Mübariz Əhmədoğlu: Ermənilər Rusiya hakimiyyətinə olan təsirlərini itiriblər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənilər Rusiya hakimiyyətinə olan təsirlərini itiriblər

13:40 - 15 / 07 / 2016
Mübariz Əhmədoğlu: Ermənilər Rusiya hakimiyyətinə olan təsirlərini itiriblər

Ermənistandan fərqli olaraq Azərbaycan həmişə Rusiyaya hörmətlə yanaşıb. Azərbaycan ictimaiyyətində Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın rolunu görməyənlər və ya görmək istəməyənlər hədsiz çoxdur.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən son prosesləri şərh edərkən deyib. Politoloq qeyd edib ki, Azərbaycanda marağı olan iri dövlətlər Azərbaycanda əhalinin Rusiyaya olan münasibətini də geosiyasi mübarizə parametrinə çeviriblər. Onların fikrincə, Azərbaycanın daxilində yer tutmaları üçün Rusiyanı Azərbaycan ictimaiyyətində olan nüfuzunu müəyyən qədər azaltmalıdırlar. Ona görə, həmin dövlətlər Rusiyanın Azərbaycanın daxilindəki mövqeyini zəiflətmək üçün Dağlıq Qarabağ kartından istifadə edirlər:

“Bu istiqamətdə İranın fəallığı göz qabağındadır. İran hətta tarixi iddia irəli sürür- Terek çayınadək bütün Qafqaz  İranın tarixi ərazisidir. İran  tədricən bu ərazilərdə öz nüfuzunu bərpa etməlidir. Ona görə, Rusiyanın bütün Cənubi Qafqazdakı mövqeyinə qarşı özünə xas metodlarla mübarizə aparır. Dağlıq Qarabağ mövzusu bu  mübarizənin əsas predmetdir. Təəssüf ki, hətta Qarabağ mənşəli ictimai-siyasi fəallarımız da bəzən bəzən müəyyən təsirlərdə bu prosesdə iştirak edirlər”.

M.Əhmədoğlu bildirib ki, əslində Dağlıq Qarabağ məsələsi yarananda Azərbaycandan daha çox SSRİ-yə qarşı yönəlmişdi. Əsas məqsəd Azərbaycanı deyil, SSRİ-ni parçalamaq idi:

“ABŞ və SSRİ (RF)-dəki ermənilər öz güclərinə arxalanıb SSRİ-ni dağıtmaq prosesinə qoşuldular. Plan ABŞ-da hazırlanmışdı və ABŞ-dan da idarə olunurdu. Amma ermənilər Moskvada o qədər güclü idi ki, ABŞ-ın planını Rusiyanın nazirlərinə, siyasətçilərinə, hərbçilərinə reallaşdırtdıra bilirdilər. Hətta Rusiyanı ermənilərlə rusların şərikli dövləti hesab etmək olardı. Rusiyanın Xarici İşlər Nazirliyinin yarıdan çoxu ermənilərdən ibarət idi. RF-in mətbuatı tamamilə ermənilərin əlində idi. Belə Moskva Dağlıq Qarabağ məsələsində obyektiv təklif irəli sürə bilməzdi və sürmürdü.

Ermənilərin düşüncəsinə görə, Rusiya onların əlində Azərbaycana, Türkiyəyə və ermənilərin xoşlamadığı digər dövlətlərə qarşı cəza aparatı olmalı idi. Rus siyasətçiləri ermənilərin diqtəsi ilə antiSSRİ və antiRusiya siyasətdə iştirak edirdilər. Bizim əhali də rusları günahkar bilirdi.  Rusiyanın bu siyasətinin mahiyyətini dəyişən Prezident İ.Əliyevin üzün  müddətli fəaliyyəti və tərtökən zəhməti oldu. Ermənilərin “alınmaz qala” hesab etdiyi Moskva İ.Əliyevin gördüyü işlər nəticəsinə onların əlindən çıxdı. Bu dünya erməniliyi üçün bütün tarixi boyu vurulan ən böyük zərbə idi.

İndi Kreml Dağlıq Qarabağ məsələsində ortalığa obyektiv variantlar qoya bilir. Ona görə Azərbaycan bu variantları qəbul edir. S.Sərkisyan isə üç dəfə V.Putini imtina edib. Azərbaycan isə Rusiya ilə istənilən qədər münasibətləri inkişaf etdirməyə hazırdır. Hətta RF Xİ naziri S.Lavrovu qəbul edərkən Prezident İ.Əliyevin dediklərindən belə anlaşılır ki, indi Dağlıq Qarabağ Azərbaycandan daha çox Rusiya üçün problemdir”.

