Prezidentin Naxçıvana səlahiyyətli nümayəndə təyin etdiyi Ceyhun Cəlilov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
1news.az Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunan Ceyhun Cəlilovun dosyesini təqdim edir:
Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə isə magistratura pilləsini bitirib. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsi almış, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə üzrə təhsilini davam etdirib.
O, 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini təyin olunub.
15 mart 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə gətirilib. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunub.












