Bahar Muradova: Artıq güzəştdən, kiminsə hərəkətlərinə göz yummaqdan söhbət gedə bilməz | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: Artıq güzəştdən, kiminsə hərəkətlərinə göz yummaqdan söhbət gedə bilməz

11:36 - 14 / 01 / 2016
Bahar Muradova: Artıq güzəştdən, kiminsə hərəkətlərinə göz yummaqdan söhbət gedə bilməz

Dünyada gedən iqtisadi və siyasi prosesləri təsvir etməyə ehtiyac yoxdur. Azərbaycan da dünya birliyinin üzvüdür və biz yalnız dünyada gedən proseslərin ölkəmizə təsirini azalda və ya zərərsizləşdirə bilərik.

1news.az-ın məlumatına görə, bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində Füzuli rayonundan deputat seçilmiş Milli Məclis sədrinin müavini Bahar Muradova ölkədə baş verən bahalaşma ilə əlaqədar bəzi rayonlarda keçirilən etiraz  aksiyalarına münasibət bildirərkən deyib:

Hazırda Azərbaycan dövlətinin, xüsusən ölkə prezidentinin mövcud durumun Azərbaycan vətəndaşına zərərlərini azaltmaq istiqamətində hökumət və cəmiyyət qarşısında ciddi tələblər qoyduğunu bildirən vitse-spiker bu tələblərin yerinə yetiriləcəyinə şübhə etmədiyini vurğulayıb:

“Çünki burada artıq güzəştdən, kiminsə hərəkətlərinə göz yummaqdan söhbət gedə bilməz. Vəziyyət hər kəsi ciddi və məsuliyyətli olmağa vadar edir. Biz Azərbaycan cəmiyyəti olaraq ölkə prezidentinə hər zaman dayaq olduğumuz kimi, indiki vəziyyətdə də bu mövqedən çıxış etməli və onun tapşırıqlarını yerinə yetirmək üçün maksimum səylər göstərməliyik. Yox, əgər vəziyyəti gərginləşdirməyə daha çox çalışan olacaqsa, onun da cavabını yerində verməyə, yəni onun bu məsələni anlayışla qarşılamasına nail olmağa və onu düzgün istiqamətə yönəltməyə çalışmalıyıq”.

Hər kəsin bu prosesdə vəzifəsi, məsuliyyəti olduğunu deyən vitse-spiker qeyd edib ki, dövlətin məqsədi bu çətinlikləri mümkün qədər azaltmaqdır:

“Bununla bağlı fikirlərin səslənməsi, müəyyən formaların seçilməsi də qanun çərçivəsində olmalıdır. Biz çalışmalıyıq ki, sabitliyi pozaraq yeni çətinliklər dalğası yaratmayaq. Hər bir vətəndaş burda məsuliyyət hiss etməlidir. Əlbəttə ki, vətəndaş dinlənilməlidir. Prezident özü vurğulayıb ki, ölkədə ictimai nəzarət ciddi şəkildə həyata keçirilməli və onun da müxanizmləri olmalıdır”. 

B.Muradova baş verənlərlə əlaqədar Füzuliyə getməyə ehtiyac olmadığını bildirməklə yanaşı, daim rayon sakinlərinin problemləri ilə maraqlandığını diqqətə çatdırıb:

“Mən seçicilərimlə görüşlərimdə hər zaman bir fikri onların diqqətinə çatdırmağa çalışmışam, onlar da anlayışla qarşılayıblar. Demişəm ki, sizin dərdlərinizi, fikirlərinizi aidiyyəti qurumlara çatdırmaq üçün hər dəfə sizinlə görüşməyə ehtiyac yoxdur. Çünki mən rayon rəhbərliyi, həm də rayonun ən müxtəlif təbəqələrindən ibarət olan insanlarla, seçki prosesində məni müşayiət edən vəkillərimlə, ictimai vəkillərimlə daim əlaqə saxlayıram və problemləri bilirəm. Mənim seçki dairəmdən söhbət gedirsə, bu gün problemlərin nədən ibarət olduğu və insanların hansı məsələləri qaldırdığı barədə tam məlumatım var. Bu barədə müvafiq qurumların hansı addımlar atdığı və atmağa hazırlaşdığını da bilirəm. Bu gün mənə onların qarşısında çıxış etməkdən daha çox, onların problemlərini aidiyyəti qurumlara çatdırmaq və onun üzərində işləmək daha çox lazımdır”. 

