ABŞ-ın ATƏT-dəki nümayəndəsi: "Status-kvo" dözülməz və qəbuledilməzdir"
“ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri, BMT Nizamnaməsi və Helsinki yekun aktı əsasında danışıqlar yolu ilə həllinə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcək”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT yanındakı Daimi Nümayəndəliyinin rəhbəri Daniel Bayer ATƏT Daimi Şurasında çıxışı zamanı deyib.
O, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının son bir neçə ayda artdığını təəssüflə qeyd edib: “ABŞ ATƏT-in Minsk qrupunun məsələ ilə bağlı narahatlığını bölüşür və dinc əhalinin xəsarət almasına səbəb olan minaatan və digər ağır texnikadan istifadəni pisləyir. Biz həmsədrlərin tərəflərə tezliklə zorakılığın azaldılması və insanların müdafiəsinə yönələn addımların atılması ilə bağlı çağırışına dəstək veririk. “Status-kvo” dözülməz və qəbuledilməzdir. Biz tərəflərə bir daha deyirik ki, münaqişəsinin hərb yolu ilə həlli ola bilməz. Birləşmiş Ştatları həmsədrlərin Ermənistan və Azərbaycan prezidentləri arasında dialoqun intensivləşməsinə təkan verən və sülh yolu ilə münaqişənin həlli prosesində irəliləyiş əldə etmək üçün strukturlu danışıqlar aparmaqla bağlı səylərini dəstəkləyir”.