Mağarada yaşayan ailələr, sular altında qalan Həsənkeyf və Bakı ilə oxşarlığı olan şəhərdən REPORTAJ
Bundan əvvəlki reportajda Türkiyənin Muş, Bitlis, Siirtin görməli yerləri, mədəniyyəti, mətbəxi ilə bağlı məlumat vermişdik.
1news.az-ın bu reportajında isə isə Bakı ilə oxşarlığı olan Batman şəhərində, Batmanın qədim tarixə malik, sular altında qalan Həsənkeyf rayonunda gəziləcək yerlər, mədəniyyəti ilə bağlı məlumat verəcəyik.
Yəqin ki, bu iki şəhərin - Bakı və Batmanın ortaq cəhətinin nə olması ilə bağlı suallar yaranır. Belə ki, Batmanla Bakının ortaq cəhəti ol neftdir.
Qısaca deyək ki, Batman iqtisadiyyatı əsasən Raman dağından çıxarılan neftə əsaslanır. Türkiyənin neft tələbatının təxminən 20 faizi bu bölgədən təmin olunur.
Malabadi körpüsü
Siirtdən sonra istiqamətimiz Malabadi körpüsünə olur.
Bələdçimiz Mustafa bəy deyir ki, bu körpü Batmanla Diyarbəkirin ortaq dəyəri olaraq qəbul olunur.
“Malabadi körpüsü Artuqlu bəyliyindən İlqazinin oğlu Timurtaş tərəfindən 1147-ci ildə inşa edildiyini bildirir.
“Bu körpü Silvan–Bitlis yolu üzərində, Dəclə üzərində yerləşir,” – deyə Mustafa bəy danışır. “Tək tağlı olan bu tarixi abidə 38,6 metr açıqlığı ilə dünyada daş körpülər arasında ən geniş tağa malikdir. Körpünün hər iki tərəfindən səyyahlar və tacirlər üçün sığınacaq otaqları da var”.
Mustafa bəy Evliya Çələbinin sözlərini xatırladır: “Malabadi körpüsünün altına Ayasofya məbədinin günbəzi girər”.
Onun sözlərinə görə, məşhur tədqiqatçı Albert Gabriel də bu körpünü “öz dövrü üçün heyrətamiz mühəndislik nümunəsi” kimi dəyərləndirib.
Bu möhtəşəm körpünün fonunda foto çəkdirib yolumuza davam edirik.


.jpg)


Gedəcəyimiz yer isə da IV əsrə aid memarlıq nümunəsi olan Mor Kiryakus Monastırıdır.
Monastır Batmanın Beşiri rayonuna bağlı Ayrancı kəndində, Süryani xristianlarının müqəddəs saydığı Tur Abdin bölgəsində yerləşir. IV əsrdə Hələbdən gələn rahiblər tərəfindən salınan bu monastır, bölgənin ilk xristian ibadətgahlarından biridir. Qıra Dağının şərq yamacında tikilən abidə həm memarlığı, həm də tarixi əhəmiyyəti ilə seçilir.
Monastır üç mərtəbəlidir, yeraltı dəhlizlərə və qapalı həyətə malikdir. Daxili tavanındakı səkkizguşəli günbəz və ulduzvari xaçlar incə sənət nümunəsidir. Osmanlı dövründə bir neçə dəfə bərpa olunan Mor Kiryakus Monastırı bu gün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruma altına alınıb və yenilənib.




