Əli Həsənov: Con Kerrinin səsləndirdiyi fikirlər təəssüf doğurur – VİDEO
“Bu açıqlama ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil. ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlaması bizdə təəssüf hissi doğurur və məyusedicidir”.
1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Xəbər-ə açıqlamasında bildirib.
Dövlət rəsmisi bildirib ki, bu açıqlama ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil.
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ABŞ üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər ilk növbədə, BMT Təhlükəsilik Şurasının daimi üzvü kimi qurumun çıxardığı 4 qətnamənin icrasından irəli gəlir. Digər tərəfdən, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri kimi vasitəçilik missiyasını üzərinə götürüb.
Əli Həsənov bildirib ki, Con Kerrinin açıqlaması bu statuslara ziddir:
"Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərlərinə götürdükləri öhdəlikdən və bu öhdəliyin məsuliyyətindən müəyyən mənada boyun qaçırmaqdır. Məsuliyyəti münaqişə tərəflərinin liderlərinin üzərinə atmaqdan başqa bir şey deyil. Bu, yolverilməzdir. Yolverilməzdir ona görə ki, beynəlxalq hüquq norması var. Beynəlxalq hüquq normasına dövlətlərin əməl etməsinə məcbur edən beynəlxalq hüququn çərçivəsi var".
Əli Həsənov deyib ki, ABŞ dövləti, o cümlədən bu ölkəninin prezidenti status-kvonun qəbuledilməzliyi ilə bağlı rəsmi bəyanat verib.
Con Kerrinin səsləndirdiyi bu fikirlər elə həmin bəyanatın özünə də ziddiyyət təşkil edir. Status-kvo qəbulolunmazdırsa, o zaman münaqişənin həll yolu tapılmalıdır.
"Əgər beynəlxalq hüququn normalarının hansısa dövlətin başçısı görməzdən gəlirsə və yaxud onu bilərəkdən pozursa, qulaqardına vurursa, onun nə vaxt buna hazır olacağını gözləmək lazım deyil. Bu dövlətlərin statusu onu tələb edir ki, onlar həmin dövləti beynəlxalq hüquq normalarına əməl etməyə məcbur etməlidirlər, ona təsir göstərməlidirlər, təzyiq göstərməlidirlər", - deyə Əli Həsənov bildirib.
Con Kerrinin bəyanatının ardından Dövlət Departamentinin "münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik" açıqlamasına da münasibət bildirən Əli Həsənov bunu adi növbətçi bəyanat adlandırıb və bildirib ki, bu cür bəyanatları biz çox eşitmişik.
Dövlət rəsmisi Azərbaycanda keçirilən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransının əhəmiyyəti ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, hazırda bir çox müsəlman dövləti sırf xarici müdaxilələr ucbatından vətəndaş müharibələri və müxtəlif münaqişələrdən əziyyət çəkir. Üstəlik dünyada anti-islam meyilli qüvvələr get-gedə fəallaşır. Belə bir vəziyyətdə müsəlman dövlətlərinin media qurumlarının əməkdaşlıq etməsi vacibdir. Bu, Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir.
Bu birliyi yaratmaqla 50-dən artıq İslam dövlətinin jurnalistlərinin gücündən istifadə etməklə həm İslam dünyasında, həm də beynəlxalq aləmdə Azərbaycanın haqq səsini, Dağlıq Qarabağ probleminin mövcud reallıqlarını çatdırmaq fikrindəyik.
1news.az