Albaniya prezidenti Azərbaycana gəlir
Albaniya Respublikasının prezidenti Buyar Nişani 10-11 mart tarixində Bakı şəhərində keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə 1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər.
Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə keçiriləcək.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum çərçivəsində ümumilikdə dünyanı narahat bir sıra mühüm məsələlər, həmçinin münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri və digər mühüm məsələlər müzakirə ediləcək, o cümlədən bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Buyar Nişani 2012-ci ilin iyulun 24-də Albaniya Respublikasının prezidenti seçilib.
1news.az