Kosmosda diplomatik əməkdaşlıq: Çin ilk dəfə əcnəbi astronavtı stansiyasına qəbul edir

Çin özünün Tiangong (Səma Sarayı) orbital kosmik stansiyasına göndərəcəyi yeni ekspedisiyanın heyətini açıqlayıb. Missiyada ilk dəfə xarici ölkə vətəndaşı – Pakistan astronavtı da iştirak edəcək.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmik Uçuşlar Proqramı Agentliyinin (CMSA) sözçüsü Canq Cinqbo keçirdiyi mətbuat konfransında məlumat verib.
Bildirilib ki, noyabrın 25-də "Şençjou-24" kosmik gəmisi ilə orbitə göndəriləcək üç nəfərlik heyətə Çin astronavtları Tanq Honqbo və Vu Yi, eləcə də Pakistan vətəndaşı Məhəmməd Zişan Əli daxil edilib.
Astronavtları daşıyacaq kosmik gəminin yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 04:18) ölkənin şimal-qərbində yerləşən Tsyütsüan Peyk Mərkəzindən buraxılması planlaşdırılır.
Qeyd edək ki, Çin 2021-ci ildən etibarən "Şençjou" missiyaları çərçivəsində Tiangong kosmik stansiyasına hər biri altı ay müddətinə olmaqla üç nəfərlik astronavt qrupları göndərir.
Pakistan vətəndaşı tarixə düşəcək
40 yaşlı Məhəmməd Zişan Əli missiyaya faydalı yük üzrə mütəxəssis qismində qatılacaq. O, Çinin insanlı kosmik proqramında iştirak edən ilk əcnəbi astronavt olmaqla yanaşı, kosmosa çıxan ilk Pakistan vətəndaşı kimi tarixə düşəcək.
CMSA ilə Pakistanın Kosmik və Yuxarı Atmosfer Tədqiqatları Komissiyası (SUPARCO) arasında 2025-ci ilin fevralında imzalanmış sazişə əsasən, bir qrup pakistanlı namizəd seçilərək Çində kosmik missiyalara hazırlıq keçməli idi.
CMSA apreldə yaydığı məlumatda pakistanlı namizədlər Məhəmməd Zişan Əli və Xürrəm Davudun astronavt hazırlığının müxtəlif mərhələlərində uğur qazandığını və Çində kosmik uçuş təlimləri keçmək hüququ əldə etdiyini açıqlamışdı. Növbəti mərhələdə onların arasından bir nəfərin Çin kosmik stansiyasına göndəriləcək insanlı missiyaya qoşulacağı bildirilmişdi.
Əli çinli astronavtlarla birlikdə stansiyaya uçacaq. Orada heyət dəyişikliyindən sonra isə hazırda stansiyada fəaliyyət göstərən "Şençjou-23" missiyasının üzvləri ilə birlikdə Yerə qayıdacaq.
Çinli astronavt kosmosda bir il qalacaq
Missiyanın komandiri, 51 yaşlı Tanq Honqbo kosmik gəminin pilotu olacaq. O, daha əvvəl 2021-ci ildə "Şençjou-12" və 2023-cü ildə "Şençjou-17" missiyaları çərçivəsində Tiangong kosmik stansiyasında fəaliyyət göstərib.
39 yaşlı Vu Yi isə uçuş mühəndisi kimi vəzifəsini icra edəcək. Bu, onun ilk insanlı kosmik missiyası olacaq.
Bununla yanaşı, altı aydır kosmik stansiyada fəaliyyət göstərən "Şençjou-23" heyətinin üzvü Cu Yanqcu yeni heyətlə birlikdə missiyasını davam etdirəcək. Beləliklə, o, kosmosda qalma müddətini bir ilə çatdıracaq.
Cu Yanqcu uzunmüddətli kosmik uçuşların insan orqanizminə təsirlərinin araşdırılması üzrə elmi tədqiqatın iştirakçısı olacaq.
Məlumdur ki, kosmosda uzun müddət qalmaq, mikroqravitasiya və radiasiyanın təsiri insan orqanizmində sümük sıxlığının azalmasına, əzələ kütləsinin itirilməsinə, yuxu pozuntularına, fiziki və psixoloji yorğunluğa səbəb ola bilər.
Qeyd edək ki, kosmosda fasiləsiz qalma müddətinə görə rekord hələ də rusiyalı astronavt Valeri Polyakova məxsusdur. O, 1994-1995-ci illərdə "Mir" kosmik stansiyasında 437 gün (təxminən 14 ay) keçirib.
Tiangong stansiyası Rusiyanın "Mir" modeli əsasında qurulub
Çin ABŞ-ın kosmik tədqiqatlar sahəsində əməkdaşlığına qoyduğu məhdudiyyətlər və ölkənin Beynəlxalq Kosmik Stansiya (ISS) proqramında iştirakına imkan verilməməsi səbəbindən Yer orbitində öz kosmik stansiyasını yaradıb.
"Tiangong" (Səma Sarayı) adlanan stansiya Rusiyanın artıq fəaliyyət göstərməyən "Mir" kosmik stansiyasının modeli əsasında inşa edilib. Bir əsas modul və iki laboratoriya modulundan ibarət olan stansiyaya gələcəkdə kosmik teleskopun da qoşulması nəzərdə tutulur.
Stansiyanın əsasını təşkil edən "Tianhe" (Səmavi Harmoniya) adlı modul 29 aprel 2021-ci ildə orbitə buraxılıb. İlk laboratoriya modulu "Wentian" (Göyləri Araşdırmaq) 24 iyul 2022-ci ildə, ikinci laboratoriya modulu "Mengtian" (Göyləri Düşləmək) isə həmin il oktyabrın 31-də kosmosa göndərilib.
Laboratoriya modullarının əsas modula birləşdirilməsi ilə stansiyanın T-şəkilli konstruksiyasının qurulması başa çatıb və layihə tətbiqetmə və inkişaf mərhələsinə keçib.
Bundan əlavə, "Xuntian" (Göylərdə Səyahət) adlı kosmik teleskopun ayrıca modul kimi stansiyaya qoşulması planlaşdırılır.
Üç nəfərlik astronavt heyətinin növbəli şəkildə fəaliyyət göstərdiyi stansiyaya personal "Şençjou" kosmik gəmiləri, yanacaq və digər təchizat vasitələri isə "Tianzhou" yük gəmiləri ilə çatdırılır.











