Azərbaycanın bəzi ölkələrdəki səfirlikləri bağlana bilər
Azərbaycanın Afrika və Latın Amerikasındakı bir sıra səfirlikləri bağlana bilər.
1news.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, bu məsələyə hökumət tərədindən ciddi şəkildə baxılır.
“Hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələyə də ciddi şəkildə hökumət tərəfindən baxılır”- deyə, H. Hacıyev qeyd edib.
Qeyd edək ki, son illər Azərbaycanın bir sıra Latın Amerikası və Afrika ölkələrində yeni səfirlikləri açılıb.
Hazırda ölkəmizin Kuba, Meksika (Kolumbiya, Panama, Honduras, Peru, Kosta Rika və Qvatemala da akkreditə olunub), Argentina (Uruqvay, Çili, Boliviya və Paraqvayda da akkreditə olunub), Braziliyada (Ekvador, Surinam, Qayana və Trinidad-Tobaqoda da akkreditə olunub) səfirlikləri, ötən il Kolumbiya, Uruqvay, Çili, bu il isə Peruda diplomatik ofisləri təsis edilib.
Həmçinin, Azərbaycanın Afrika ölkələri olan Misir, Mərakeş (Tunis, Mali, Qambiya, Portuqaliya, Seneqal və Mavritaniya akkreditə olunub), Efiopiya, Cənubi Afrika Respublikasında səfirlikləri fəaliyyət göstərir.
Amma hələlik bunlardan hansının bağlanacağı barədə dəqiq məlumat yoxdur.
1news.az