Elmar Məmmədyarov İsveç Krallığının xarici işlər naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallströmün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan və İsveç arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, həmçinin iki ölkə arasında turizm, iqtisadiyyat və biznes sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları, Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin formatı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və bu istiqamətlərdə geniş potensialın olduğu qeyd edilib.
Nazir E.Məmmədyarov Cənubi Qafqaz regionundakı vəziyyətə toxunaraq, ATƏT-in Minsk qrupunun üzvü olan İsveçin aktiv səylərini yüksək dəyərləndirdiyini, lakin bu günə kimi status kvonun dəyişmədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi Yerevanın işğalçı və qeyri-konstruktiv siyasətinə görə həll edilmədiyini və bunun regionda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu nəzərə çatdırıb. Münaqişənin həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Xanım Vallström İsveçin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini bölüşərək, ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həlli dəstəklədiyini və Minsk qrupu üzvü kimi töhfəsini verməyə hazır olduğunu, həmçinin münaqişənin həlli prosesinə qadınların cəlb edilməsinin vacib olduğu bildirib.
Nazir Vallström danışıqlar prosesinin əsas iştirakçılarının həmsədrlər olduğunu, lakin münaqişənin sülh yolu həlli üçün bütün tərəflərin səy göstərməsinin faydalı olacağını bildirib.
İsveçli nazir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında münaqişənin həllinin mümkün olduğu qeyd edib.
1news.az