Dövlət Departamenti: ABŞ Azərbaycanın Dağlıq Qarabağ məsələsini istənilən beynəlxalq təşkilatda qaldırmaq hüququna hörmətlə yanaşır
“Birləşmiş Ştatlar Azərbaycanın Dağlıq Qarabağla bağlı məsələləri istənilən regional və beynəlxalq təşkilat qarşısında, o cümlədən AŞPA-da qaldırmaq kimi suveren hüququna hörmətlə yanaşır”.
1news.az xəbər verir ki, bu barədə APA-ya ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı qətnamənin AŞPA-da qəbul olunmamasında ABŞ-ın xarici siyasət idarəsinin rolunun olması ilə bağlı məsələni şərh edərkən bildiriblər.
Dövlət Departamentindən Minsk qrupunun tərəflərin qəbul etdiyi danışıq formatı olduğunu vurğulanıb: “Biz ümid edirik ki, tərəflər sülh yolu ilə həll prosesində həmsədrlərlə sıx işləmək işinə tam sadiq qalacaqlar”.
Xatırladaq ki, amerikalı ermənipərəst konqresmen Adam Şiff “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsinin AŞPA-da keçməməsində ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olduğunu qeyd edib, bildirib ki, qətnamə müzakirə edilməmişdən əvvəl o, ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət edib və həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini deyiblər.
Qeyd edək ki, Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb.
Layihə qəbul olunmayıb.
1news.az