Elmar Məmmədyarov Kolumbiyanın müvəqqəti işlər vəkilini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının yeni təyin edilmiş müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penyanı qəbul edib.
Bu haqda 1news.az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədyarov diplomatı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib, Azərbaycan və Kolumbiya arasındakı əməkdaşlığın dərinləşməsi istiqamətindəki gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
O, Azərbaycanın Latın Amerikası regionu ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu baxımdan diplomatik missiyaların fəaliyyətinin önəmini vurğulayıb.
Xanım Marta İnes Qalinda Penya fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə həmçinin, yaxın vaxtlarda iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsi və Kolumbiya tərəfindən Bakıda təşkil olunan ispandili kurslarının davam etdirilməsinin vacibliyi qeyd olunub.
1news.az