Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu - FOTO

15:55 - Bu gün
Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu - FOTO

“Heç bir gün sizi zamanın yaddaşından silməyəcək...” - Vergili, “Eneida”

Xatirələr vacibdirmi?

Bu sual bəşər tarixinin özü qədər qədimdir. Nə üçün bəşəriyyət xatirəsini əbədiləşdirməyə - abidələr tikməyə, əlamətdar tarixləri qeyd etməyə, əsrlər boyu gələcək nəsillərə təkcə qələbələrin sevincini deyil, həm də itkilərin acısını ötürməyə çalışır? Niyə biz dönə-dönə keçmişə – ağrıya, qəhrəmanlığa, tarixin səssiz dərslərinə qayıdırıq?

Məncə, cavabı ancaq keçmişdə deyil, həm də gələcəkdə axtarmaq lazımdır. Çünki yaddaş körpü kimi keçmiş günləri bu gün və gələcəklə əlaqələndirən, eyni zamanda təkcə biliklərimizi, dünyagörüşlərimizi və qabiliyyətlərimizi deyil, həm də şəxsiyyətimizi formalaşdıran qüvvədir.

Bununla belə, yaddaş heç vaxt neytral olmur. Bəzən o bizi ağrıya, itkiyə, geri qaytarılması mümkün olmayan anlara qaytarır. Bəzən isə yaralarımızı sağaldaraq bizə ümid verir, ilham mənbəyinə çevrilir.

Azərbaycan xalqı üçün yaddaş sadəcə tarixin bir “simvolu” deyil, milli kimliyimizin, dözümlülüyümüzün və müstəqilliyimizin təməlidir.

Qədim vaxtlardan Vətən müharibəsindəki Zəfərə qədər yaddaşımız nəsilləri birləşdirib, kədərimizi həmrəyliyə, qurbanlarımızın fədakarlığını isə milli dirçəlişin təməl daşına çevirib.

Abidələr və kollektiv yaddaş

Sirr deyil ki, abidələr yaddaşı gözə görünən formada ifadə edir.

Naməlum əsgərlərin “boş məzarlığı”nı simvolizə edən Birinci Dünya Müharibəsi kenotafı, Xirosima şəhərinə edilən nüvə hücumunun dəhşətlərini xatırladan Genbaku “Atom günbəzi”, Çanaqqala şəhidləri abidəsi və Nyu-Yorkdakı 11 Sentyabr (9/11) memorial kompleksi təkcə yaralarımızla necə üzləşdiyimizin simvolları deyil, həm də vaxt keçdikcə ən müxtəlif xalqları, o cümlədən bir vaxtlar barrikadaların əks tərəflərində dayanmış insanları birləşdirən keçmişin dərsləri haqqında gələcək nəsillərə ötürülən universal mesajlardır.

Azərbaycanda belə müqəddəs anım yerləri sırasına Birinci və İkinci Şəhidlər xiyabanları, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsi, Vətən Müharibəsi Memorial Kompleksi və yaddaşı qoruyan, sülhün və azadlığın böyük qiymətini xatırladan digər abidələr daxildir.

Fotoda: Vətən müharibəsinə aid Zəfər Memorial Kompleksi (Bakı, Azərbaycan)

Üstəlik, bunlar paytaxtla məhdudlaşmır. Hər rayonda, hər şəhər və kənddə, hər məktəbdə tariximizin müxtəlif səhifələrini əks etdirən lövhələr, guşələr və xatirə nişanları mövcuddur.

Qarabağ torpağında ucaldılan memorial komplekslər isə xüsusilə dərin məna daşıyır – onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliyinin və iradəsinin təcəssümüdür.

