Azərbaycanda peşə təhsili: Hamı hüquqşünas olmaq istəyir, bəs yolları və zavodları kim quracaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda peşə təhsili: Hamı hüquqşünas olmaq istəyir, bəs yolları və zavodları kim quracaq?

09:53 - Bu gün
Azərbaycanda peşə təhsili: Hamı hüquqşünas olmaq istəyir, bəs yolları və zavodları kim quracaq?

Azərbaycanda peşə təhsili: Hamı hüquqşünas olmaq istəyir, bəs yolları və zavodları kim quracaq?

Azərbaycanda hələ də universitet diplomuna kult kimi yanaşılır.

Gənclərə kiçik yaşlarından ali məktəbə daxil olmağın “həyatda öz yerini tapmağın” yeganə yolu olduğu aşılanır.

Valideynlər övladlarını hüquqşünas, iqtisadçı, həkim kimi görmək arzusundadırlar. Bu çərçivədən kənara çıxan peşələr isə sanki uğursuzluq kimi qəbul edilir. Halbuki dünya çoxdan dəyişib və onunla birlikdə əmək bazarı da dəyişib.

Paradoks ondadır ki, hüquqşünas və ya mühasib diplomlularının bolluğu fonunda ölkədə konkret praktik bacarıqlara sahib mütəxəssislərə ciddi ehtiyac var. Elektrotexniklər, avtomatlaşdırma üzrə mütəxəssislər, aqrarçılar, qida istehsalı texnoloqları, tikinti və memarlıq ustaları – bütün bu peşələr bu gün ənənəvi “prestijli” ixtisaslardan az tələb olunmur, bəzən isə onlardan daha çox aktualdır.

Azərbaycanda peşə-ixtisas təhsili sistemi fəaliyyət göstərir. Bu, “ikinci sort” deyil, həm ümumi orta təhsili, həm də tətbiqi hazırlığı birləşdirən tam hüquqlu təhsil yoludur. Tələbələr yalnız baza bilikləri deyil, həm də seçilmiş sahədə ixtisaslaşmış tapşırıqları icra etmək bacarığını təsdiqləyən konkret kvalifikasiyanı qazanırlar.

Hazırda peşə təhsili sistemində 10 əsas istiqamət mövcuddur:

– incəsənətşünaslıq,
– iqtisadiyyat və avtomatlaşdırma xidməti,
– kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı,
– energetika, elektrotexnika və cihazqayırma,
– radiotexnika, metallurgiya, maşınqayırma və metal emalı,
– aviasiya, raket-kosmik və dəniz texnikası, nəqliyyat vasitələri,
– kimyəvi və biokimyəvi texnologiyalar,
– ilkin tələbatlar və qida texnologiyaları,
– tikinti və memarlıq.

Məhz bu istiqamətlər ölkənin infrastrukturunu formalaşdırır. Bu – mühəndislər, texnoloqlar, ustalardır ki, onlarsız nə iqtisadiyyat, nə şəhərlər, nə də gündəlik həyat inkişaf edə bilər.

Martin Lüter Kinqin dediyi kimi: “Heç bir iş kiçik deyil. İnsanlığı ucaldan bütün əmək şərəf və əhəmiyyət daşıyır və ən yüksək dəqiqliklə icra olunmalıdır. Valideynlər də məhz bunu unutmamalıdırlar – övladlarının əməyə və işə yanaşmasını formalaşdırarkən.

Sistemin perspektivləri barədə daha ətraflı öyrənmək üçün biz Dövlət Peşə Təhsili Agentliyinin PR və kommunikasiya sektoru müdiri Ayten Səfərəliyevaya də müraciət etdik.

- Cəmiyyətdə hələ də belə bir fikir var ki, peşə təhsilini yalnız “universitetə qəbul ola bilməyənlər” seçir. Bu, reallığa nə dərəcədə uyğundur? Və sizin fikrinizcə, niyə valideynlər övladlarının peşə məktəbində oxumasını deməkdən çəkinirlər?

- Bu yanaşma illərlə formalaşmış köhnə stereotiplərin nəticəsidir. Halbuki müasir dövrdə peşə təhsili əmək bazarında öz mövqeyini gücləndirən, gənclərə real imkanlar açan bir təhsil istiqamətidir. İlk növbədə nəzərə almaq lazımdır ki, peşə məktəbində oxumaq heç də ali təhsil almaq imkanını aradan qaldırmır. Əksinə, yüksək texniki peşə səviyyəsi təhsili subbakalavr diplomu verir və bu diplomla məzunlar istədikləri halda universitetlərdə təhsillərini davam etdirə bilirlər. Yəni peşə təhsili istiqamətində getmək universitet yolunu bağlamır, sadəcə həmin yola əlavə üstünlüklər qatır. Tələbə əvvəlcə praktik bacarıqlar qazanır, sonra isə ali məktəbdə nəzəri biliklərlə bu bacarıqları daha da gücləndirir. Nəticədə ortaya həm nəzəriyyəni bilən, həm də praktik iş təcrübəsinə malik güclü kadr çıxır. Digər tərəfdən, əmək bazarının real tələbləri də göstərir ki, peşə təhsili olan gənclər üçün məşğulluq imkanları da kifayət qədərdir. Çünki işəgötürənlər yalnız nəzəri biliklə kifayətlənmirlər, praktiki bacarıqları da yüksək qiymətləndirirlər. Bir çox hallarda peşə məktəbindən məzun olanlar daha tez işə düzəlir və daha sürətli karyera qururlar.

Valideynlərin peşə təhsili barədə açıq danışmaqdan çəkinməsinin isə bir neçə səbəbi var. Çox vaxt valideynlər düşünürlər ki, övladlarının peşə məktəbində oxuduğunu demək onların “təhsildə zəif” olduğunu göstərə bilər. Digər bir səbəb isə köhnə dövrdən qalma yanaşmadır – vaxtilə peşə məktəbləri zəif oxuyan və ya intizamsız şagirdlər üçün seçim kimi görülürdü. Halbuki bu stereotip artıq həqiqətə uyğun deyil. Peşə təhsil müəssisələrinə qəbul zamanı attestat və ya şəhadətnamə balı əsas götürülür. Yəni, peşə məktəbinə hər kəs istədiyi kimi daxil olmur, seçilən ixtisasdan asılı olaraq müəyyən bal göstəricisi tələb olunur.

Nəticə olaraq, “peşə təhsili yalnız universitetə daxil ola bilməyənlər üçündür” fikri artıq köhnəlmiş bir stereotipdir. Əslində peşə təhsili gənclərə həm əmək bazarında sürətli uğur qazanmaq, həm də ali təhsil almaq imkanı verən çevik və real həyati yol təqdim edir.

- Bu gün peşə məktəbləri Azərbaycanın iqtisadiyyatı üçün zəruri olan kadrların hazırlanmasında hansı rolu oynayır?

- Müasir dövrdə Azərbaycanın iqtisadi inkişafı üçün ən vacib məsələlərdən biri əmək bazarının real tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasıdır. Bu baxımdan peşə məktəblərinin rolu danılmazdır çünki peşə təhsili gənclərə birbaşa praktik bacarıqlar qazandırır. Nəticədə işəgötürənlər ehtiyac duyduqları kadrları peşə məktəblərindən təmin edə bilirlər. Elektrik, mexanika, informasiya texnologiyaları, logistika, turizm, kulinariya və s. kimi sahələrdə ixtisaslı işçi qüvvəsinin yetişdirilməsi iqtisadiyyatın davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Peşə təhsili həm də kiçik və orta sahibkarlığın inkişafına güclü dəstək verir. Belə ki, gənclər peşə məktəblərində qazandıqları bilik və bacarıqlar sayəsində təkcə işə düzəlmir, eyni zamanda öz bizneslərini quraraq sahibkarlıq fəaliyyəti üçün imkanlar əldə edirlər. Aşpazlıq, dülgərlik, kompüter təmiri, dizayn, toxuculuq kimi sahələr üzrə yetişən mütəxəssislər sonradan özəl müəssisələr açaraq iqtisadiyyata əlavə dəyər qatırlar. Bu isə həm məşğulluğun artmasına, həm də iqtisadi fəallığın güclənməsinə xidmət edir. Nəticə etibarilə, peşə məktəbləri Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafında mühüm vasitədir. Praktiki biliklərə sahib, bacarıqlı və təşəbbüskar gənclərin yetişməsi daha keyfiyyətli məhsul istehsalına, güclü xidmət sahələrinin formalaşmasına və ölkənin beynəlxalq bazarda mövqeyinin möhkəmlənməsinə şərait yaradır.

