Siyavuş Novruzov: “Hər bir diplomat ən azı bir il öz vətənində yaşamalıdır”
“Hər bir diplomat diplomatik missiyasını başa vurduqdan sonra, ən azı bir il öz vətənində yaşamalıdır. Daha sonra isə yeni təyinat ala bilər. Bu, Azərbaycanda mühitin öyrənilməsi nöqteyi-nəzərindən də vacibdir”.
1news.az-ın verdiyi xəbərə görə, bu fikri Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Siyavuş Novruzov “Diplomatik xidmət haqqında” qanun layihəsinə dəyişikliklə bağlı müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, diplomat işləyəcəyi ölkəni yaxşı tanımalıdır ki, Azərbyacanın maraqlarını maksimum səviyyədə müdafiə edə bilsin.
“Əgər diplomat ölkəsinə qayıtdıqdan səhəri günü yeni təyinat alarsa, bu, kökündən yanlış yanaşmadır.Əks təqdirdə, diplomatlar öz ölkələrinin reallıqlarından kənar qalırlar”, - S.Novruzov deyib.
O, bir sıra dövlətləri, əsasən də Yunanıstanı nümunə gətirərək vurğulayıb ki, burada diplomat öz ölkəsinin regionlarına müntəzəm olaraq səyahətlərə çıxır.
“Əgər diplomat fasiləsiz olaraq xaricdə qalırsa, o, mənfi təsirə məruz qala bilər. Eyni zamanda öz ölkəsinin maraqlarına əks çıxış edə bilər. Biz yaxın keçmişdə bunun şahidi olmuşuq”, - parlamentari deyib.
Onun fikirlərilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələrkomitəsinin sədri Səməd Seyidov razılaşıb.
Deputat bildirib ki, diplomat – xaricdə öz dövlətini təmsil edir. Buna görə də, o, işlədiyi ölkədəkivəziyyətlə yaxından tanış olmalıdır. Bununla yanaşı, S.Seyidov bildirib ki, diplomat ölkəsinə qayıdarkən dövlət tərəfindən müvafiq şəkildə təmin olunmalıdır.
Eyni zamanda, deputat Aytən Mustafayeva da bildirib ki, diplomatların öz ölkəsində illərlə qalması düzgün deyil:
“Bu insanlar nəhəng təcrübəyə malikdirlər. Bu təcrübə ölkənin rifahı naminə istifadə olunmalıdır”.
“Diplomatik xidmət haqqında” qanunun 14.3-cü bəndinə edilən dəyişikliyə görə, diplomatların attestasiyası Xarici İşlər Nazirliyinin daxili qaydalarına görə deyil, Əmək Məcəlləsi və “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq aparılacaq.
1news.az