Mədət Quliyev: “Əsir-girov və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması prioritet vəzifədir”
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Denis Duran ilə görüşüb.
Komissiyadan 1news.az-a verilən məlumata görə, görüşdə nümayəndəliyin yeni rəhbəri xanım Elena Aymone Sessera da iştirak edib.
Dövlət Komissiyasının sədri M.Quliyev xanım Denis Duranın Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
O, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunması münasibəti ilə xanım Elena Aymone Sesseranı təbrik edərək, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
M.Quliyev qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış ciddi humanitar problem olan əsir-girov və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə fəaliyyətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq daha da intensivləşdirilməsi və təkmilləşdirilməsi prioritet vəzifədir.
Komissiya sədri, ümumən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilmiş görüşlərin və aparılmış müzakirələrin qarşılıqlı faydalı olduğunu söyləyib.
Xanım Denis Duran və xanım Elena Aymone Sessera səmimi qəbula və əməkdaşlıq üzrə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə Dövlət Komissiyasının sədrinə təşəkkürlərini bildiriblər.
Xanım Denis Duran Azərbaycanda üç ildən artıq fəaliyyət göstərdiyi müddət ərzində təmsil etdiyi qurumun nümayəndəliyi ilə general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi xidmətlər arasında daim sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb və bunu yüksək qiymətləndirdiklərini qeyd edib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından bundan sonra da işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
1news.az