Yaddaşın psixologiyası

Yaddaşın ilk növbədə hər bir insanın şüurunda və ruhunda dərin kök salmış psixoloji bir fenomen olduğunu dərk etmək vacibdir. Məhz yaddaş vasitəsilə biz keçmişlə əlaqəni hiss edir, bu günü dərk edir və gələcəyi formalaşdırırıq. Məsələn, Xirosima faciəsində sağ qalanların uşaqları çox vaxt valideynlərinin səssiz hekayələri, ailə faciələri və əvvəlki nəsillərin gizli ağrıları ilə formalaşmış mirasın izlərini daşıyıblar.

Eyni şəkildə, Azərbaycanda qaçqın və məcburi köçkünlərin övladları illərlə işğal altında olan şəhər və kəndlər, ziyarət olunmayan məzarlıqlar və həyatını Vətən uğrunda itirən qəhrəmanlar haqqında hekayələrlə böyüyüblər. Məhz bu xatirələr coğrafiyasından asılı olmayaraq, şəxsi kədəri möhkəmləndirərək insanları birləşdirən, cəmiyyətin ruhunu gücləndirən hərəkətverici qüvvəyə çevrilir.

Yaddaşın institusionallaşdırılması

Tarix göstərir ki, adətən müharibələrdən sonra xatirələrin əbədiləşdirilməsi prosesi xalqın təşəbbüsü ilə başlayır, daha sonra isə dövlət səviyyəsində rəsmiləşdirilir. Ailələr və icmalar müvəqqəti xatirə abidələri – o cümlədən, lövhələr, şəkillər, bulaqlar, fəvvarələr və ya şəhidlərin adını daşıyan bağçalar yaradır.

Məsələn, Birinci Dünya Müharibəsindən dərhal sonra Avropada bir çox belə abidələr daşdan və ya metaldan deyil, ağacdan, gipsdən, hətta qardan ucaldılıb.

Müharibədən sonrakı dövrdə Azərbaycanda da oxşar transformasiya - yaddaşın bir növ təbii institutlaşması müşahidə edildi.

2020-ci ildə İkinci Qarabağ Müharibəsindən dərhal sonra şəhid ailələri, onların yaxınları və yerli icmalar çox vaxt yerli hakimiyyət orqanlarının dəstəyi ilə kiçik abidələr ucaltmağa başladılar: şəhidlərin portretləri yol kənarındakı löhvələrə və divarlara bərkidildi, qəhrəmanların adını daşıyan bulaqlar və kiçik fəvvarələr, məktəb həyətlərində və ya uşaqlıq məhəllələrində onların xatirəsinə guşələr yaradıldı.

Zaman keçdikcə digər ölkələrdə olduğu kimi bu səmimi və bəzən müvəqqəti xarakter daşıyan təşəbbüslər daha davamlı və əbədi formalar almağa başladı. Bunun bariz nümunələri Şuşa, Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda yaradılan “İşğal və Zəfər” muzeyləri kompleksləridir. Yaradıcılarının təsəvvür etdiyi kimi, bu monumental komplekslər hərfi mənada şəhərlərin teksturasına uyğunlaşaraq yaddaşın və məişətin sıx əlaqəsini və ayrılmazlığını simvolizə edir.

Yaddaşın institusionallaşdırılması həm də simvolik yanaşmaları ehtiva edir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda yerləşən şəhərlərin erməni işğalından azad edilməsi günləri hər il qeyd olunur və milli təqvimə kollektiv xatirənin təzahürü kimi daxil edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” layihəsi kimi rəqəmsal platformalar isə fotoşəkilləri, sənədləri, şahidlərin ifadələrini toplayıb arxivləşdirir, bu yaddaşı yalnız azərbaycanlılar üçün deyil, bütün dünya üçün əlçatan edir.

Bu, milli ehtiram təsadüfi deyil, həm dərin milli ənənələrin, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tariximizin mühüm mərhələlərinin rəmzi əhəmiyyətinə xüsusi münasibətinin əksidir.

Fotoda: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən yürüşdə iştirak edirlər (27 sentyabr 2021-ci il)

Təsadüfi deyil ki, 2020-ci ildə Şuşa azad olunandan sonra Prezident İlham Əliyev məhz Şəhidlər Xiyabanından xalqa müraciət edərək bu xəbəri həmin məkandan xalqa çatdırdı.