- Peşə məktəbləri necə qiymətləndirilir? Məzunların işlə təmin olunması ilə bağlı statistik məlumat varmı?

- Peşə məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi bir neçə meyar əsasında aparılır. Buraya təhsil proqramlarının müasirliyı, tələbələrin nailiyyətləri, maddi-texniki baza, müəllimlərin peşəkarlığı və ən əsası məzunların əmək bazarında uğuru daxildir. Biz mütəmadi olaraq müəssisələrin göstəricilərini izləyir, monitorinqlər və sorğular keçiririk.

Məzunların işlə təmin olunması ilə bağlı statistik məlumatlar da toplanır. Son illərdə əmək bazarı ilə əməkdaşlıq genişlənib və bu, məzunların iş tapmaq imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Müxtəlif ixtisaslarda məzunların böyük bir qismi təhsil aldıqları sahə üzrə işlə təmin olunur. Əlbəttə, bu prosesdə işəgötürənlərin marağı və regionlarda olan iqtisadi imkanlar da mühüm rol oynayır.

Ümumiyyətlə, bizim məqsədimiz yalnız məzunların sayını artırmaq deyil, onların peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğun olmasını təmin etməkdir.

- Demək olarmı ki, peşə məktəblərinin məzunları çox vaxt ali təhsil diplomuna sahib olanlardan daha tez iş tapırlar?

- Bunu müəyyən mənada demək olar. Çünki peşə məktəblərinin məzunları praktik bacarıqlara sahib olduqları üçün bir çox sahələrdə işəgötürənlər tərəfindən daha tez işə qəbul olunurlar. Xüsusilə xidmət, sənaye, texniki və istehsal sahələrində peşə bacarığı olan gənclərə tələbat çoxdur.

Amma bu, ali təhsilin əhəmiyyətini azaltmır. Sadəcə əmək bazarında həm praktik bacarığa, həm də nəzəri biliklərə ehtiyac var. Peşə təhsili daha çox operativ şəkildə iş bazarına çıxışı təmin edir, ali təhsil isə uzunmüddətli karyera inkişafına daha geniş imkanlar yaradır.

- Hansı müasir peşə və ixtisaslar məhz peşə məktəbi məzunları arasında daha çox tələbat görür?

- 2025/2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsindən ən çox müraciət olunan ixtisaslar aşağıdakılar olmuşdur:

Aşpaz, Mühasibat uçotu, Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, Əməliyyatçı-mühasib, Bərbər-vizajist-manikürçü, Qrafik dizayner, Avtomobil üzrə elektrik, Veb dizayn və proqram təminatı, Kompüterlərin təmiri və xidməti üzrə texnik, Veb dizayner və proqram təminatçısı

- Bu gün peşə məktəbləri nə dərəcədə müasir avadanlıq, laboratoriyalar və tədris proqramları ilə təmin olunub?

- Bu gün Azərbaycan peşə məktəbləri sürətlə müasirləşir. Onlar artıq köhnə yanaşmadan çıxaraq müasir avadanlıq, tam təchiz olunmuş laboratoriyalar və əmək bazarının tələblərinə uyğun tədris proqramları ilə təmin olunurlar. Peşə təhsilinin inkişafı istiqamətində bir sıra müasir laboratoriya və tədris avadanlıqları ilə təchiz edilmiş peşə mərkəzləri mövcuddur. Bu mərkəzlər həm tədris keyfiyyətini artırmaq, həm də əmək bazarının tələblərinə uyğun kadr hazırlığını təmin etmək məqsədini daşıyır. Buna misal olaraq, geniş tədris və emalatxana sahələri, yataqxana və idman infrastrukturu ilə təchiz olunmuş Bərdə Dövlət Peşə Təhsil Mərkəzini; STEAM Mərkəzi, laboratoriyalar, emalatxanalar, avtotəmir sahəsi və maldarlıq ferması ilə fərqlənən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzini; texniki ixtisas laboratoriyaları və geniş tədris avadanlığı ilə peşə təhsilində innovasiya mərkəzinə çevrilmiş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini və digər oxşar müəssisələri misal göstərmək olar.

