Əli Həsənov: Əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müsahibəsini təqdim edirik:
- Əli müəllim, məlum olduğu kimi dünən Mərkəzi Bankın İdarə Heyəti ölkə ərazisində manatın “üzən məzənnə rejimi”nə keçilməsi barədə qərar qəbul edib. Bununla bağlı cəmiyyətdə müxtəlif rəylər və təhlillər səslənir. Sizcə bu qərar hansı zərurətdən irəli gəlib və ölkədə bu sahə üzrə sonrakı proseslərə necə təsir göstərəcək?
- Bildiyiniz kimi, Azərbaycan hakimiyyəti milli valyutamızın sabit qalması üçün dünənə qədər mümkün olan bütün addımları atdı və tədbirləri gördü. Baxmayaraq ki, əksər neft istehsal edən ölkələr, o cümlədən Azərbaycanın yaxın ticarət və iqtisadi tərəfdaşları, MDB ölkələri öz pul siyasətlərinə xeyli əvvəl dəyişiklik etmişdilər. Mütəxəssislər yaxşı bilir ki, müdaxilə yolu ilə valyutanın sabitliyinin qorunması dövlətə nə qədər çətin itkilər hesabına başa gəlir. Lakin o da bəllidir ki, “üzən kurs”a keçid də çəmiyyət üçün itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər gətirir, dövlətin daxili həyatına, ictimai rəyə mənfi təsirsiz ötüşmür. Son günlər Azərbaycanda hamıya bəlli idi ki, “üzən kurs”a keçid prosesi qaçılmaz həddə çatıb və Milli Bank bununla hesablaşmaq məcburiyyətindədir.
Bilirsiniz ki, neçə vaxtdır dünyada iqtisadi böhran yaşanır, ölkələrin əksəriyyətində milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. İqtisadi qüdrətindən və potensialından asılı olmayaraq, əksər ölkələrdə - dünyanın ən qüdrətli dövlətlərindən olan Çindən tutmuş, kiçik dövlətlərə qədər – bütün ölkələrdə milli valyuta sürətlə dəyərdən düşür. Bizim ən yaxın ticarət tərəfdaşlarımız – Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və digərlərinin milli valyutaları çoxdan sərbəst buraxılmışdı ki, bu da onlarla iqtisadi və ticarət əlaqələrimizə problemlər yaradırdı. Azərbaycanın daxili istehsalı manatın sabit və yüksək kursu səbəbindən getdikcə aşağı düşürdü. Belə bir vəziyyətdə, manatın kursunun sərbəstləşdirilməsi qaçılmaz idi. Yalnız Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək prosesləri mümkün qədər ağrısız etməyə və ləngitməyə çalışırdı. Amma, bilirsiniz ki, ölkəmiz qlobal dünyanın bir hissəsidir və biz də planetimizdə yaşanan iqtisadi proseslərlə ayaqlaşmaq, buna uyğunlaşmaq məcburiyyətində qaldıq.
Bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycan neft ölkəsidir və bizim kimi ölkələr dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması faktorunu nəzərə almaya bilməz. Bu ilin əvvəlindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu hal müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Əsas gəlir mənbəyi neft olan digər ölkələr, o cümlədən bizim yaxın qonşularımız artıq bu ilin əvvəlindən milli valyutalarının kursunu sərbəst buraxmaq məcburiyyətində qaldığı halda, Azərbaycan Milli Bankı bu kəsiri uzun müddət öz ehtiyyatları hesabına ödəməyə çalışdı. Lakin bu prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi. Çünki dünya bazarlarında neftin qiymətlərinin yaxın vaxtlarda bahalaşmayacağı hamıya aydındır. Təbii ki, bu, yalnız obyektiv bazar qanunları ilə bağlı proses deyil, ortada suvyektiv səbəblər də var və bunun ən başlıcası ABŞ-Rusiya münasibətləridir.
Hadisələri izləyən hər kəs üçün aydındır ki, Rusiya ilə geosiyasi rəqabətin gücləndiyi bir şəraitdə Birləşmiş Ştalar öz rəqibini iqtisadi cəhətdən zəiflətmək üçün dünya bazarında neftin qiymətlərinə süni yolla təsir göstərmək siyasətini seçib. Bunun üçün Vaşinqton əvvəlcə OPEK-i nəzarətə götürdü və bu təşkilatın qiymətlərlə bağlı qərar qəbul etmək imkanını müxtəlif üsullarla məhdudlaşdırdı. Bunun ardınca Birləşmiş Ştatlar xaricə neft satışına qoyulmuş 40 illik qadağanı ləğv etdi. Nümayəndələr Palatasının bu qadağanın ləğvi barədə qanun layihəsini dəstəkləməsi dünya bazarlarına neftin sürətlə ucuzlaşması fonunda baş verirdi.
