Mübariz Əhmədoğlu: Ermənistanda kim daha səmimidir - baş nazir qayınata, yoxsa nazir müavini kürəkən?
Türkmənistanda enerji xartiyasına həsr olunmuş beynəlxalq forumda Ermənistanı enerji və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutyunyan təmsil etdi.O, Rusiya- Gürcüstan-Ermənistan-İran elektrik nəqli layihəsinin reallaşması imkanları barədə məlumat verdi. Eləcə də açıq şəkildə etiraf etdi ki, hələlik İran-Ermənistan-Gürcüstan qaz nəqli barədə ciddi bir razılaşma yoxdur, infrastrukturlar da hazır deyil.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu İran-Ermənistan-Gürcüstan qaz nəqli ilə bağlı xəbəri şərh edərkən bildirib:
“Onun fikrincə, İran-Ermənistan qaz kəməri Gürcüstanla sərhədə qədər çatmır. Yalnız Ermənistanla sərhəddə dayanır. Eləcə də Ermənistandan İran-Ermənistan-Gürcüstan qaz kəmərinin Gürcüstan sərhədinə çatması ilə bağlı hətta aktiv danışıqlar belə bu gün mövcud deyil. Bu kontekstdən onun verdiyi digər açıqlamalar kifayət qədər diqqət çəkir. İranın Ermənistanla Türkmənistan arasında enerji nəqlində vacib açar rol oynadığını bildirən erməni rəsmisi eyni zamanda bu mövzuda İranla razılaşmanın hələki əldə olunmadığını bildirdi”.
Politoloqun fikrincə, Ayk Arutyunyanın Ermənistan rəsmisi olaraq Ermənistan üçün həyati əhəmiyyətli bu layihələr barədə elə açıq və bədbin danışması diqqəti çəkir.
“Nəzərə almaq lazımdır ki, Ayk Arutyunyan Ermənistanın baş naziri Karen Karapetyanın kürəkənidir. Qaynatasının bütün bütün komandası onun dostları və tanışlarından ibarətdir. Baş nazir K.Karapetyan prezident S.Sərkisyanın körüklədiyi bəzi layihələrə ciddi yanaşmasa da, amma Türkmənistan-Ermənistan-İran arasında enerji əməkdaşlığına kifayət qədər ciddi yanaşır”.
M.Əhmədoğlunun fikrincə, çünki onun özünün vaxtilə Türkmənistanla əlaqələri olub. Eləcə də Rusiyanın Əfqanıstandakı səfiri milliyyətcə ermənidir.
“Ermənilərin fikrincə, onun vasitəsilə Türkmənistana təsir eləmək mümkündür. Buna görə də baş nazir Karen Karapetyan hətta parlament seçkilərinin qızğın dövründə seçki kampaniyasında aktiv iştirakını dayandırıb Türkmənistana səfər etdi. İndi isə kürəkəni onun çox mühüm diqqət verdiyi layihələrlə bağlı belə pessimist fikirlər səsləndirir. Amma pessimist olsa da bu fikirlər həqiqətdir”.
S.Xankişiyeva