Hazırda tələbələr təhsil aldıqları müəssisələrdə real iş mühitinə uyğun şəraitdə öyrənirlər. Texniki siniflər, innovativ laboratoriyalar və müasir təlim mərkəzləri gənclərə nəzəri bilikləri praktik bacarıqlarla birləşdirmək imkanı yaradır. Belə təhsil yanaşması yalnız onların bilik səviyyəsini artırmır, həm də əmək bazarında rəqabət qabiliyyətini gücləndirir. Peşə məktəblərində tədris proqramları hər il yenilənir və yeni ixtisaslar əlavə olunur. Bu, əmək bazarının dəyişən tələblərinə çevik cavab vermək məqsədini daşıyır. Bu yeniliklər tələbələrin həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətə hazır olmalarını təmin edir. Bundan əlavə, dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələr həyata keçirilir. Bu layihələr tələbələrə yalnız nəzəri bilik vermir, həm də real iş təcrübəsi qazandırır. Peşə məktəblərində belə əməkdaşlıq, texnologiyaların tətbiqi və praktiki təlim imkanları gənclərin peşəkar inkişafını sürətləndirir. Nəticədə, müasir avadanlıq, zəngin laboratoriyalar və bazara uyğun tədris proqramları peşə məktəblərini sadəcə təhsil müəssisəsi deyil, gələcəyin kadr hazırlıq mərkəzinə çevirir. Bu da Azərbaycanın əmək bazarının güclənməsinə, iqtisadi inkişafına və beynəlxalq rəqabət qabiliyyətinin artmasına böyük töhfə verir.

- Cəmiyyətdə peşə təhsilinin nüfuzunu necə artırmaq olar?

Cəmiyyətdə peşə təhsilinin nüfuzunu artırmaq üçün biz bir neçə istiqamətdə sistemli işlər aparırıq. İlk növbədə, gənclərin və valideynlərin məlumatlandırılmasına xüsusi diqqət ayırırıq. Bunun üçün həm regionlarda, həm də paytaxtda yerləşən peşə təhsili müəssisələrində açıq qapı günləri, ümümtəhsil müəssisələrinə infoturlar təşkil edirik ki, ictimaiyyət təhsil müəssisələrimizin imkanları ilə yaxından tanış olsun.

Eyni zamanda, sosial şəbəkələrdə və mediada tələbə və məzunların uğur hekayələrini paylaşırıq. Onların öz təcrübələri peşə təhsilinin nə qədər perspektivli olduğunu daha yaxşı göstərir.

Bizim üçün işəgötürənlərlə əməkdaşlıq da prioritetdir. Şirkətlərlə birlikdə tələbələrimiz üçün praktiki təcrübə imkanları yaradılır və bu da onların məzun olduqdan sonra əmək bazarına daha asan daxil olmalarına şərait yaradır.

Beynəlxalq tərəfdaşlıqlar da nüfuzun artırılmasında mühüm rol oynayır. Müxtəlif ölkələrin qabaqcıl təcrübələrini öyrənir, birgə layihələr həyata keçiririk. Bununla da gənclərə yalnız yerli deyil, qlobal əmək bazarında da rəqabət qabiliyyətli olmaq imkanı veririk.

Ümumiyyətlə, məqsədimiz peşə təhsilini gənclər üçün cəlbedici, valideynlər üçün etibarlı, işəgötürənlər üçün isə real əməkdaşlıq platforması kimi təqdim etməkdir. Bu istiqamətdə gördüyümüz işlərin nəticəsi olaraq son illərdə peşə təhsilinə marağın artdığını müşahidə edirik”.

- Yaxın illərdə yeni peşə məktəblərinin və ya peşə yönümlü ixtisaslaşmış siniflərin açılması planlaşdırılırmı?

- Son illərdə peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yenilənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu çərçivədə Bakı, Bərdə, Cəlilabad və Lənkəran şəhərlərində müasir tələblərə cavab verən yeni peşə təhsili müəssisələrinin yenidənqurma işləri aparılmışdır. Eyni zamanda, Bakı və digər regionlarda otuzdan artıq müəssisədə əsaslı və cari təmir işləri həyata keçirilmiş, müxtəlif ixtisaslar üzrə 11 emalatxana müasir standartlara uyğun avadanlıqlarla təmin olunmuşdur. “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində isə Füzuli Dövlət Peşə Təhsil Mərkəzində yenidənqurma, Şuşa Dövlət Peşə Təhsil Mərkəzində isə əsaslı təmir işləri icra edilməkdədir. Hazırda da peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir

2026-cı ilə qədər peşə təmayüllü siniflərin sayı 15%-ə çatacaqdır və ümumi orta təhsil məktəblərinin 15%-ni əhatə edəcəkdir

- Təhsilalanlar üçün mövcud peşə və ixtisasların siyahısı genişlənəcəkmi?

