İslamabadda Ulu Öndərin Azərbaycanın müasir tarixindəki xidmətlərindən söhbət açılıb
Azərbaycanın Pakistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimində Ulu Öndərin ölkəmizin tarixindəki mühüm rolu, dövlət quruculuğu sahəsində həyata keçirdiyi siyasət haqqında məlumat verilib.
Qeyd olunub ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik və sosial-iqtisadi tərəqqi əldə edilib, Azərbaycan xalqının milli maraqlarının əsas götürüldüyü xarici siyasət xətti formalaşdırılıb, ölkəmiz regionun və dünyanın mühüm dövlətinə çevrilib. Bütün bu uğurlar Ümummilli Liderin gərgin əməyinin, yorulmaz fəaliyyətinin və yuxusuz gecələrinin hesabına başa gəlib. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bütün sahələrdə yürütdüyü siyasət, onun rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, qlobal əhəmiyyətli layihələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra İslamabaddakı Bari İmam ziyarətgahında Ümummilli Liderin ruhuna dualar oxunub, ehsan verilib.
Pakistanın “Diplomatic Star” jurnalında, “Pakistan in the world” və “Daily Azkaar” qəzetlərində “Heydər Əliyevi, Azərbaycanın böyük rəhbərini anarkən” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Ümummilli Liderin Azərbaycan xalqının rifahı, dövlətçiliyinin qorunması və inkişafı yolundakı misilsiz xidmətlərindən bəhs edilir.