Azərbaycan-Monqolustan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində monqolustanlı həmkarı Tsend Munk Orgil ilə görüşüb.
1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan və Monqolustan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Elmar Məmmədyarov Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə monqolustanlı həmkarına məlumat verib. Avropa və Asiya qitələrinin nəqliyyat dəhlizlərinin birləşdirilməsində ölkəmizin əhəmiyyəti və oynadığı rolu qeyd edən nazir Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əməkdaşlığın xüsusilə açıq dənizə çıxışı olmayan ölkələr üçün faydalı olacağını diqqətə çatdırıb.
Nazir Tsend Munk Orgil Monqolustanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.
1news.az