- İxtisasların mövcudluğu əmək bazarının və iqtisadi inkişafın çağırışlarına bağlıdır. 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Planına əsasən, peşə təhsilində yeni ixtisasların yaradılması davam etdirilir. Hər il təxminən 15 yeni ixtisas təqdim olunur. Bu tədbir əmək bazarının və iqtisadiyyatın dəyişən tələblərinə uyğun kadr hazırlığını təmin etmək məqsədi daşıyır. Belə ki, tələbələr gələcəyin peşələrinə sistemli və effektiv şəkildə hazırlanmış olurlar. Peşə təhsilində ixtisasların siyahısının genişlənməsi də prosesin vacib hissəsidir. Əsas məqam əmək bazarının tələbi qeyd oluna bilər. Peşə və ixtisasların siyahısının genişlənməsi əsasən əmək bazarında yaranan ehtiyaclara görə müəyyən olunur. Hansı sahələrdə ixtisaslı kadrlara ehtiyac varsa, həmin sahələr üzrə yeni ixtisaslar proqramlara əlavə olunur. Azərbaycanda rəqəmsal texnologiyalar, istehsalatda avtomatlaşdırma və xidmət sahələrində sürətli inkişaf müşahidə olunur. Buna görə də artıq rəqəmsal məzmun idarəçiliyi, istehsalata rəqəmsal nəzarət və kibertəhlükəsizlik kimi ixtisaslar peşə təhsilinə daxil edilib. Bundan əlavə iqtisadiyyatın inkişafı təhsil sisteminə təsir edir. İqtisadiyyat daim dəyişir və bu dəyişikliklər təhsil sisteminə birbaşa təsir göstərir. Yeni iqtisadi trendlər peşə və ixtisas seçimlərini formalaşdırır. Məsələn, yaşıl iqtisadiyyat sahəsində bərpa olunan enerji və ekoloji texnologiyalara tələbat artır. Bu səbəbdən "Alternativ enerji qurğuları və avadanlıqlarının istismarı" kimi ixtisaslar aktuallıq qazanır. Rəqəmsal transformasiya çərçivəsində data analiz, süni intellekt və proqram təminatı kimi sahələr ön plana çıxır. Bu istiqamətdə, "Rəqəmsal inşaat üzrə mütəxəssis" və "3D rəqəmsal oyun dizayneri" kimi ixtisaslar tələb olunur. Bütün bu tendensiyalar tələb olunan ixtisasların yenilənməsini və təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasını zəruri edir. Əmək bazarının dinamikası və texnologiyanın inkişafı nəticəsində yeni peşələr yaranacaq. Bu səbəbdən tələbələr hazırda yalnız mövcud ixtisaslara deyil, həm də gələcəkdə ortaya çıxacaq sahələrə hazır olmalıdırlar.

Nəticə olaraq, təhsilalanlar üçün mövcud peşə və ixtisas siyahısının genişlənməsi qaçılmazdır. Bu, əmək bazarının, iqtisadi trendlərin və texnologiyanın dəyişməsi ilə birbaşa bağlıdır. Təhsil sistemimizin əsas məqsədi tələbələri gələcəyin çağırışlarına hazırlamaqdır.

Peşə məktəbləri bölgələrdə və kənd yerlərində yaşayan uşaqlar üçün nə dərəcədə əlçatandır?

2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb və 73 bölgədən 27 021 nəfər tələbə qəbul olub. Qəbul imtahansız, attestat qiymətlərinə əsasən və elektron şəkildə keçirilir. Hər bir Azərbaycan vətəndaşı üçün peşə təhsili dövlət tərəfindən təmin olunur - ödənişsizdir və təqaüd verilir.

- Peşə məktəbi tələbələri üçün dəstək proqramları və təqaüdlər mövcuddurmu?