Rusiyanın Dağlıq Qarabağ məsələsində mövqeyi Azərbaycanın xeyrinə dəyişib

Rusiyanın Ön Asiya regionunda yerləşən Azərbaycanın güclənməsində və müstəqil olmasında maraqlı olduğunu deyən M.Əhmədoğlunun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində uğurlu inkişaf bu iki dövlətin bir-birinə qarşılıqlı tamamlayan siyasət aparması dünya ekspertlərinin diqqətindən yayınmayıb. Böyük əksəriyyətin fikrincə, Rusiyanın Dağlıq Qarabağ məsələsində mövqeyi Azərbaycanın xeyrinə dəyişib və bu sövdələşmədir.

Dağlıq Qarabağ məsələsi həll olunduqdan sonra Azərbaycanın AİB və KTMT-yə üzv olacağını deyən politoloq bildirib ki, əslində Rusiya-Azərbaycan münasibətlərində tam fərqli proseslər baş verir:

“Müstəqilliyinin bir qismini itirən, iqtisadi imkanları məhdudlaşan Azərbaycan  Rusiya üçün nəzəri cəhətdən “ərazi” rolundan başqa digər rol oynamayacaq. Rusiyanın öz ərazisi hədsiz çoxdur. Böyük bir qismi az qala nəzarətsizdir. Eləcə də Rusiyanın hərbi imkanları o səviyyədədir ki, aerodromlarını  və ya raket şaxtalarını 100-150 km cənuba doğru irəlilətmək vəziyyətə təsir etmir”. 

Rusiyanın Qafqaz regionu və Yaxın Şərqlə bağlı planlarına da toxunan M.Əhmədoğlu hesab edir ki, Azərbaycanın müstəqilliyinin məhdudlaşdırılması istiqamətində addımlar Türkiyə-Rusiya və İran-Rusiya münasibətlərində ciddi gərginlik yaradacaq:

“Ön Asiya regionunda İran, Türkiyə və Yaxın Şərq regionun bir qisim dövlətləri yerləşir. Rusiya Suriyada uzun müddətli strateji planlar reallaşdırmaq niyyətindədir. Suriyanın dövlətçiliyini möhkəmləndirməklə V.Putin bu siyasəti digər Ərəb dövlətlərinə nümunə kimi göstərir. Rusiyanın Suriya və İraqdakı kürd məsələsinə münasibətdə ərazi bütövlüyü prinsipini dəstəkləməsi, Çinlə birlikdə beynəlxalq hüququ möhkəmləndirmək öhdəliyi götürməsi bu məqsədə xidmət edir. Belə vəziyyətdə Rusiya Azərbaycanın müstəqilliyini məhdudlaşdıran addımlar atarsa, Yaxın Şərqdə heç kim Rusiyanın siyasətinə inanmayacaq. Eləcə də Azərbaycanın müstəqilliyinin məhdudlaşdırılması istiqamətində addımlar Türkiyə-Rusiya və İran-Rusiya münasibətlərində ciddi gərginlik yaradacaq”.

Belə olacağı təqdirdə İran və Türkiyənin Rusiyaya qarşı mübarizə aparmaq üçün legitim əsas əldə edəcəklərini deyən politoloq hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda İran kəskin antiRusiya addımlar ata, Azərbaycanın müdafiəsinə qalxa bilər.

“Bu regionda siyasi və iqtisadi sabitliyin pozulması deməkdir. Məhz Azərbaycan parametri buna imkan vermir. İndi də Prezident İ.Əliyev Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq modelini ortalığa qoymaqda məqsədi də budur. Azərbaycan və İran iş adamları Dağıstanda logistik mərkəz tikirlərsə bu bütövlükdə Qafqaz regionunda sabitliyin ən böyük dayaqlarından birinin tikilməsi anlamındadır.

Yaranmış vəziyyət Rusiyanı Ön Asiya regionunda daha aktiv siyasət aparmağa vadar edəcək. Beləliklə, Azərbaycanın üzərinə düşən məsuliyyət daha da artacaq. Bu həm də Azərbaycan üçün əlavə riskin yaranmasına da səbəb ola bilər. Rusiya prezidenti V.Putin 2013-cü ilin yayında Prezident seçkiləri ərəfəsində Bakıda olarkən Azərbaycanın tarixi problemlərinin həlli istiqamətində verdiyi bəyanat faktiki bünövrə rolunu oynayır. Dağlıq Qarabağ tənzimlənməsində indi Rusiyanın apardığı siyasət Rusiyanın vədinə sadiqliyinin göstəricisidir. Amma bu azdır. Azərbaycanın strateji təhlükəsizliyinin təmini Rusiyadan əlavə addımların atılmasını tələb edir. Bu Zəngəzurun Azərbaycana qaytarılmasıdır. Bununla da Rusiya və Azərbaycanın qarşılıqlı tamamlama siyasəti uzun müddət hər iki dövlət, o cümlədən bütövlükdə region üçün yalnız fayda gətirəcək”.

