən gərginlikləri nəzərə alsaq, bu amil böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, Azərbaycanın sülh və sabitlik üçün təklif etdiyi modellər beynəlxalq aləmdə gərginliklərin səngiməsinə töhfə verəcək”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birliyin, o cümlədən İtaliyanın müvafiq istiqamətdə dəstəyi bizim üçün çox vacibdir.

Sonda səfir ölkələrimiz arasında əlaqələrin güclənməsinə töhfə verənlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və müvafiq istiqamətdə səylə çalışacaqlarına ümidvar olduğunu bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov xalqlarımız arasında yaxın dostluq əlaqələrinin olduğunu vurğulayıb, ölkəmizin sürətli inkişafından, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli aktora çevrilməsindən, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən və dövlət idarəçiliyinin müasirləşdirilməsinə yönələn islahatların tərkib hissəsi olaraq “ASAN xidmət”in yaradılması uğurlu addımdır. Belə bir qurumun təsis olunması dövlətlə vətəndaşların yaxınlaşmasına xidmət edir.

İtaliyaya səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verən İnam Kərimov bildirib ki, italiyalı həmkarları ilə söhbət zamanı məhz müvafiq sahədə innovasiyaların tətbiqi, əməkdaşlığımızın genişləndirilməsi, təcrübə mübadiləsi kimi məsələlər diqqət mərkəzində olub. Xüsusilə, İtaliyanın Baş nazirinin ofisi yanında dövlət idarəçiliyi üzrə departamenti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması bu ölkənin aidiyyəti institutları ilə səmərəli əməkdaşlığın əsasının qoyulması üçün önəmli addım oldu.

İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sercio Divina çıxış edərək ölkələrimizin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, son illər xeyli sayda italiyalı parlamentarilər Azərbaycana səfərlər edərək burada digər ölkələr üçün nümunə ola biləcək yüksək multikultural mühitlə yaxından tanış olmaq imkanı əldə ediblər. TAP layihəsinin Avropa və İtaliya üçün önəminə toxunan S.Divina bu layihənin reallaşması ilə enerji əlaqələrimizin daha da dərinləşəcəyinə əminliyini bildirib.

Tədbirdə çıxış edən İtaliya–Azərbaycan Ticarət İnstitutunun (ITAZERCOM) prezidenti xanım Manuella Traldi rəhbərlik etdiyi qurumun fəaliyyətinə toxunub. O, qurumun işinə dəstək göstərənlərə minnətdarlığını bildirərək Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlığın önəmini vurğulayıb.

Sonra cari il ərzində Azərbaycan-İtaliya münasibətlərinin genişləndirilməsi işində fərqlənmiş vətəndaş cəmiyyəti, mədəniyyət, nəşrlər, elm-tədqiqat, mətbuat və iqtisadiyyat kateqoriyaları üzrə səfirliyin təşəkkür sertifikatları təqdim olunub. Mükafat qazanmış konfrans iştirakçıları ölkələrimiz arasında münasibətlərin inkişafına bundan sonra da töhfə verəcəklərini qeyd edərək fəaliyyətlərinə göstərilən qiymətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda Azərbaycanın “Milan Expo 2015” Ümumdünya Sərgisindəki iştirakından bəhs edən film nümayiş olunub.

Paylaş:
1007

Son xəbərlər

Bütün xəbərlər