Buryatiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq
Buryatiyada (Rusiya) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə abidə ucaldılacaq.
Rusiyanın “Baykal Deyli” agentliyinin məlumatına görə, Federasiya Şurasının Buryatiyadan olan üzvü Arnold Tuloxonov Baykal-Amur Magistralının (BAM) veteranları, Azərbaycan Həmyerlilər Birliyinin nümayəndələri ilə görüşüb. Görüşdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BAM-da abidəsinin qoyulması təşəbbüsü müzakirə edilib.
Heydər Əliyev 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, BAM-ın tikintisi məsələlərinə nəzarət edib və ilk dəfə ora 1984-cü ilin iyul ayında gedib. Heydər Əliyev Sov.İKP MK-nın Baykal-Amur Magistralına gedən yeganə üzvü olub.
Tikintinin veteranları xatırlayırlar ki, magistralın trası ayrı-ayrı ittifaq respublikalarının inşaatçıları arasında bölüşdürülmüşdü. BAM-ın Anqoya stansiyasına bitişik olan Buryatiya sahəsində Azərbaycandan olan inşaatçılar çalışırdılar. Günəşli respublikasının ustaları tərəfindən tikilmiş onlarla obyekt indiyədək burada fəaliyyət göstərir. Onların işini qəbul etmək üçün 1984-cü ildə Heydər Əliyev şəxsən gəlmişdi. Bu hadisənin şərəfinə Heydər Əliyevin adı verilmiş vağzal binasına xatirə lövhəsi vurulub. Bu il Anqoya stansiyasına ilk qatarın gəlməsinin 35 illiyi qeyd ediləcək.
Arnold Tuloxonovun fikrincə, bu tarix müasir mürəkkəb geosiyasi şəraitdə keçmiş Sovet İttifaqı xalqlarının dostluğunu nümayiş etdirən tədbirlərlə müşayiət olunmalıdır. Müzakirənin yekununda abidənin eskizinin hazırlanması və onun bütün dövlət və bələdiyyə strukturları, Heydər Əliyevin ailəsi ilə razılaşdırılması, abidənin açılışında iştirak etmək üçün Azərbaycandan rəsmi nümayəndə heyətinin dəvət edilməsinə dair Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə məktub layihəsinin hazırlanması qərara alınıb.
AZƏRTAC