Ceyhun Bayramov: Azərbaycan-Litva arasında hazırkı ticarət dövriyyəsi ölkələrimizin potensialından xeyli aşağıdır
"Bu gün hörmətli həmkarımla Azərbaycan-Litva arasında strateji əməkdaşlığa dair birgə bəyannamə imzaladıq".
1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər naziri Kestutis Budrislə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bu, müxtəlif sahələri əhatə edən, çox ətraflı bir sənəddir. İki ölkə arasında yaxşı müqavilə-hüquq bazası mövcuddur. Hal-hazırda ölkələrimiz arasında olan münasibətlərin müxtəlif sahələrini əhatə edən 45 sənəd mövcuddur. Qeyd etmək istərdim ki, ikitərəfli səviyyədə hal-hazırda işlər davam etməkdədir və ümid edirəm ki, yaxın zamanlarda onların da tamamlanmasının və qüvvəyə minməsinin şahidi olacağıq.
Bu gün təbii ki, biz müzakirələrimiz kontekstində iqtisadi və ticarət sahəsində olan münasibətlərə nəzər saldıq. Ümumi qənaətimiz ondan ibarətdir ki, hazırkı ticarət dövriyyəsi ölkələrimiz arasında qərarlaşmış dostluq əlaqələrindən və ölkələrimizin potensialından xeyli aşağıdır. Məncə, burada əməli addımların atılması vacibdir. Bu barədə də dəyərli həmkarımla çox maraqlı və faydalı fikir mübadiləsi apardıq".