- 2021-2022-ci tədris ilindən başlayaraq peşə təhsili pilləsində təqaüdlər təhsil nəticələrinə əsasən verilir. Qanunvericilik aktlarına edilmiş dəyişikliklər peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinin yüksəlməsinə, tədris prosesində tələbələrin fəallığının artmasına və onların təhsilə marağının stimullaşdırılmasına müsbət təsir etməklə yanaşı tələbələrə dövlət qayğısının artırılmasına və onların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Peşə təhsilində təhsil nəticələrinə əsaslanan differensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcək. Bundan sonra təqaüdün verilməsində yeganə göstərici təhsil nəticələri olacaq. Bu yanaşmanın tətbiqi peşə təhsilinə akademik göstəriciləri daha yaxşı olan abituriyentlərin marağının artmasına şərait yaradacaq. Qeyd edək ki, ötən dövrdə peşə təhsili müəssisələrində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə, yəni aylıq olaraq 50 manat məbləğində təqaüd ödənilirdi. Son dəyişikliklərə əsasən, təqaüdün aylıq məbləği təhsil nəticələrindən asılı olaraq aşağıdakı kimi fərqləndirilib. Belə ki, peşə təhsili pilləsində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə 110 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə 90 manat və akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə 70 manat aylıq təqaüd ödənilir.

- Peşə məktəblərinə münasibəti dəyişmək üçün dövlət, işəgötürənlər və təhsil müəssisələrinin özləri hansı addımları ata bilərlər?

- Peşə məktəblərinə münasibəti dəyişmək üçün müxtəlif tərəflərin üzərinə məsuliyyət düşür.

Dövlətin əsas rolu bu sahəyə investisiyanı artırmaq, təhsil müəssisələrinin maddi-texniki bazasını yeniləmək və müasir standartlara uyğun kadr hazırlığını dəstəkləməkdir. Biz artıq bu istiqamətdə bir çox layihələr həyata keçiririk və nəticələri ictimaiyyət açıq şəkildə görür.

İşəgötürənlərin üzərinə gəlincə, onların peşə təhsili müəssisələri ilə daha sıx əməkdaşlıq etməsi vacibdir. Təcrübə yerlərinin yaradılması, birgə təlim proqramlarının hazırlanması və məzunların işlə təmin olunmasına dəstək göstərilməsi peşə məktəblərinə münasibəti müsbətə doğru dəyişir.

Təhsil müəssisələrinin özləri isə həm keyfiyyətli tədris, həm də ictimaiyyətlə aktiv ünsiyyət üzərində işləməlidir. Müəllimlərin peşəkarlığının artırılması, yeni ixtisasların açılması, tələbələrin uğurlarının cəmiyyətə təqdim olunması bu sahənin nüfuzunu gücləndirir.

Ümumilikdə, dövlət, işəgötürənlər və təhsil müəssisələri birgə fəaliyyət göstərdikdə peşə məktəblərinə münasibətin dəyişməsi daha sürətli və dayanıqlı olacaq.

- Müsahibə üçün təşəkkür edirik!

Statistika rəqəmlərlə

Əlavə olaraq qey edək ki, 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 27021 nəfərin qəbul olunması ilə başa çatıb. Qəbul olunan tələbələrin 84%-i dövlət sifarişi əsasında, 16%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.

2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 39%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub. Dual peşə təhsili proqramı üzrə 1777 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2590 nəfər qəbul olunub. Həmçinin, 65 nəfər ali təhsilli, 298 nəfər orta ixtisas təhsilli şəxs, 84 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.

25-2026-cı tədris ilində 10 yeni ixtisasın tədrisinə start verilib. . Hazırlıq işləri çərçivəsində texniki və yüksək texniki peşə təhsili səviyyələrində təhsil proqramlarında yeniliklər və müvafiq dəyişikliklər tətbiq olunub. Həmçinin cari tədris ili üçün tələbələrin bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə 72 adda dərslik çap olunub. Buraya müəlliflərimiz tərəfindən hazırlanmış, eyni zamanda xarici dildən azərbaycan dilinə tərcümə edilmiş dərsliklər daxildir.

Bu məlumatlar açıq şəkildə göstərir ki, Azərbaycanda peşə təhsili tədricən universitet kultunun kölgəsindən çıxaraq gənclərə real perspektivlər və tələbat olan bacarıqlar təqdim edir.

Universitet diplomu “elita klubuna” keçid bileti deyil, sadəcə mümkün alətlərdən biridir. Peşə təhsili isə real alternativdir və bazarın tələbləri və şəxsi bacarıqlar nəzərə alındıqda heç də az imkanlar yaratmır. Artıq “fərqli” peşələrdən utanmağı dayandırmaq və onların əsl mahiyyətini görmək zamanıdır.

Cəmilə Sucəddinova

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər