İsveçdə təhsil alan Pərvizin apardığı tədqiqatların nəticələri Avropanın məşhur jurnallarında dərc olunur - Uğur formulu
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı İsveç Krallığı Karolinsk İnstitutunun doktorantı Pərviz Məmmədzadədir.
Layihə Təhsil Nazirliyi və 1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir.
Pərviz Məmmədzadə 1988-ci ildə Zaqatalada anadan olub. Orta məktəb təhsilini rayondakı 3 nömrəli tam orta məktəbdə alıb. 2005-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb. Tibb təhsilinin sonrakı 4 ilini (2007-2011) universitetlərarası müqaviləyə əsasən Türkiyə Respublikasında, İstanbul Universitetinin tibb fakültəsində davam etdirib və oradan məzun olaraq həkimlik dərəcəsi alıb. Universiteti bitirdikdən sonra, 2012-2014-cü illərdə İsveç Krallığının Karolinsk İnstitutunda göz xəstəlikləri üzrə elmi-tədqiqat işi ilə məşğul olub. 2015-ci ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Karolinsk İnstitutunda doktorantura təhsili alır. Evlidir, bir qızı var, həyat yoldaşı da həkimdir. P.Məmmədzadə ilə söhbətə orta məktəb illərindən başladıq.
“İlk müəllimlərimi hörmətlə anıram”
Orta məktəbdə oxuduğum illərdə, birinci sinifdən etibarən dərs əlaçısı olmuşam. Məktəb illərində daha çox fizika, kimya, riyaziyyat və biologiya fənlərinə həvəs göstərmişəm. İlk müəllimlərimi hələ də hörmətlə anıram. Onlar mənim təhsil həyatımda mühüm rol oynayıblar. İbtidai sinif müəlimim Səfiyyə xanımı çox müsbət bir insan kimi xatırlayıram. Hər bir şagirdi öz balası kimi sevərdi və ona can yandırardı. Orta təhsil illərində sinif rəhbərim Solmaz xanım ana dili və ədəbiyyat müəllimi, çox peşəkar və ədalətli bir insan kimi xatirimdə qalıb. İxtisas seçiminə gəlincə məktəb illərimin ortalarında, ixtisas olaraq nəyi seçəcəyimi dəqiq bilmirdim. Bildiyim tək şey, nə etsəm də, o işi sevərək etməyin vacibliyi idi. Valideynlərimin həkim olması ailəmizdə həkimliyə ənənəvi bir meyil yaratmışdı. Böyük qardaşım da Tibb Universitetində oxuyurdu və buna görə mən də həkimliyə üstünlük verdim.
“10 ildən çoxdur ki, xaricdə təhsilimi davam etdirirəm”
Hələ orta məktəbdə oxuyarkən valideynlərim mənə və qardaşlarıma xarici dili öyrənməyimizi aşılayırdılar. Ailəmizdə savada və elmə dəyər verirdilər. Xaricdə təhsil almağımda valideynlərimin həm mənəvi, həm də maddi dəstəyi çox olub. Təbii ki, mən də dövlətin biz gənclərə verdiyi imkandan yararlanaraq xaricdə təhsil almaq arzumu reallaşdırmaq üçün Dövlət Proqramına müraciət etdim. Azərbaycanda istedadlı gənclərimiz çoxdur, bu proqram sayəsində onların arzusu reallaşır və istədikləri savada nail ola bilirlər. İxtisaslı gənclərimiz Azərbaycana geri dönüb, ölkədə gedən inkişaf prosesinə öz müsbət töhfəsini verirlər.
Artıq 10 ildən çoxdur ki, xaricdə təhsilimi davam etdirirəm. Ölkəmizin təhsil sistemində baş verən dəyişikliklərə gəlincə, ali məktəblərimizdə ən çox görmək istədiyim yeniliklər arasında təhsilin kompüterləşdirilməsi, internet və kitabxana xidmətlərinin elektronlaşdırılması, tələbələrimizin köhnə və əhəmiyyətsiz ədəbiyyatlarla yüklənməməsi və s. misal çəkə bilərəm.
İsveçdə doktorantın iş günü əsasən klinikalarda keçir. Boş vaxtım olanda isə onu ailəmə ayırıram, bəzən dostlarla və həmkarlarımla görüşürəm, idmanla da məşğul oluram, müxtəlif tibbi ədəbiyyat oxuyuram.
“İsveç təhsilində müasir pedaqogika metodları tətbiq olunur”
İsveç Avropada çox sürətlə inkişaf edən və daim innovasiyalarla yeniləşən təhsil sisteminə malikdir. İsveç təhsilində müasir pedaqogika metodları tətbiq olunur. Orta məktəblərdə şagirdlərə ev tapşırığı verilmir, bütün tapşırıqlar məktəb saatı müddətində tədris prosesində həll olunur. Şagirdlər dərs saatı bitdikdən sonra evə gedib ürəkləri istədiyi kimi vaxt keçirirlər və çox savadlı bir gənc kimi formalaşırlar. Ali təhsil ocaqlarında təhsildə ən son yeniliklər tətbiq olunur. Ölkənin bütün təhsil müəssisələrində elektronlaşma və internet yüksək səviyyədədir.
