Azərbaycanla Ukrayna arasında aqrar sahədə əlaqələrin inkişafı müzakirə edilib
Kənd təsərrüfatı naziri Heydər Əsədov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşüb.
1news.az-ın məlumatına görə, nazir qonağı səmimi salamlayaraq iki ölkə arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açıb, Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat verib.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektiv imkanları müzakirə olunub.
Nazir iki ölkə arasında kənd təsərrüfatı sahəsində hüquqi bazanın genişləndirilməsi məqsədilə baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin imzalanmasının sürətləndirilməsi, Ukrayna iş adamları tərəfindən aqrar sahəyə investisiya qoyulması imkanlarının nəzərdən keçirilməsi, keyfiyyətli üzüm sortlarının müasir tələblərə uyğun kolleksiyasının yaradılması sahəsində təcrübə mübadiləsi, ölkəmizin kənd təsərrüfatı məhsullarının Ukraynaya ixracı imkanlarının araşdırılması, iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılması və s. təkliflərini irəli sürüb.
Səfir A.Mişenko səmimi qəbula görə öz təşəkkürünü bildirərək, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.
1news.az