Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün əsas məqsədini açıqlayıb
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı danışıqlarının əsas məqsədi – Qarabağda hərbi əməliyyatların bərpasından sığortalanmaqdır.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu haqda jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov bildirib.
“Hazırda əsas vəzifə – hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz”, - Peskov bildirib.
Onun sözlərinə görə, qarşıdakı danışıqlar asan olmayacaq.
O, həmçinin bildirib ki, bazar ertəsi Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan rəhbərləri İlham Əliyev və Serj Sarkisyanla görüşəcək.
“Prezident ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyanla, sonra Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə yemək yeyəcək”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Peterburqda görüşü apreldə münaqişə zonasında baş verən gərginlikdən sonra ikinci görüşü olacaq. İlk görüş mayın 16-da Vyanda Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) XİN rəhbərlərinin iştirakı ilə baş tutmuşdu.
Görüşün yekun bəyanatında aprelin 5-də nail oluanan atəşkəsə riayət edilməsi, hadisələrin tədqiqat mexanizmləri, həmçinin ATƏT-in fəaliyyətdə olan nümayəndələrinin tərkibinin genişləndirilməsi qeyd edilir. Bundan əlavə, yaxın zamanlarda münaqişənin nizamlanması istiqamətində danışıqların yenilənməsindən də bəhs edilir.
Mövzu ilə əlaqədar oxuyun:
Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ üzrə görüşü gözlənilir
1news.az