Avropa Parlamentinə 20 Yanvar faciəsinə dair məlumatlandırıcı məktub göndərilib | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamentinə 20 Yanvar faciəsinə dair məlumatlandırıcı məktub göndərilib

14:31 - 20 / 01 / 2016
Avropa Parlamentinə 20 Yanvar faciəsinə dair məlumatlandırıcı məktub göndərilib

Avropa Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsi ilə əlaqədar Avropa Parlamentinə, Almaniya əyalət parlamentlərinə məlumatlandırıcı məktub göndərib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məktubda Azərbaycan xalqının tarixinə “Qara Yanvar” kimi daxil olmuş hadisələr haqqında məlumat verilib və hər il həmin hadisələrin qurbanlarının xatirəsinin Azərbaycanda və azərbaycanlıların yaşadıqları bütün ölkələrdə yad edildiyi bildirilib.

Məktubda Azərbaycanın müstəqilliyinin bərpası uğrunda 1988-ci ildən 1990-cı ilə qədər aparılan milli demokratik mübarizə, süquta uğrayan sovet rejiminin amansız qəddarlıqla buna qarşı çıxması haqqında məlumat verilib. 1990-cı il yanvarın 19-da SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov tərəfindən 66 minlik ordunun Bakıya göndərildiyi qeyd edilib. Yanvarın 20-nə keçən gecə sovet ordusu tərəfindən silahsız dinc əhalinin qətlə yetirildiyi və həmin gecə yüzlərlə insanın həyatını itirdiyi, yaralandığı və itkin düşdüyü diqqətə çatdırılıb.

Qeyd edilib ki, 20 Yanvar hadisələrinin analizi bunun sovet hakimiyyətinin Azərbaycana qarşı planlaşdırdığı hərbi aksiya olduğunu aşkara çıxarıb. Lakin sovet rejiminin bütün cəhdlərinə baxmayaraq 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında qərar qəbul edilib və həmin il oktyabrın 18-də bu qərar qüvvəyə minib. Bununla da Azərbaycan öz müstəqilliyinə qovuşub. Məktubda müstəqillik uğrunda canından keçmiş şəhidlərimizə rəhmət dilənib və onların gələcək nəsil üçün qəhrəmanlara çevrildikləri vurğulanıb.

Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Almaniyanın Düsseldorf şəhərində Mədəniyyətlərarası Əməkdaşlıq üzrə Avropa Forumu və Medeya İnteqrasiya Mərkəzinin rəhbərləri ilə keçirilən görüş çərçivəsində Qanlı Yanvar hadisələri haqqında məlumat verib, Düsseldorf şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər. İyirmi Yanvar şəhidlərinin xatirəsi bu abidənin önündə yad olunub. AAK-ın prezidenti Samira Patzer-İsmailova digər qurumlardan olan həmkarlarına 20 Yanvar faciəsi haqqında məlumat verib.

1news.az

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər