Mövlud Çavuşoğlu: “Azərbaycan və Türkiyə beynəlxalq aləmdə birlikdə hərəkət edirlər” - FOTO
“Azərbaycan və Türkiyə beynəlxalq aləmdə birlikdə hərəkət edirlər”.
Bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.
Mövlud Çavuşoğlu Ankarada törədilmiş terror aktı ilə əlaqədar başsağlığına və həmrəyliyə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib. O, terrorun bütün formalarına qarşı həmişəkindən daha artıq mübarizə aparılmasının vacibliyini bildirib. Nazir terrorizmə qarşı mübarizədə Azərbaycan ilə Türkiyənin mövqeyinin eyni olduğunu diqqətə çatdırıb. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasınin Ankarada törədilmiş terror aktı səbəbindən baş tutmadığını xatırladıb.
Türkiyəli nazir azərbaycanlı həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin, bir sıra ortaq layihələrin, eyni zamanda, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında müzakirə ediləcək məsələlər barədə fikir mübadiləsi aparıldığını söyləyib. O, beynəlxalq aləmdə Azərbaycan ilə Türkiyənin birlikdə hərəkət etdiklərini vurğulayıb.
Mövlud Çavuşoğlu bir neçə gündən sonra Xocalı soyqırımının 24-cü ildönümünün qeyd olunacağını, bu hadisəni törədənləri lənətlədiyini bildirib.
Elmar Məmmədyarov fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insan tələfatı ilə bağlı qardaş Türkiyə xalqına, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib. Bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.
Nazir görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və regionda baş verən hadisələrlə bağlı səmərəli müzakirələr aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə nümunəvi tərəfdaşlıq, dostluq, qardaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu ilin sonunda istifadəyə veriləcək. Belə mühüm layihələr Azərbaycan və Türkiyə ilə yanaşı, bütövlükdə regionun inkişafı üçün də əhəmiyyətlidir.
AZƏRTAC