Dünya Azərbaycanlılarının Həmrəylik Günü Tokioda da qeyd edilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycanın Yaponiyadakı səfirliyində tədbir keçirilib.
Səfir Gürsel İsmayılzadə Prezident İlham Əliyevin Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan xalqının birliyinin, milli mənəvi dəyərlərinə ehtiramının və Vətənə sədaqətinin ifadəsi kimi, hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edildiyini, bu bayramın xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu söyləyib.
G.İsmayılzadə 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar barədə məlumat verib.
Səfir ölkəmizin Yaponiyada tanıdılması, tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin təşviqi istiqamətində burada yaşayan soydaşlarımızın, xüsusilə tələbələrimizin böyük rol oynadığını vurğulayıb. Azərbaycan həqiqətlərinin Yaponiya ictimaiyyətinə çatdırılması, ölkəmizin təbliği istiqamətində bundan sonra da səylərin artırılmasının vacibliyini qeyd edib. O, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın çiçəklənməsi, bütün sahələrin inkişaf etdirilməsi və ölkənin parlaq gələcəyinin təmin olunması naminə həyata keçirilən müdrik siyasətin reallaşmasında həmvətənlərimizi daha fəal mövqe nümayiş etdirməyə çağırıb.
G.İsmayılzadə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, həmvətənlərimizə cansağlığı, xoşbəxtlik, gələcək fəaliyyətlərində uğurlar diləyib.
Tədbir bayram ziyafəti ilə başa çatıb.