Vitse-spiker bir sıra şəxslərin, o cümlədən deputatlardan iqtidarla müxalifətin bir araya gəlməsi, vəziyyətdən çıxış yollarının birgə aranması üçün təkliflər səsləndirmələri ilə bağlı fikirlərini də bölüşüb:

“Müxalifət deyəndə onlar kənardan gəlməyib, Azərbaycanın ictimai-siyasi maraqlarından kənarda tutulmalı olan zümrə deyillər. Onlar da bizim soydaşlarımızdır, Azərbaycan vətəndaşlarıdır. Əlbəttə ki, sözümün əvvəlində dediklərimi çıxmaq şərtilə, qalan konstruktiv mövqeli siyasətçilərlə, onların cəmləşdiyi siyasi partiyalarla dialoqu hər zaman mümkün saymışam. İndi də hesab edirəm ki, hazırkı şəraitdə vəziyyəti yaxşılaşdırmağa, çətinlikləri adlatmağa xidmət edən fikirlər, layihələr kimlərdəsə varsa, onu dinləmək, qəbul etmək, onunla fikir mübadiləsi aparmaq işin yalnız xeyrinə olardı. Burada kiminsə başqa maraq güdməsini düşünmək artıqdır”.  

İndiki durumda parlamentin fövqəladə iclasını çağırmağa ehtiyac olduğunu vurğulayan B.Muradovanın sözlərinə görə, əgər hansısa məsələlərdə qanunlara əlavələr, dəyişikliklər, bu və ya digər ictimai müzakirələr lazım olacaqsa, parlament onları edəcək:

“Parlamentin komitələri fevralın 15-dən öz işinə başlayır. Təbii ki, parlamentin yaz sessiyasının qanunvericilik işlər planı üzərində ciddi iş gedəcək və elə bu səpkidə müzakirələrin olacağı birmənalıdır. Amma düşünmürəm ki, Azərbaycanda elə qeyri-adi durum yaranıb ki, bunun üçün parlamentin fövqəladə iclasını çağırmağa ehtiyac var. Çünki bir neçə gün bundan əvvəl cənab prezident hökumətin iclasını keçirməklə bu məsələlərlə əlaqədar görüləsi işlər və qarşıdakı planlar haqqında fikirlərini bölüşüb, hər kəs tapşırığını alıb. Qoyulan vaxt çərçivəsində onlar öz fikir və təkliflərini bildirməlidir. Azərbaycan parlamenti də bununla bağlı öz üzərinə düşən hissəni əmin olun ki, yerinə yetirəcək”.

Vitse-spiker ölkədəki bütün bizneslə məşğul olan və hazırkı bazar qiymətlərinə təsir göstərmək imkanına malik olan bütün şəxslərə müraciət edərək onları ümumi maraqlar naminə edə biləcəkləri bütün addımları atmağı, görə biləcəkləri bütün işləri görməyə çağırıb. Onun sözlərinə görə, əgər vəziyyət gərginləşəcəksə, o iş adamlarının nailiyyətləri də bir günün içində heç olacaq. Ona görə hər kəs məsuliyyətli qərarlar qəbul etməyə borcludur:  

“Azərbaycanda tək onlar deyil, yüzlərlə, minlərlə iş adamları var ki, onlar ictimai-siyasi vəziyyətə, insanların iqtisadi durumuna təsir göstərəcək addımlar ata bilərlər. Bu, həm də onların korporativ borcu, öhdəliyidir. Əgər sən dövlətin yaratdığı şəraitdən istifadə edərək özün üçün iş qurursansa və bu işin də nəticəsində ölkənin ictimai-siyasi həyatına təsir göstərə bilirsənsə, nəyə görə bu addımları atmamalısan? Hər kəz öz öhdəliyini özü müəyyənləşdirməlidir, gözləməməlidir ki, ona kimsə müraciət etsin”.

1news.az

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər