“Etiraf etmək lazımdır ki, Azərbaycanda tolerantlıq yüksək səviyyədədir” - ŞƏRH

Son illərdə dünyanın müxtəlif bölgələrində etnik və dini zəmində baş verən qırğınlar, ayrı-seçkilik və zorakılıq halları insan hüquqlarının və beynəlxalq sabitliyin ciddi şəkildə pozulmasına səbəb olur.
Bu fon qarşısında Azərbaycan cəmiyyəti dini və milli tolerantlıq sahəsində formalaşdırdığı sabitlik modeli ilə fərqlənir. Müxtəlif etnik və dini icmaların birgə, qarşılıqlı hörmət və anlayış şəraitində yaşaması ölkədə həm sosial harmoniya yaradır, həm də dövlətin bu sahədə apardığı ardıcıl siyasətin nəticəsi kimi çıxış edir. Bəs bu tolerantlıq mühitinin qorunması və inkişafı istiqamətində hansı konkret addımlar atılıb?
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, bu gün Azərbaycan dünyanın multikultural mərkəzlərindən birinə çevilib.
“Bəzi inkişaf etmiş dövlətlərin liderləri deyəndə ki, multikulturalizm yoxdur, Azərbaycan bunun qarşılığında əksini sübut edib. Azərbaycan tarixində heç bir zaman dini və milli zəmində toqquşma olmayıb. Bizim babalarımız və nənələrimiz də müxtəlif millətlərin nümayəndələri ilə birgə sülh şəraitində yaşayıb. Və bu gün əcdadlarımız necə yaşayıbsa, onların övladları da eyni həyat tərzini yaşayır. Yəni bir ailə kimi yaşayır və Azərbaycanda şiələrlə, sünnilər vəhdət namazı qılırlar. Bu doğrudan da bir örnəkdir, bir nümunədir. Azərbaycanda multikulturalizm bir dövlət siyasətidir. Azərbaycanda multikulturalizm bir ənənədir. Azərbaycanda multikulturalizm bizim sabitliyimizin və inkişafımızın təminatçısıdır. Bizim gələcəyimiz gələcəyimizi zənginləşdirir. Biz bu dəyərlərimizlə fəxr edirik. Azərbaycan bu gün dünyaya təkcə neft və qaz ixrac etmir, həm də multikultural dəyərləri ixrac edir ki, çox millətli dövlətdə müxtəlif etnoslar necə yaşamalıdır, hansı prinsiplərə əməl etməlidir. Bütün bu sualların cavabını tapmaq üçün Azərbaycana gəlmək və Azərbaycandakı müxtəlif dinlər və müxtəlif mədəniyyətlər, etnoslar arasındakı o harmoniyanı öz gözünlə görmək lazımdır”.
Deputat söyləyib ki, bu təkcə ictimai sifariş deyil, həm də bir dövlət siyasətidir.
“Hələ Ulu Öndər Heydər Əliyevdən başlayaraq və onun siyasətinin davamçısı ölkə Prezidenti Cənab İlham Əliyev də eyni siyasəti həyata keçirir, eyni yanaşmanı ortaya qoyur, Bunun nəticəsində ölkəmizdəki bu sabitliyin təminatında Azərbaycanda səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəliyinin hökm sürməsində bu amilin müstəsna rolu var. Azərbaycanda müxtəlif etnosların təmsilçiləri özünü bir Azərbaycanlı hesab edir, bununla qürür duyur və vətənin keşiyindədir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində müxtəlif etnasların, millətlərin daşıyıcıları vətən uğrunda qəhrəmanlıq nümunəsi göstəriblər, şəhidlik zirvəsinə, Milli qəhrəman statusuna yüksəliblər. Bu nəyin sayəsindədir? Bu məhz dövlət siyasəsi sayəsindədir. Bu gün müxtəlif millətlərin və dinlərin təmsilçisi olan bütün azərbaycanlıların bir vətəni var, o da Azərbaycandır. Ulu Öndər Heydər Əliyevə xalqımız həm də ona görə əbədi minnətdardır ki, o bir Azərbaycancılıq ideologiyasını dövlət təlimi səviyyəsində yüksəldi, bizi birləşdirdi. Bunun sayəsində vətəndaş müharibəsindən və vətəndaş həmrəliyinə qədər böyük bir yol keçmiş Azərbaycan dövləti, Azərbaycan milləti var və biz bununla fəxr edirik və onu gözbəbəyi kimi qorumaq hər birimizin müqəddəs vəzifəsidir”.
İlahiyyatçı Tural İrfan isə bildirir ki, tolerantlıq çox mühüm və vacib məsələdir.
“İstər milli, istər dini zəmində tolerantlığın olması bir ölkə üçün çox önəmli və vacibdir. Azərbaycanda tolerantlıq etiraf etmək lazımdır ki, yüksək səviyyədədir. Bunun da birinci səbəbi millətimizin, xalqımızın genetik xüsusiyyətlərindən irəli gəlir. Milli mədəni tarixi dəyərlərimizdən irəli gəlir ki, çox millətli, çox konfensiyalı, çox dini bir xalqıq. Yəni bir çox məzəblərin, təriqətlərin, milli mənsubiyyəti olan insanların yaşadığı bir ölkədir. Bu qonaqpərvərlik, milli-mədəni dəyərlər sayəsində din və inancdan da əlavə insanların bir-birinə qarşı fitri bir yaxınlığı var. Əgər söhbət dini tolerantlıqdan getdirsək, burada şübhəsiz ki, dövlətin rolu çoxdur, dövlətin din siyasəsi çox səmərəlidir və dərin düşünülmüşdür. Ona görə dinlə bağlı məsələlərdə bizdə hələ, şükür Allaha ki, bu sahədə problemlər yaşanmayıb”.
İlahiyyatçı qeyd edib ki, müxtəlif vaxtlarda xarici təsirlər nəticəsində bəzi etnik qrupları, bəzi dini cərəyanları ələ almaq və onların vasitəsilə İslamı siyasiləşdirmək və yaxud da radikalizm, ekstremizm cəhətləri olur.
“Bu da dövlətin yenə siyasəsi sayəsində onların qarşısı alınır. Bununla bərabər din xadimlərinə, dini konfessiyalara, dini qurumlara dövlət tərəfindən kifayət qədər dəstək var. Burada həm maddi dəstəkdən, həm də mənəvi dəstəkdən söhbət gedib. Yəni maddi cəhətlərdə bu dini qurumlara, dini konfensiyalara dövlət tərəfindən vəsait ayrılır. Eyni zamanda ibadət yerlərinin açılması, məscidlərin bərpa olunması, kilsələrin açılması və s. Hətta, bir katolik kilsəsi var idi. İndi yenidən bir katolik kilsəsi üçün də yer ayırılıb. Onun da tikintisinə başlanılacaq. Və yaxud da Qarabağ ərazisində və digər yerlərdə məscidlərin tikilməsi, bərpa olunması və s. Yəni bu dövlətin dinə olan böyük qayğısından xəbər verir. Bunun sayəsində də, şübhəsiz ki, məzhəblər, dinlər arası tolerantlıq da eyni zamanda inkişaf edir. Mən belə hesab edirəm ki, ölkəmizdə dini tolerantlıq başqa dünya ölkələrinə nümunə olacaq səviyyədədir. Xüsusən də, müsəlman ölkələrinə. Məsələn, bir çox müsəlman ölkələrində, hətta İslam daxilində tolerantlıq yoxdur. Məzhəblər arası tolerantlıq pozulur. Sünni-şiə qarşıdurması və yaxud da başqa məzhəblər arasında. Biz bunu Ərəb ölkələrində görürük. İslamın beşiyi hesab olunan İraqda, Suriya, Livanda və s. yerlərdə. Ancaq Azərbaycanda bunlar yoxdur. Ona görə ki, Azərbaycanda məzhəblər arası da münasibətin tənzimlənməsi üçün dövlət kifayət qədər işlər görür. Məsələn, Azərbaycan İlahiyyat İnstitutunu buna nümunə göstərmək olar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səmərəli fəaliyyətini buna nümunə göstərmək olar. Mənəvi Dəyərlərin Təbliği Fondu din xadimlərinə maddi dəstək verir, onların fəaliyyətini tənzimləyir. Bu kimi şeylər ölkəmizdə tolerantlığın inkişafını qoruyan və inkişaf etdirən amillərdəndir”.
Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.