Los Ancelesdə xristian, müsəlman və yəhudi dini icmaları Xocalı soyqırımını anıblar – FOTO
Xocalı soyqırımının 24-cü ildönümü ABŞ-ın Los Anceles şəhərində müxtəlif dini etiqad daşıyıcılarının iştirakı ilə keçirilmiş geniş tədbirlə yad olunub.
1news.az-ın verdiyi xəbərə görə, tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun, Los Ancelesdə fəaliyyət göstərən Pico Shul yəhudi sinaqoqunun və nüfuzlu Kral Fəhd Məscidinin birgə təşkilatçılığı ilə sözügedən məsciddə keçirilib.
Tədbirdə Los Ancelesdəki müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri, eləcə də bu dinlərin müxtəlif cərəyanlarına mənsub geniş ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin, Federal Təhqiqatlar Bürosunun Los Anceles nümayəndəliyinin əməkdaşları, müxtəlif siyasətçilər, bir sıra ölkələrin baş konsulları, fəxri konsulları və konsulluq əməkdaşları, eləcə də müxtəlif etnik icmaların fəalları tədbirə qatılıb.
Tədbirdə müsəlman icması adından Kral Fəhd Məscidinin direktoru Məhəmməd Xan, İmam Əbdül Hafiz, yəhudi icması adından Ravvin Dov Kohen və Ravvin Yona Bukstayn, eləcə də xristian icması adından Rahib Oliver E. Blue, Yepiskop Xuan Karlos Mendez və Eamon Kelly Ata çıxış edərək, Xocalı qətliamının dəhşətləri ilə bağlı öz təəssüratlarını bölüşüblər. Natiqlər vurğulayıblar ki, hazırda dünyanın müxtəlif ölkələrində münaqişələr nəticəsində hər gün yüzlərlə insanın qətlə yetirilməsinə diqqət çəkərək bildiriblər ki, bu günkü faciələrin kökündə Xocalı qətliamı kimi dəhşətli hadisələrin vaxtında qarşısının alınmaması dayanır.
Növbəti çıxış üçün söz Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə verilib. Xocalı qətliamının bəşəriyyətin yaddaşında qanlı bir ləkə olduğunu bildirən diplomat, Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq siyasətindən bəhs edib. Baş konsul bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan da daxil olmaqla, ölkənin siyasi rəhbərliyində təmsil olunan bir çox şəxslərin Xocalı qətliamında iştirakı faktarla sübuta yetirilsə də, onlar indiyə qədər məsuliyyətdən yayına biliblər.
Diplomat bununla belə son illərdə Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maariflənməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyini diqqətə çatdıraraq, bu qətliamın dünyanın artıq 10-dan çox dövləti və ABŞ-ın 20 ştatı tərəfindən tanındığını və qətiyyətlə pislənildiyini diqqətə çatdırıb. Bu səpkidə baş konsul son bir neçə həftə ərzində qətliamın pislənilməsi ilə bağlı bəyannamələr imzalamış Havay, Montana və Nebraska ştatlarının qubernatorlarına təşəkkürünü bildirib. İşğalın vurduğu ziyanlara və yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanın müstəqil dövlət kimi inkişafından bəhs edən baş konsul, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə çağdaşlaşdığını, əsl tolerantlıq məkanına çevrildiyini qeyd edib.
Daha sonra Xocalı qətliamının canlı şahidlərindən Anar Usubov çıxış edərək, öz kədərli xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Tədbir, Xocalı qətliamı zamanı ermənilərə əsir düşən azərbaycanlı qadın Dürdanə Ağayeva ilə Baş Konsulluğun sifarişi əsasında 2015-ci ildə Los Ancelesdə lentə alınmış video-müsahibənin nümayişi ilə davam edib. Müsahibə tədbir iştirakçılarını dərindən mütəəssir edib.
Tədbir unudulmaz dua mərasimi ilə başa çatıb. Belə ki, müsəlman, xristian və yəhudi din xadimləri tərəfindən Xocalı qətliamının qurbanlarının xatirəsinə hər üç dinə mənsub dualar oxunaraq, dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün həmrəylik nümayiş etdirilib.
Tədbirin sonunda Xocalı qurbanları üçün ehsan süfrəsi açılıb.
1news.az