Prezidentin əvvəlki və sonrakı çoxsaylı qərarları, məsələn, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanların ailələrinə verilən irimiqyaslı sosial dəstək paketləri bu qəhrəmanların fədakarlığının heç vaxt unudulmayacağını nümayiş etdirdi.

Prezident İlham Əliyev şəxsən Qarabağda böyük memorial komplekslərin təməlini qoydu, Bakıda Vətən müharibəsində qələbəyə həsr edilən Zəfər parkının və əzəmətli memorialın açılışını etdi.

Beləliklə, xatirələr yalnız xalqın təfəkkürü və təşəbbüslərində deyil, həm də dövlətin monumental layihələrində əbədiləşdirildi.

Sənət, ədəbiyyat, kino və yaddaşın qorunması

Şübhəsiz ki, institusional yaddaşın digər formaları ilə yanaşı, sənət də onun ən mühüm qoruyucularından biri olaraq qalır.

Fransisko Qoyyanın fransız işğalına müqavimət göstərən ispan üsyançılarının güllələnməsini əks etdirən rəsmlərindən tutmuş, Heminquey və Remarkın Birinci Dünya Müharibəsi haqqında romanlarına və “Şindlerin siyahısı” kimi filmlərə qədər yaradıcılıq işləri tarixi əbədi bir mirasa çevirir.

Azərbaycanda da incəsənət bu mühüm missiyanı yerinə yetirir. Məsələn, “Alça ağacının altındakı məzar” sənədli filmi onilliklər sonra övladlarının dəfn olunduğu yeri axtaran valideynlərin ağrı-acısından bəhs edir.

Natiq Qasımovun qəhrəmanlığının əvvəllər məlum olmayan təfərrüatlarını ortaya qoyan “Oğul” filmi, eləcə də Mübariz İbrahimov haqqında çəkilmiş filmlər fərdi cəsarəti əbədiləşdirir.

Ümumilikdə, bir çox əsərlər və filmlər yaddaşın abstrakt deyil, yaşanan, hiss edilən və nəsildən-nəsilə ötürülən bir dəyər olduğunu göstərir.

Azərbaycanda yaddaş şüurlu şəkildə həmrəylik, dirçəliş, davamlı gələcək qurmaq məqsədlərinə xidmət edir. O, yalnız matəm və kədərli xatirələrlə məhdudlaşmır, kimliyimizi formalaşdırır, milli birliyimizi möhkəmləndirir və bizə azad olunmuş torpaqlarda yeni həyat qurmaq üçün ilham verir.

Keçmişin dərsləri yaddaşımızda yaşadıqca, hər birimiz həm öz vəzifəmizi daha yaxşı dərk edir, həm də gələcək nəsillər üçün daha sabit, dayanıqlı bir mühit yaratmağa çalışırıq.

Şəhidlər Xiyabanındakı məzarlar, Qarabağın bərpa olunan tarixi abidələri, dünyaya açılan rəqəmsal arxivlər – bütün bunlar yalnız simvollar deyil, həm də dirçəlişin təməl daşlarıdır.

Bu mənada keçmişi xatırlamaq təkcə Vətən uğrunda şəhid olanları anmaq deyil, eyni zamanda yaşayanları firavanlığa, tərəqqiyə və həmrəyliyə doğru aparmaqdır.

Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tarixi missiyanı həyata keçirən Azərbaycan dövləti beynəlxalq ictimaiyyətə ümumbəşəri əhəmiyyətə malik təcrübə təklif edir:

Yaddaş, ondan düzgün istifadə edildikdə apatiya və düşmənçiliyi deyil, ədalətli, həmrəy və dayanıqlı gələcəyin qurulması üçün ən güclü vasitələrdən birinə çevrilə bilər.

Rəhman Hacıyev

Qarabağ Dirçəliş Fondunun

İdarə Heyətinin sədri

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər