XİN: Səfirliklərin bağlanması müzakirə mövzusu deyil
İnternet mediada və bəzi bloqlarda guya bağlanacaq diplomatik nümayəndəliklərin təqdim olunan siyahısı obyektivlikdən kənardır və qeyri-ciddidir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu kimi yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər.
H.Hacıyev deyib ki, ilk növbədə bu məsələdə yekun qərar qəbul edilməyib. Bu barədə qərarların qəbul edilməsi diplomatik münasibətlərdə qarşılıqlı və siyasi yanaşmalar da daxil olmaqla ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir.
“Hazırda hökumət tərəfindən bu məsələyə ciddi şəkildə baxılır. İkincisi, burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir.
O ki qaldı fəxri konsulluqlara, bu, gülüncdür. Xarici siyasətdən və diplomatiyadan xəbəri olan hər kəs bilir ki, fəxri konsullar özləri öz xərclərini ödəyir və dövlət büdcəsindən onların saxlanması üçün heç bir vəsait ayrılmır”- deyə, H.Hacıyev qeyd edib.
1news.az