Dağlıq Qarabağın statusunun müəyyən edilməməsinin günahkarı Ermənistan və ATƏT-in Minsk qrupudur

M.Əhmədoğlu Dağlıq Qarabağın statusunun müəyyən olunması mövzusunun aktuallaşmasına da diqqət çəkərək bildirib ki, Dağlıq Qarabağın statusunun müəyyən edilməməsinin günahkarı Ermənistan və ATƏT-in Minsk qrupudur.

“Dağlıq Qarabağın statusunun müəyyən olunmasından sonra Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır. Bu amerikalı həmsədr Uorlikin variantıdır. Ermənilər də təxminən belə düşünür. Uorlik statusun müəyyən olunduqdan sonra 7 rayonu qaytarmaq istəyirsə, ermənilər cəmi 5 rayonu qaytarmaq istəyir. Azərbaycan isə əvvəlcə 7 rayonun qaytarılmasını, sonra isə statusun müəyyən olunmasını arzulayır. Statusun müəyyən olunmasında maneələrdən biri də statusu müəyyən edəcək subyektdir. Ermənilərin və amerikalı həmsədr Uorlikin fikrincə, bu subyekt Dağlıq Qarabağ erməniləridir. Azərbaycanın fikrincə, isə Dağlıq Qarabağın statusunu müəyyənləşdirən subyekt Dağlıq Qarabağın əhalisidir; Orada yaşamış azərbaycanlılarla indi orada yaşayan ermənilərin məcmuyu Dağlıq Qarabağın əhalisidir. Azərbaycanın statusun müəyyən olunması ilə bağlı mövqeyi bütün parametrlər üzrə Yenilənmiş Madrid Prinsipləri ilə üst-üstə düşür. Amma Ermənistanın statusun müəyyən olunması ilə bağlı mövqeyi beynəlxalq hüquqdan uzaqdır və xeyli volyuntaristdir.

Qəribə vəziyyət yaranıb. Ərazilər qayıtmır, çünki status müəyyən olunmayıb. Status müəyyən olunmur, çünki ərazilər qaytarılmır. Bu qapalı dairə mövcud olduqca Dağlıq Qarabağ münaqişəsi dinc yolla tənzimlənməyəcək. Həmin qapalı dairəni iki üsulla yarmaq olar: Birincisi normal moderatorluq fəaliyyətidir. Moderator aydın şəkildə bildirməlidir ki, Dağlıq Qarabağın statusunun müəyyənləşməsi yalnız Dağlıq Qarabağdan deportasiya olunan azərbaycanlılar öz torpaqlarına qayıtdıqdan sonra mümkündür. Normal moderator izah etməlidir ki, Dağlıq Qarabağ erməniləri təkbaşına heç vaxt Dağlıq Qarabağın statusunu müəyyən edə bilməyəcək. Normal moderator “əhali” və “millət” terminlərinin ingilis dilindən fərqli olaraq Azərbaycan, rus, erməni dillərində müxtəlif mahiyyət daşıdıqlarını nəzərə almalıdır.

İkinci variant hərbi komponentin iştirak variantdır. Ermənistanın hərbi güclü olacaqsa, o zaman əvvəlcə status müəyyənləşər, sonra ətraf rayonlar qayıdar. Yox əgər Azərbaycan ordusu güclü olacaqsa, o zaman əvvəlcə ətraf rayonlar qayıdar, sonra status müəyyənləşər.

Hərbi komponentin belə iştirakını idarə etmək üçün güclü hakimə ehtiyac var. Oyunun başlanma fitini verir, sonra növbəti fitlə də oyunu dayandırır.

ATƏT-in Minsk qrupu normal vasitəçilik edə bilmədi. Onun fəaliyyəti vəziyyəti müharibəyə qədər gətirib çıxartdı. İndi ATƏT MQ yaxşı hakim olduğunu sübut etməlidir. Bu olmayacaqsa, ATƏT MQ-nin vasitəçilikdən imtina etməsi daha məsləhətlidir. Çünki ATƏT MQ-nin hakimliyi ilə Dağlıq Qarabağ münaqişəsi regionunda başlayan müharibə qaydasız oyuna çevriləcək. ATƏT MQ bunu istəyirsə vasitəçiliyini bu qaydada davam etdirər”.