Hazırda Karolinsk İnstitutunda doktorantura təhsili alıram. Karolinsk İnstitutu yalnız tibbə və tibb elmlərinə yönəlmiş yeganə universitetdir və İsveçdə tibbi təhsilin ən geniş diapazonunu təklif edir. Əsası 1810-cu ildə qoyulmuş Karolinsk İnstitutu dünyanın ən yaxşı 50, Avropanın 10 tibb universiteti sırasındadır. Hər il Nobel mükafatlarının təqdim olunduğu ali məktəb özünün ənənələri ilə məşhurdur. Qeyd etməliyəm ki, doktorantura təhsili universitet təhsilindən fərqlidir. Daha çox tətbiqi xarakter daşıyır. Elmi işimin mövzusu oftalmologiya, daha dəqiq desək, gözün torlu qişasının qan-damar xəstəliklərini əhatə edir. Göz insan bədənində nisbətən balaca orqan olmasına baxmayaraq çox mürəkkəb bir quruluşa malikdir və elmə məlum olmayan müəmmaları çoxdur.
Yaşadığım şəhərdə azərbaycanlı tələbələr azdır, buna baxmayaraq səfirliyimizin və diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə iştirak etməyə çalışıram.
İmpakt-faktorlu jurnallarda dərc olunan azərbaycanlı tələbə.
Çox sevindirici haldır ki, Pərviz İsveçin məşhur klinikalarında aparılan ciddi elmi tədqiqatlarda iştirak edir. Onun apardığı tədqiqatların nəticələri Avropanın impakt-faktorlu jurnallarında dərc olunub. Onun bu barədə fikirləri də maraqlı və aktualdır.
Qeyd etdiyim kimi, elmi işimin əsas mövzusu gözün torlu qişasının qan-damar xəstəliklərinin genetik və hüceyrə transplantasiyası metodları ilə müalicəsidir. Bildiyiniz kimi, yaşlı əhalidə görmə zəifliyinin və korluğun əsas səbəbi şəkərli diabet xəstəliyidir. Bu xəstəlik düzgün müalicə olunmadığında müəyyən müddət sonra bir çox digər orqanlarda olduğu kimi (ürək, böyrək, ətraf nahiyyənin sinir və damarları və s), gözdə də fəsadlar meydana gəlir. Belə ki, şəkər xəstəliyi gözün torlu qişasını qanla təchiz edən damarlarda dönməz mikro-patalogiyalara səbəb olur və bu da, öz növbəsində, torlu qişanın işığı qəbul edən və görmə prosesinin gerçəkləşməsində rol oynayan hücəyrələrinin zədələnməsinə və görmə zəifliyinə yol açır. Hazırda tətbiq olunan müalicə üsulları patalogiyanın gecikdirilməsinə və yaxud ən yaxşı halda prosesin dayandırılmasına yönəlir, zədələnmiş hüceyrələr və zəifləyən görmə aktı demək olar ki, bərpa olunmur.
Dərc etdiyim ilk elmi məqaləmdə biz torlu qişanın qan-damar hüceyrələrinin molekulyar və genetik səviyyədə xüsusiyyətlərini araşdırmışıq və patalogiya zamanı hansı genlərin və pataloji faktorların fəallaşdığını diqqətə çatdırmışıq. Bu məqalə Avropanın ən nüfuzlu oftalmologiya jurnalında çap olunub (Acta Ophthalmologica). İkinci məqaləmdə biz heyvanlar üzərində laboratoriya şəraitində süni üsulla şəkərli diabet bənzəri şərait yaradaraq gözün torlu qişasında patalogiya yaratmışıq. Sonra isə genetik transfeksiya və hüceyrə transplantasiya vasitəsilə bu patalogiyanı müalicə etmişik. Məqalə dünyanın ən nüfuzlu elmi nəşrlərindən birində (Nature Publishing Group, Scientific Reports) çap olunub. Ümid edirik ki, bu metod gələcəkdə insanlara da tətbiq oluna bilinəcək. Tədqiqatlarımız davam edir.
Sonda xaricdə təhsilin üstünlüklərindən qeyd edə bilərəm. Üstünlüklər, təbii ki, çoxdur. Misal olaraq, keyfiyyətli təhsil, xarici dillərə yiyələnmək, beynəlxalq aləmdə olmaq və yeni mədəniyyət və insanlarla tanış olmaq, şəxsiyyət olaraq daha fərqli inkişaf etmək və s. Bu mənada xaricdə təhsil almağım bütün ümidlərimi doğruldub. İstərdim ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqları universitet tədrisinin bir hissəsi olaraq tələbələri bir neçə aylıq da olsa, xarici universitetlərə göndərsin. Bu yolla tələbələrdə elmə və xarici dilə olan həvəs daha da artar.
Gələcək planlarıma gəlincə isə, İsveçdə və Azərbaycanda elmi tədqiqat qrupu təşkil etmək, Azərbaycanda elmi tədqiqatın inkişafına töhfə verməkdir.
S.Xankişiyeva