Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Almaniya İqtisadi Forumunda iştirak edib
Yanvarın 8-də Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür Mayns şəhərində keçirilən Almaniya İqtisadi Forumunda iştirak edib.
1news.az-ın məlumatına görə, B.Kömür sözügedən tədbirə Xristian Demokrat Birliyi Partiyası rəhbərinin köməkçisi, Almaniya Bundestaqının üzvü Yuliya Klöknerin dəvəti ilə qatılıb.
Kansler Angela Merkelin də iştirak etdiyi Forumun əsas mövzusunu Almaniyanın bugünkü iqtisadi vəziyyəti, Avropaya miqrant axınının alman iqtisadiyyatına təsiri təşkil edib.
Forum çərçivəsində xanım Klökner ilə B.Kömür arasında görüş baş tutub. Görüşdə Azərbaycan və Almaniya arasındakı iqtisadi münasibətlər müzakirə olunub.
Xanım siyasətçi tərəfindən Azərbaycanın Almaniya üçün iqtisadi əhəmiyyət daşıdığı, Azərbaycanın neft və təbii qaz ehtiyatlarının dünya bazarında önəmli rola malik olduğu vurğulanıb.
Sonda B.Kömür Azərbaycan diasporu adından Y.Klöknerə salamlarını çatdırıb və dəvətə görə xanım siyasətçiyə öz minnətdarlığını bildirib.
1news.az