Səfir: Misir KİV-lərinin AZƏRTAC-la əməkdaşlığının genişləndirilməsində maraqlıyıq
Misirin media qurumları ilə AZƏRTAC arasında əməkdaşlığın möhkəmləndirilməsi iki ölkə xalqları arasında mövcud münasibətlərin daha da inkişafına əlverişli imkanlar yarada bilər.
1news.az-ın məlumatına görə, bu fikirləri Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil Nuh fevralın 10-da AZƏRTAC-da keçirilən görüşdə səsləndirib. Səfir bildirib ki, bu baxımdan səfirliyimiz AZƏRTAC vasitəsilə Azərbaycan həqiqətlərinin Misir ictimaiyyətinə çatdırılmasına töhfəsini verməyə hazırdır.
AZƏRTAC-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatındakı rolu, yeni layihələri barədə ətraflı məlumat verən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Azərbaycan ilə Misirin nüfuzlu beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığından da danışıb.
2007-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində AZƏRTAC-la bu ölkənin rəsmi xəbər agentliyi olan MENA (Yaxın Şərq informasiya agentliyi) arasında əməkdaşlıq sazişinin imzalandığını xatırladan baş direktor hər iki xəbər agentliyinin ölkələrimizin çoxəsrlik tarixə malik əlaqələrinin inkişafında rolunu vurğulayıb.
Misir səfiri AZƏRTAC-ın ərəb dilində də xəbər yaymasını yüksək qiymətləndirərək bunu Azərbaycan həqiqətlərinin geniş auditoriyada təbliği baxımdan mühüm addım olduğunu qeyd edib, ərəb dilinə göstərilən bu diqqətə və marağa görə minnətdarlığını bildirib.
Baş direktor Azərbaycan ədəbiyyatının, mədəniyyətinin dünyada tanınmasında ərəb dilinin rolunu vurğulayaraq, xalqımızın ərəb mədəniyyəti inciləri ilə tanış olmasında azərbaycanlı ərəbşünasların əvəzsiz xidmətlərini yada salıb. Görkəmli alim Aida İmanquliyevanın əsərlərinin ərəb ədəbiyyatının, məşhur ərəb yazıçılarının Azərbaycan oxucusuna tanıdılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Misirin Azərbaycandakı səfirliyinin AZƏRTAC-la Misir KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən xanım səfir hər iki ölkənin sosial-iqtisadi həyatının dərindən öyrənilməsi məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkilinin, birgə fotoalbom və kitabların nəşrinin, müştərək videolayihələrin, sərgilərin keçirilməsinin faydalı ola biləcəyini vurğulayıb.
Misir ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı olmadığını bildirən səfir Suzan Cəmil Nuh qeyd edib ki, xəbər agentlikləri bu boşluğun aradan qaldırılmasına mühüm töhfə verə bilərlər.
1news.az