Geosiyasət və İkinci dünya müharibəsi – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Geosiyasət və İkinci dünya müharibəsi – Newtimes.az

16:07 - 18 / 02 / 2016
Geosiyasət və İkinci dünya müharibəsi – Newtimes.az

Newtimes.az analitik-informasiya saytı tarix elmləri doktoru, professor Pərvin Darabadinin “Geosiyasət və İkinci dünya müharibəsi” məqaləsini dərc edib.

Həmin materialı olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“İkinci dünya müharibəsi "dövlətin coğrafi zəkası" nəzəriyyəçiləri tərəfindən işlənmiş geosiyasi konsepsiyaları yenidən, özü də Birinci dünya müharibəsində olduğundan daha böyük miqyasda aktuallaşdırdı.

Münxen universitetinin coğrafiya professoru general Karl Haushofer (1869-1946) tərəfindən işlənmiş "həyat məkanı nəzəriyyəsi" nasist Almaniyasının rəsmi doktrinasına çevrilir. "Kontinental blok" konsepsiyasının müəllifi Haushofer hesab edirdi ki, "Almaniya, Rusiya və Yaponiyanın birləşdiyi gün dünyanın böyük ingilisdilli dövlətinin taleyini müəyyən edən gün, Allahların ölüm günü olacaqdır". O, hesab edirdi ki, Almaniya və Rusiya kimi iki kontinental dövlətin birgə səyləri ilə "Yeni Avrasiya Nizamı" bərqərar oluna və "Dünya Adası" məkanını "Dəniz gücü"nün təsirinin altından tamamilə çıxarmaq üçün bu məkan yenidən strukturlaşdırıla bilər. Geosiyasətçinin fikrincə, Almaniya Asiyanın insanların məskunlaşmadığı nəhəng ərazilərini öyrənməli və öz "həyat məkanı"na çevirməlidir. Ancaq Hitlerin irqi-ideoloji baxışları ona gətirib çıxardı ki, Berlin-Moskva-Tokio oxunun yerinə Berlin-Roma-Tokio oxu quruldu ki, bu da Almaniya üçün məlum faciəvi geosiyasi nəticələrə səbəb oldu.

Almaniyanın digər geosiyasətçisi Karl Şmitt (1888-1985) "Xalqların hüququnda məkan və böyük məkan" adlı əsərində (1940) "böyük məkan" kimi əhəmiyyətli geosiyasi nəzəriyyələrdən birini işləyib hazırladı. Bu nəzəriyyədə dövlətin inkişaf prosesi daha böyük ərazilərə sahib olmağa can atma kimi nəzərdən keçirilir. Özü də Şmittin nəzəriyyələri qarşı-qarşıya duran və kəskin rəqabət aparan Şərqlə Qərbin, Quru ilə Dənizin geosiyasi konsepsiyalarına əsaslanırdı ("Yer və Dəniz", 1942).

Bu kontekstdə 30-cu illərin sonuna yaxın Avropanın mərkəzində dövrün iki ən böyük hərbi-siyasi qruplaşmaları olan "Antikomintern paktı" ilə İngiltərə-Fransa-Amerika koalisiyasının geosiyasi maraqları yenidən toqquşur. Həm də gələcək dünya müharibəsi dünya hökmranlığı uğrunda mübarizə kimi hazırlanırdı. Onun başlıca məzmununu Avrasiyanın geosiyasi məkanı uğrunda həlledici döyüş təşkil edirdi. Rusiyaya Adolf Hitler almanlar üçün "həyat sahəsi"nə görə gedirdi. Bu barədə o, hələ 1925-ci ildə "Mayn Kampf” əsərində açıq şəkildə yazmışdı: "Avropada yeni torpaqların ələ keçirilməsindən bəhs edərkən biz, əlbəttə ki, yalnız Rusiyanı və ona tabe olan ucqar dövlətləri nəzərdə tuturuq".

Ancaq Hitler alman geosiyasət klassikasının və hərbi strategiyasının bütün banilərinin qənaətlərinə zidd hərəkət edirdi. Sonuncular Almaniyanın əsas rəqibi kimi ingilis-sakson "dəniz sivilizasiyası" ölkələrini hesab edirdilər. "Dəmir kansler" Bismark da Rusiya ilə vuruşmamağı vəsiyyət edirdi. Əksinə, "Mayn kampf" (1925) kitabında III Reyxin gələcək füreri ayrıca vurğulayırdı ki, Almaniya Şərqdə öz həyat sahəsini genişləndirməlidir, özü də əsasən Rusiyanın hesabına.

Bundan başqa, Hitler siyasi məntiqə və hərbi strategiyaya da zidd hərəkət edirdi: o, Yaponiya istisna olunmaqla, dünyanın aparıcı dövlətləri ilə – qarşı-qarşıya duran iki geosiyasi sistemlə müharibəni praktiki olaraq eyni vaxtda başladı, bununla da onları müttəfiq olmağa vadar etdi.

İkinci dünya müharibəsinin gedişində Birinci dünya müharibəsindən sonra yaranmış geosiyasi sistemlər yenidən quruldu. 1939-cu il sentyabr ayının 1-nə yaxın geosiyasi güclər aşağıdakı kimi qruplaşdı: Rusiya imperiyasının geosiyasi məqsədlərini qoruyub saxlayan Sovet İttifaqı və dəniz sivilizasiyasının əsası kimi ingilis-sakson geosiyasi sistemi (sonuncu ilk növbədə kontinental dövlətlərin – Almaniya Reyxinin və Sovet İttifaqının müttəfiqliyinə yol verməməyə çalışırdı); alman geosiyasətçilərinin dövlətin öz inkişafı üçün həyat məkanını hətta planetar miqyasda (dünya hökmranlığına qədər) genişləndirməyə can atan orqanizm kimi səciyyələndirən nəzəriyyəsini reallaşdırmağa çalışan kontinental Almaniyanın başçılığı ilə "Ox" ölkələri geosiyasi sistemi. Almaniyanın müttəfiqləri olan faşist İtaliyası və militarist Yaponiyası da almanların həyat sahəsinin genişləndirilməsi zərurəti haqqında geosiyasi yanaşmasını bölüşürdü. İtaliya, məsələn, Aralıq dənizində Şimali və Cənub-Şərqi Afrikada öz həyat sahəsini genişləndirməyə can atırdı.

1940-cı ildə yaponların baş nazir F.Konoye tərəfindən ifadə olunan və "Böyük Şərqi Asiya birgə çiçəklənmə sferası"nın yaradılmasını nəzərdə tutan geosiyasi doktrinası isə panasiyaçılıq ideyası əsasında nəhəng yapon imperiyasının qurulmasına yönəldilmişdi.

Yuxarıda təsvir edilən geosiyasi sistemlərin konfiqurasiyası sərt müəyyən edilmiş konstruksiya deyildi: üstüntutmalar dəyişir, müvəqqəti ittifaqlar bağlanılır, sistemlər daxilində rəqabət, fikir ayrılıqları yaranırdı. Belə ki, məsələn, geosiyasi cəhətdən "məntiqsiz" görünən Münxen alyansı (1938) və SSRİ-Almaniya alyansı (1939) tipli ittifaqlar yaradılırdı. Haushoferin Berlin-Moskva-Tokio "kontinental bloku"nun potensial imkanları reallaşdığı halda dünya tarixi tamamilə başqa yol ilə gedəcəkdi. İngilis-sakson geosiyasətçilərinin (H. Makkinder, A.Mehen) xəbərdarlıq etdikləri və dəniz sivilizasiyasının maraqları üçün Almaniya-Rusiya ittifaqının yaradılması timsalında ölümcül təhlükə aradan qaldırıldı.

Bütövlükdə İkinci dünya müharibəsi ərəfəsində dünyada qüvvələrin nisbətindəki geosiyasi vəziyyət dinamik şəkildə dəyişirdi. Dünya avropasentrik olaraq qalırdı, lakin dünyanın geosiyasi strukturu davamlı deyildi. Siyasi proseslərdə dünyanın aparıcı oyunçuları öz geosiyasi konsepsiyalarını, doktrinalarını, strategiyalarını rəhbər tuturdular. Qərb əvvəlki kimi dünyada gedən əsas proseslərin formalaşmasını müəyyən edirdi, amma o, özü də çaş-baş düşmüşdü, yəni ingilis-sakson və roman-alman sivilizasiyalarının matrisasına söykənirdi. Həyati mənaları və xarici siyasət strategiyasının vektorları müxtəlif istiqamətli idi. Sovet İttifaqı Rusiya dövlətçiliyini qoruyub saxladı və möhkəmləndirdi, hərbi-iqtisadi, ideya-mənəvi və intellektual potensialını artırdı.

Kontinental Almaniyanın başçılıq etdiyi "Ox" ölkələrinin geosiyasi sistemi alman geosiyasətçilərinin (F.Ratsel, R.Çellen, K.Haushoffer, K.Şmitt) dövlətin öz inkişafı üçün həyat məkanının hətta planetar miqyasda (dünya hökmranlığına qədər) belə genişləndirilməsinə ehtiyac duyan canlı orqanizm olması haqqında nəzəriyyəsinin reallaşdırılmasını öz qarşısında məqsəd qoymuşdu.