Bu qərarı da iqtisadiyyat qanunları ilə izah etmək mümkün deyil. Çünki ABŞ neft satışına qiymətin rekord həddə yüksək- az qala, 150 dollar olduğu zaman deyil, rekord həddə ucuz – 37 dollar olan zaman başlaması sübut edir ki, məqsəd, qanun layihəsinə göstərildiyi kimi, “iqtisadi inkişaf və istehsalatın artmasından çox, qiymətlərin bu yolla tənzimlənməsindən” gedir. Nəhayət, neft satışına qoyulan qadağanın ləğvi ilə eyni vaxtda ABŞ Federal Rezerv Sisteminin uçot dərəcəsini artırması da dolların mövqeyini möhkəmləndirməklə yanaşı, digər ölkələrin valyutalarını zəiflətdi. Bu, onsuz da ucuzlaşmış nefti bir qədər də qiymətdən saldı və nəticədə neft satan ölkələrin gəliri daha da azaldı. Azərbaycanın qonşusu olan İranın da gələn ildən öz neftini dünya bazarına çıxartmağa hazırlaşdığını nəzərə alsaq, bu prosesin yaxın vaxtlarda nizama düşməsi çöx mürəkkəb görünür.
Bir sözlə, dünyadakı iqtisadi böhran, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması, üstəlik beynəlxalq konyuktura, neftin kəskin ucuzlaşması və s. Milli Bankın son qərarını qaçılmaz edib. Lakin bu o demək deyil ki, hakimiyyət bu prosesi öz axarına buraxıb heç bir tənzimləyici mexanizmlərdən istifadə etməyəcək. Hökumətimiz İlk növbədə, çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini – monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Və vətəndaşlarımız əmin olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcəkdir.
- Bu yaxınlarda ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim edib. Bu təşəbbüsü necə qiymətləndirirsiniz və onun perspektivini necə görürsünüz?
- Bilirsiniz, Azərbaycan belə məsələlərə yanaşmada ayrı-ayrı ermənipərəst siyasətçilərin deyil, tərəfdaş olduğu dövlətlərin rəsmi mövqeyini əsas götürür və siyasətini də bu mövqeyə uyğun olaraq qurur. Kris Smitin bu qərəzli addımı isə hələ ABŞ rəsmilərinin və Ağ Evin mövqeyi demək deyil.
Bu konqresmeni Azərbaycanda yaxşı tanıyırlar, onun hələ 2000-ci illərdən mütəmadi olaraq ermənipərəst bəyanatlar və təşəbbüslərlə çıxış etdiyini, hər vəcdlə Azərbaycanın ABŞ-la münasibətlərinə kölgə salmağa çalışdığını, özünü Koqresdə seçildiyi Nyu-Cersinin deyil, sanki Ermənistanın Abovyan vilayətinin təmsilçisi kimi apardığını çox yaxşı bilirik.
Kris Smit ABŞ-ın qondarma “erməni soyqırımı”nı tanıması üçün canfəşanlıq edən çoxsaylı ermənipərəst konqresmenlərdən biridir. Elə bu il ərzində o bir neçə dəfə “soyqırım”ın tanınması zərurəti ilə bağlı bəyanat verib, hətta ABŞ prezidentinə müvafiq yalvarış-müraciət də imzalayıb. Bir sözlə, bu adamın reputasiyasına münasibətim necədirsə, onun hazırladığı layihəyə də eynilə o cürdür. Əsas odur ki, indiyədək rəsmi Vaşinqton K.Smitin nə “erməni soyqırımı”, nə də Azərbaycana qarşı hər hansı təşəbbüslərinə əhəmiyyət verməyib. Odur ki, bu məsələni ciddiyə almaq lazım deyil. Ümid edirik ki, Smitin budəfəki hərəkəti də ABŞ rəsmiləri tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst qüvvələrin həyata keçməyən növbəti arzularından biri olaraq tarixə düşəcək. Əslində, Smit xarakterli siyasətçilər hər bir ölkədə var.
Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst mövqedən yanaşdığını, ölkəmizə qarşı bəzən qərəzli mövqedən çıxış etdiyini, erməni diasporu və lobbisinin təsiri altına düşdüyünü düşünən insanlar var. Onlar da Azərbaycan haklmiyyətindən ABŞ-la strateji tərəfdaşlığa son qoyulmasını, ölkəmizə qarşı qərəzli yanaşmalara adekvat cavab verilməsini tələb edirlər. Lakin qeyd etdiyim kimi, biz bütün digər ölkələrlə əlaqələrlə olduğu kimi, ABŞ-la da münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan vermirik.
Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin “oyunu”na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək – buna heç kəsin şübhəsi olmasın.
AZƏRTAC