Gəmiylə səyahət, sular altında qalan, hələ də mağarada yaşayan ailələr, qədim tarixə malik Həsənkeyf
Kilsə ilə bağlı məlumat aldıqdan sonra üzü Həsənkeyfə doğru hərəkət edirik. Batmanın rayonlarından biri olan Həsənkeyf qədim tarixə malikdir. Bu bölgələrə gəlib Həsənkeyfə gəlməmək səyahətin yarımçıq olması mənasına gəlir.
Həsənkeyf minilliklərə uzanan qədim tarixə malik bir yaşayış məskənidir. Arxeoloji qazıntılar burada 12 min il əvvələ aid izlərin mövcudluğunu sübut edib. Dəclə çayının sahilində, Mesopotamiyadan Anadoluyadək uzanan strateji yol üzərində yerləşməsi şəhərə hər dövrdə xüsusi əhəmiyyət qazandırıb. Roma imperatoru II Konstantiy Sasani hücumlarının qarşısını almaq üçün 363-cü ildə Həsənkeyfdə möhkəm qala tikdirib. Sonrakı əsrlərdə şəhər Bizans, Əməvi, Abbasi və Artuqluların hakimiyyəti altında olub. Ən parlaq dövrünü Artuqlular dövründə, paytaxt statusu qazandığı illərdə yaşayıb. 1515-ci ildə Osmanlı imperiyasına daxil edilən Həsənkeyf, XVII əsrdən etibarən ticarət yollarının dəyişməsi ilə tədricən öz əhəmiyyətini itirib.
İlisu bəndinin inşası nəticəsində qədim şəhər sular altında qalacağı üçün 3 km uzaqlıqda Yeni Həsənkeyf salınıb. Tarixi abidələr — məscidlər, türbələr, hamam və qala qapısı — Dəclə sahilində yaradılan “Mədəniyyət parkı”na köçürülüb. Buranın ən nadir abidələrindən olan Zeynalbəy türbəsi 8 kilometr məsafədən daşınaraq yeni salınan Həsənkeyfin mərkəzinə gətirilib.
Həsənkeyf muzeyi
Həsənkeyfin və bölgənin tarixi ilə tanış olmaq üçün Həsənkeyf Muzeyinə baş çəkmək kifayətdir. Burada müxtəlif dövrlərə aid eksponatlar — qədim alətlər, saxsı qablar, sikkələr və bəzək əşyaları sərgilənir. Muzeydə həmçinin Artuqlular, Əyyubilər və Osmanlı dövrlərinə aid nadir tapıntılar yer alır. İnteraktiv bölmələrdə isə su altında qalan qədim Həsənkeyfin 3D modelləri nümayiş olunur.





Gəmi turu
Qədim tarixə malik Həsənkeyfin qalıqları ilə gəmi turunda tanış ola bilərsiniz. Burada bələdçi bizə sular altında qalan şəhər barədə ətraflı məlumat verir. Bildirilir ki, Türkiyənin bəzi məşhur serialları məhz Həsənkeyfdə çəkilir.
Mağarada yaşayan ailələr
Ən maraqlı məqam isə hələ də köhnə Həsənkeyfin su altında qalmayan hissələrində 3 ailənin mağarada yaşamasıdır. Bildirilir ki, onlar ehtiyaclarını qarşılamaq üçün üçün gəmi ilə keçib mərkəzə gəlirlər, lazım olan ərzaqları alıb yenidən mağaralarına qayıdırlar. Onlar həyatlarını heyvandarlıqla keçirirlər. Həsənkeyf gəzintimizi yekunlaşdırıb neft şəhəri olan Batman mərkəzə doğru gedirik.








Səfərimizin son günü olduğu üçün fürsətdən istifadə edib Batman şəhərini gəzirik. Burada həm alış-veriş edə, həm də dadlı təamlardan dada bilərsiniz.
Türkiyənin böyük şəhərlərindən Batmana həm təyyarə, həm avtobus, həm də qatarla gələ bilərsinz. Səfərimiz Türkiyənin Respublika gününə təsadüf etdiyi üçün səyahət etdiyimiz bütün şəhərlər Türkiyə bayrağına bürünmüşdü. Bu da səfərimizə ayrı bir gözəllik verirdi.
Şərqi Anadolunun bu dörd şəhərinə səyahət edərkən, sanki zamanın qatları arasında gəzirsən — bir tərəfdə qədim tarixin səssiz şahidləri, o biri tərəfdə isə həyatın öz axarı ilə davam etdiyi yeni mənzərələr. Bu torpaqlarda hər daş, hər küçə bir hekayə danışır. Qalalar, körpülər, məscidlər və qədim yaşayış yerləri səni tarixlə üz-üzə gətirir, dağların və çayların yaratdığı füsunkar mənzərələr isə səfərə xüsusi rəng qatır.
Burada keçmişlə bu gün bir-birinə qarışır — sanki tarix nəfəs alır, sən isə onun içində addımlayırsan. Yerli bazarlarda sənətkarların əl işlərinə baxmaq, bölgəyə xas dadlarla tanış olmaq bu səyahətin ruhunu tamamlayır.
Xatırladaq ki, 27–31 oktyabr tarixlərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, eləcə də Nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) təşkilatçılığı ilə media nümayəndələri üçün Türkiyənin Muş, Bitlis, Siirt və Batman şəhərlərinə səfər təşkil olunub.
Bakı-Muş-Bitlis-Siirt-Batman-Bakı




