NATO-nun baş katibi Dağlıq Qarabağ məsələsinə ədalətsiz münasibət nümayiş etdirir

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində NATO-nun roluna toxunan M.Əhmədoğlu sözügedən qurumun baş katibini Dağlıq Qarabağ məsələsinə ədalətsiz münasibət nümayiş etdirməkdə qınayıb:

“NATO baş katibi Yan Stoltenberq Varşava sammitindən iki gün keçmiş paylaşdığı tvitində Azərbaycanla Ermənistanın NATO üçün eyni önəm daşıdığını bildirdi və hər iki tərəfi dinc tənzimləməyə çağırdı. Y.Stoltenberqin bu tvitinin mahiyyəti düşünməyə əsas verir ki, NATO-da kimsə Azərbaycanla Ermənistanı eyni dəyərli hesab etmir. Bu həqiqətən belədir. NATO-nun Buxarest sammitindən başlayaraq sonrakı bütün sammitləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanın ərazi bütövlüyünü Moldova və Gürcüstanın ərazi bütövlüyü ilə eyni tutub. Bu Azərbaycan üçün yanıqlı məsələdir. Qərb ictimaiyyəti Gürcüstanın və Moldovanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədikləri halda Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyi əksərən “unudublar”. NATO ilə əməkdaşlığa hədsiz çox can atan Ermənistanı isə NATO sammitlərinin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək narahat edib. Həmişə müxtəlif variantlarda bu dəstəyin təsirini azaltmağa çalışıb. Y.Stoltenberqin tviti məhz bu prizmadan ermənilərin maraqlarını ödəmək üçün nəzərdə tutulub.

Ermənistandan fərli olaraq NATO-nunsülhməramlı kampaniyalarında daha fəal iştirak etməsinə toxunan M.Əhmədoğlunun fikrincə, Azərbaycan üzərinə götürdüyü funksiyadan imtina etsə, cəmi bir il ərzində Y.Stoltenberqin səmərəsiz baş katib olması məsələsi gündəliyə gələ bilər:

“Ermənistan cəmi bir parametr üzrə Əfqanıstan kompaniyasında iştirak edir. Eləcə də NATO-nun digər kompaniyalarında da Ermənistan yalnız sülhməramlı qismində iştirak edib. Azərbaycan NATO-nun Əfqanıstan kompaniyasında ən azı beş parametr üzrə iştirak edir: ı. Azərbaycan Əfqanıstan kompaniyasında mühüm tranzit həlqəsidir. Azərbaycanın rolu az qala alternativsizdir. Azərbaycan bu funksiyasından imtina etsə, cəmi bir il ərzində Y.Stoltenberqin səmərəsiz baş katib olması məsələsi gündəliyə gələ bilər.

Bu gün NATO-nun, eləcə də ABŞ-ın Pakistanla münasibətlərinin idarəolunan qaydada davam etməsi də məhz Azərbaycanın tranzit roluna görədir. ıı. Azərbaycanın NATO-nun Əfqanıstan kampaniyasının maliyyələşməsində iştirak edir. ııı. Azərbaycan Əfqanıstan üçün Qərb standartlarına uyğun diplomatlar hazırlayır. ıv. Azərbaycan Əfqanıstan üçün Qərb standartlarına uyğun sərhədçilər hazırlayır. v. Azərbaycanın Əfqanıstan və Mərkəzi Asiya regionu ilə bu mövzudakı əlaqələri Əfqanıstanda Qərbin maraqlarını normal qəbul olunmasına xidmət edir. Buyursun Y.Stoltenberq məntiqlə əsaslandırsın ki, NATO üçün kim vacibdir. Ermənistan, yoxsa Azərbaycan”.

Ermənistanın NATO-nun sülhməramlı əməliyyatlarında iştirakının daha bir spesifik xüsusiyyətinin olmasını qeyd edən politoloq bildirib ki, Ermənistan hərbçiləri yalnız müsəlman dövlətlərində sülhməramlılıq missiyasını yerinə yetirirlər:

“S.Sərkisyan və E.Nalbandyan BMT-nin sülhməramlılığa həsr olunmuş son tədbirində iştirakçıların diqqətini Ermənistan sülhməramlılığının coğrafiyasına diqqət verməyə çağırdılar. Başqa sözlə, NATO-da Ermənistanın sülhməramlılığı antiİslamdır və Ermənistan NATO-nu xristian-müsəlman qarşıdurmasına qoşmağa cəhd edir. Y.Stoltenberq bu Ermənistanı dəstəkləyir. Y.Stoltenberqin dəstəklədiyi Ermənistan 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayır. Y.Stoltenberq də daxil olmaqla Qərb liderlərinin davranışına baxanda dünyanın niyə belə problemli olduğunun səbəbi aydınlaşır”.

1news.az

Paylaş:
581

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər