Polad Bülbüloğlu: Murad Kajlayev böyük Qara Qarayevin şagirdi olub
Dağıstanın rəhbəri Ramazan Abdulatipov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Polad Bülbüloğlu Dağıstana SSRİ Xalq Artisti, bəstəkar Murad Kajlayevin 85 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün gəlib.
Ramazan Abdulatipov görüşdə qeyd edib ki, təkcə Dağıstanda və Rusiyada deyil, bütün dünyada məşhur olan görkəmli bəstəkar Murad Kajlayevin 85 illik yubileyi respublikanın mədəni həyatında mühüm hadisədir. Rusiya regionunun rəhbəri deyib: “Sevindirici haldır ki, bu böyük bayram Azərbaycan üçün də bayramdır”. R.Abdulatipov xüsusi vurğulayıb ki, Mahaçqalada Əziz Əliyevə abidə ucaldılması ilə bağlı işlər aparılır. Burada onun adını daşıyan meydan da olacaq. Respublikanın rəhbəri Dərbəndin 2000 illiyi şərəfinə yubiley tədbirlərinə hazırlıq işlərinə Azərbaycanın töhfəsini razılıq hissi ilə qeyd edib. “Heydər Əliyevin adını daşıyan küçə tamamilə yenidən qurulub, bu barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib”, - deyən R.Abdulatipov daha sonra əlavə edib ki, Azərbaycan ilə Dağıstanın əməkdaşlığı bundan sonra da davam edəcək. Dərbənddə Olimpiya İdman Mərkəzi və Azərbaycan Musiqili Dram Teatrının binası tikiləcək.
Dağıstanın rəhbəri qeyd edib ki, Polad Bülbüloğlu Dağıstan sakinlərinin nəzərində təkcə Azərbaycanın səfiri deyil, Azərbaycanın və Dağıstanın ən görkəmli, ən istedadlı mədəniyyət xadimlərindən biridir. Ramazan Abdulatipov səfirə müraciətlə deyib: “Siz istər Dərbənddə, istərsə də Kremldə çıxışlarınızda bizim dostluq münasibətlərimizi bir daha vurğulayırsınız. Bu gün dövlətlərimiz arasında bütün səviyyələrdə əməkdaşlıq aparılır, bu əməkdaşlıq daha da güclənəcək və davam edəcək”.
Polad Bülbüloğlu isə öz növbəsində bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Kajlayev Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib. Diplomat deyib: “Bu, bizim ölkənin ən yüksək təltiflərindən biridir. Prezident İlham Əliyev Murad Kajlayevin soy-kökünə yaxşı bələddir. O, Kajlayevə çox səmimi təbrik məktubu göndərib”.
Səfərin sözlərinə görə, Azərbaycanda Murad Kajlayevi yaxşı tanıyır və xatırlayırlar, çünki o, Bakıda yaşayıb, böyük bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Qara Qarayevin şagirdi olub.
Polad Bülbüloğlu Dağıstan ilə Azərbaycan arasında yaranmış möhkəm iqtisadi, mənəvi və mədəni əlaqələri, habelə son illərdə R.Abdulatipovun rəhbərliyi ilə Dağıstan Respublikasında baş verən müsbət dəyişiklikləri də vurğulayıb. Səfir xüsusi qeyd edib ki, bu gün Dağıstanda həyata keçirilən layihələr respublikanın uğurlu inkişafının rəhnidir.
Diplomat məmnunluqla bildirib ki, Hökumət Evinin dəhlizindən keçərkən orada respublika rəhbərlərinin portretləri arasında Əziz Əliyevin də portretini görüb. Polad Bülbüloğlunun fikrincə, bu fakt Dağıstan sakinlərinin bu siyasi xadimin xidmətlərinə səmimi münasibətinə dəlalət edir. Səfir deyib: “Siz Əziz Əliyevin Dağıstanın rəhbəri olması faktını Dərbənddə, bu şəhərin 2000 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdəki çıxışınızda da qeyd etdiniz. Bu məqam Azərbaycan xalqı arasında müsbət reaksiya doğurub. Dağıstan bizim ən yaxın qonşumuzdur və məşhur bir məsəldə deyildiyi kimi, yaxın qonşu uzaq qohumdan daha yaxşıdır. Xalqlarımız arasında, xüsusən ziyalı və yaradıcı insanlar arasında həmişə qardaşlıq və dostluq münasibətləri olub. Uzun müddətdir ki, bizim yaradıcı kollektivlər təcrübə mübadiləsi aparırlar. Xüsusi vurğulamaq istəyirəm ki, Siz Dağıstana rəhbər təyin ediləndən sonra çoxsaylı mədəni və humanitar proqramlar həyata keçirilməyə başlanıb. Bu, çox sevindirici haldır”.
AZƏRTAC