Londonda çoxmərtəbəli binanın yanması nəticəsində 70 nəfər ölüb –YENİLƏNİB
Londonda “Grenfell Tower” çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində təqribən 70 nəfər ölüb.
Bundan əvvəl yanğın nəticəsində 41 nəfərin itkin düşdüyü bildirilirdi. Məhkəmə-tibbi ekspertiza orqanının məlumatına əsasən, ölən şəxslərin kimliyinin müəyyənləşdirilməsi prosesi yanmış meyitlərin qalıqlarının vəziyyətindən asılı olaraq bir neçə həftə və ya ayadək uzana bilər.
12.15
Londonda yaşayış binasında yanğın nəticəsində 65 nəfər itkin düşmüş hesab olunur. Onların həlak ola biləcəyi də istisna edilmir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Sun qəzeti itkin düşən sakinlərin siyahısını dərc edib.
Qəzet tərəfindən tərtib olunmuş cədvəldə həmin insanların adları və mənzillərinin yerləşdiyi mərtəbələr göstərilir. İtkin düşmüş hesab olunan şəxslər əsasən 11-ci və 14-23-cü mərtəbələrdən olanlardır.
15.06.2017
Polisdən verilən yeni məlumata əsasən, Londonda “Grenfell Tower” da baş verən güclü yanğında ölənlərin sayı 17-yə çatıb.
Britaniya Kraliçası II Elizabet hadisə qurbanlarının yaxınlarına başsağlığı verib.
Hazırda xəstəxanada olan 30 nəfərdən 17-nin vəziyyəti ağır qiymətləndirilir.
14.06.2017
Londondakı “Grenfell Tower”da baş vermiş güclü yanğında ölənlərin sayı 12-yə çatıb.
Bu barədə 1news.az TASS-a istinadla xəbər verir.
Yanğın nəticəsində xəsarət alanların sayı 69 nəfərə çatıb. Hadisə zamanı yaşayış binasında təqribən 400-600 sakin olub.
Qeyd edək ki, bu gün Londonun qərbində 24 mərtəbəli binada güclü yanğın baş verib.
Güclü yanğın zamanı binanın 10-cu mərtəbəsindən bir qadın uşağı aşağı buraxmaq məcburiyyətində qalıb. Körpə vətəndaşlar tərəfindən tutularaq xilas edilib. Ümumiyyətlə xeyli sayda insan yanğın zamanı binadan özünü aşağı atmağa cəhd göstərib.
Yanğının səbəbləri araşdırılır.
1news.az