Rusiya geosiyasətçisi L.Q İvaşovun fikirlərinə görə, İkinci dünya müharibəsinin əsas iştirakçılarının başlıca məqsədləri və planları aşağıdakılardan ibarət idi:

Almaniya: ari-almanların başçılığı ilə ari irqinin dünya hökmranlığı, dünyanın irqi prinsip (ari xalqları və faşist tipli "ox" dövlətlərinin sistemi) üzrə iyerarxik strukturunun qurulması. Dünya müharibəsinin bu plan üzrə aparılması ümumi şəkildə Adolf Hitlerin "Mayn kampf" (1924) kitabında ifadə edilmişdi. Gələcək müharibədə Almaniyanın strateji konsepsiyası özündə aşağıdakıları birləşdirirdi:

– Almaniyanın strateji və iqtisadi mövqelərinin yaxşılaşdırılması və gələcəkdə Avropada əsas rəqibləri olan Sovet İttifaqı, Fransa və İngiltərəyə qarşı mübarizə aparmaq məqsədilə Mərkəzi, Şərqi, Cənub-Şərqi və Şimali Avropanın kiçik dövlətlərinin "sülh" və ya hərbi vasitələrlə özünə birləşdirmək;

– Fransanı dağıtmaq və bütövlükdə Qərbi Avropanı ələ keçirilmək, növbəti mərhələdə isə Sovet İttifaqını məhv etmək üçün həlledici ilkin şərtləri yaratmaq məqsədilə İngiltərəni tabe etdirmək. Bu, iki qitədə ekspansiya siyasətinin davam etdirilməsinin əhəmiyyətli şərti olardı;

– Şərqdə "həyat sahəsi"ni  genişləndirmək məqsədilə Sovet İttifaqını dağıtmaq;

– İtaliya ilə birgə Şimali Afrika ölkələrini ələ keçirməklə müstəmləkəçi Almaniya imperiyasını yaratmaq, Yaxın Şərqin neftlə zəngin olan rayonlarına çıxış əldə etmək və Hindistana müdaxilə etmək;

– Perspektivdə ABŞ-a müdaxilə etmək.

İngiltərə: Almaniya ilə Rusiyanı ölümcül savaşa sürükləmək, müharibə yolu ilə Fransanı zəiflətmək, müharibədən sonrakı Avropa üzərində nəzarəti təmin etmək, Afrikada və Asiyada müstəmləkə torpaqlarını qoruyub saxlamaq, ABŞ-la münasibətlərdə öz mövqelərini gücləndirmək.

Fransa: Almaniya ilə müharibədən qaçmağa cəhd göstərmək, müttəfiqlər axtarıb tapmaq və Britaniya ilə ittifaqa ümid bəsləmək, Avropa işlərində Hitlerə istənilən güzəştlərə hazır olmaq, Almaniya ilə müharibəyə hazırlaşmaq (Majino xətti).

ABŞ: müharibədən öncəki Avropanın işlərinə "qarışmamaq", Amerikadaxili işlərlə məşğul olmaq və Asiya-Sakit okean regionunda hərbi və iqtisadi iştirakı gücləndirmək, dünya səhnəsində əsas rəqiblərin zəifləməsinə aparıb çıxaran Avropa müharibəsini gözləmək, öz kapitalının qoyuluş sferasını genişləndirmək.

Yaponiya: öz nəzarəti altında olan "Böyük Şərqi Asiya birgə çiçəklənmə sferası"nı yaratmaq və bu meqaregiondan ABŞ-ın və Avropanın müstəmləkəçi dövlətlərini sıxışdırıb çıxarmaq. Yaponiyanın hərbi-siyasi rəhbərliyi özünün ən yaxın hədəfini Çini, Qərbi Avropa dövlətlərinin və ABŞ-ın müstəmləkə torpaqlarını, Sovet Uzaq Şərqini ələ keçirməklə Asiyada və Sakit okean hövzəsində hökmranlığın təmin edilməsində görürdü.

Sovet İttifaqı: inadla müharibədən qaçmaq və Avropada kollektiv təhlükəsizlik sistemini yaratmaq, ölkəni təcavüzə qarşı müqavimət göstərməyə hazırlamaq, Qərb ölkələri ilə Yaponiyanın vahid antisovet cəbhəsini yaratmasına yol verməmək.

Birinci dünya müharibəsi kimi, İkinci dünya müharibəsini də yalnız Almaniyanın hazırladığını düşünmək yanlışlıq olardı. Hər iki dünya müharibəsini bu və ya digər dərəcədə dünyanın praktiki olaraq bütün inkişaf etmiş ölkələrinin hökumətləri hazırlayırdı. Almaniya sadəcə növbəti dünya qırğınının təşəbbüskarı oldu.

Bütövlükdə 30-cu illərdə dünyada "geosiyasi gərginlik" həm nəzəri, həm də praktik cəhətdən tədricən yığılırdı və bu, son nəticədə İkinci dünya müharibəsinə gətirib çıxardı”.

Newtimes.az

Paylaş:
1118

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər