Dövlət Komissiyası: Hazırda 3860 nəfər azərbaycanlı ermənilərin əsir və girovluğundadır

“Ermənilər girovları alver predmetinə çevirib və 68 nəfər Azərbaycan vətəndaşını böyük pul müqabilində əsirlikdən azad edib”.
1news.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İçşi qrupunun rəhbərinin müavini Eldar Səmədov "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində" mövzusunda keçirilən dəyirmi masada deyib.
E.Səmədov bildirib ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, 6000-dən artıq Azərbaycan vətəndaşı Ermənistanda əsir və girov götürülüb.
E.Səmədovun sözlərinə görə, indiyə kimi 1435 nəfər şəxs əsir və girovluqdan azad edilib: “Hazırda 3860 nəfər şəxs əsir və girovluqdadır. Bunlardan 3162-i hərbçi, 698 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslərdən 60 nəfər yetkinlik yaşına çatmayan, 249 nəfər qadın, 303 nəfər isə yaşlı şəxslərdir”.
E.Səmədov əlavə edib ki, əsirlikdə saxlanılan Azərbaycan vətəndaşlarının hədə-qorxu, şantaj yolu ilə Ermənistan xüsusi-xidmət oqranları ilə əməkdaşlığa cəlb edilməsi faktları da mövcuddur.
E.Səmədov vurğulayıb ki, girovluqdan azad olunan insanlar üzərində aparılan tibbi müayinələr nəticəsində onlarda yoluxucu xəstəliklər aşkar olunub.