Dünya Azərbaycanlılarının Həmrəylik Günü Sidneydə qeyd olunub
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Avstraliyanın Sidney şəhərində qeyd edilib.
Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti tərəfindən təşkil olunan gecədə ölkənin müxtəlif şəhərlərində çalışan və təhsil alan azərbaycanlılar, Azərbaycanın diaspor və mədəniyyət təşkilatlarının nümayəndələri, digər türkdilli xalqların təmsilçiləri iştirak ediblər.
Avstraliyadakı səfirimiz Rövşən Cəmşidovun da qatıldığı tədbirdə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən danışılıb. Həmçinin Azərbaycan-Avstraliya münasibətlərinin hazırkı vəziyyəti barədə məlumat verilib. Vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məramı harada yaşamasından asılı olmayaraq azərbaycanlıların birliyini, milli mənəvi dəyərlərini və Vətənə bağlılıq hisslərini təşviq edir.
Çıxış edənlər bu əlamətdar gün və qarşıdan gələn Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Tədbir iştirakçılarına Azərbaycan musiqisindən və milli mətbəxindən nümunələr təqdim olunub. Səfirliyin dəstəyi ilə gecədə iştirak edən Azərbaycanın Əməkdar Artisti Sevinc Hüseynli milli rəqslərimizi ifa edib.
AZƏRTAC