Gürcüstanın XİN rəhbəri: 2026-cı il Azərbaycan-Gürcüstan münasibətləri baxımından məhsuldar olub | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstanın XİN rəhbəri: 2026-cı il Azərbaycan-Gürcüstan münasibətləri baxımından məhsuldar olub

Qafar Ağayev19:10 - Bu gün
Digər dillərdə oxuyun:Русский
Gürcüstanın XİN rəhbəri: 2026-cı il Azərbaycan-Gürcüstan münasibətləri baxımından məhsuldar olub

“2026-cı il Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı və yüksək səviyyəli siyasi dialoq baxımından məhsuldar olub”.

1news.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.

Nazir bildirib ki, cari ildə qarşılıqlı yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Gürcüstana, Gürcüstanın Baş nazirinin isə mayda Azərbaycana səfərini xatırladıb.

Maka Boçorişvili Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdüyünü, Baş nazir Əli Əsədovla da görüşünün nəzərdə tutulduğunu bildirib.

“İkitərəfli siyasi gündəliyimiz kifayət qədər zəngindir və müntəzəm fikir mübadiləsini, yeni ideyalar üzərində işləməyi tələb edir”, – deyə nazir qeyd edib.

O, nəqliyyat və regional bağlantıların əməkdaşlıqda xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Altıillik fasilədən sonra Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarının fəaliyyətinin bərpası ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addımdır. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi də regional nəqliyyat bağlantılarının və ölkələrimizin potensialının artırılmasına xidmət edir”.

Gürcüstan XİN rəhbəri energetika, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanların olduğunu bildirib.

“Energetika sahəsində əldə etdiyimiz razılaşmalar regional enerji təhlükəsizliyinin gücləndirilməsi üçün yeni imkanlar açır. Ticarət-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafında da yaxşı nəticələrimiz var. Bununla belə, mövcud potensialımız daha böyükdür və bu imkanlardan tam istifadə etməliyik”, – deyə Maka Boçorişvili əlavə edib.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər