Vüsal Məmmədov: Xədicə İsmayılın bu cür hərəkəti onun “psixoloji probleminin” olmasından xəbər verir – FOTO
Jurnalist Xədicə İsmayılın “Xəzər” tv-nin müxbirinə salam verməməsi və bunu şəxsi Facebook səhifəsində paylaşması narazılıqla qarşılanıb.
Belə ki, X.İsmayıl yazdığı statusda bildirib ki, çayxanaların birində oturan zaman qarşı masada oturan “Xəzər” tv-nin müxbiri ona salam verib, o isə salamı almayıb. O hətta “Bu gün yalan danış, sabah vicdanlı adamlarla salamlaş. Belə olmur ee, olmur”- deyə, həmin müxbiri riyakarlıqda da günahlandırıb.
Bu isə sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəziləri bu statusuna və hərəkətinə görə X.İsmayıla haqq qazandırsalar da, bir çoxları qeyri-etik davrandığına və məsələni siyasiləşdirdiyinə görə onu tənqid ediblər.
Məsələyə münasibət bildirən telejurnalist, “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov 1news.az-a açıqlamasında X.İsmayılın bu cür hərəkət etməsinin onun psixoloji probleminin olmasından xəbər verdiyini bildirib:
“Tutaq ki, bu insan siyasi baxımdan sənə zidd olan bir mövqedə dayanıb və sənin qəti mövqeyini paylaşmadığın bir media qurumunda çalışır. Biz axı bir cəmiyyətin insanları, bir dövlətin vətəndaşlarıyıq. Aramızda fərd, jurnalist olaraq heç bir qalmaqal, heç bir gərginlik yoxdur. İnsan o şəxsin salamını almaz ki, o ən azı sənin düşmənindir, sənin əleyhinə nəsə bir pislik edib, şəxsi ədavətin var. İnsan sənin bəyənmədiyin hansısa bir kanalda işləyir deyə onun salamını almamaq, özünü isə vicdanlı adlandırmaq ya şovinizmlə, ya da psixoloji problemlərlə bağlıdır”.
V.Məmmədov X.İsmayılın özünü vicdanlı adlandırmasına da toxunaraq, bu sözün ona yaraşmadığını söyləyib:
“Bir insan necə özünü vicdan etalonu hesab edə bilər? Bunu başqaları deyə bilər. Digər tərəfdən həmişə öz ölkəsinin əleyhinə yazan, öz xalqını, öz dövlətini dünyanın gözündən salmağa çalışan bir insan necə özünü vicdanlı adlandıra bilər? Bu söz qətiyyən ona yaraşmır”.
Siyasi fəal, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı isə X.İsmayılın statusuna bir cümlə ilə münasibət bildirib:
“Çox uzun məsələdi. Bir cümlə ilə desək: Özünü vicdan simvolu hesab etmək təhlükəlidi”.
Qeyd edək ki, X.İsmayılın bu cür hərəkət etməsi heç də təəccüblü deyil. Artıq cəmiyyətdə kifayət qədər “məşhurlaşan” bu insan sanki ulduz xəstəliyinə tutulub və özünü piar etməklə məşğuldur.
Halbuki, X.İsmayılın anti-Azərbaycan, ermənipərəst qüvvələrlə əməkdaşlığı hər kəsə yaxşı məlumdur. Bu adam hər cür yola əl atır ki, xarici ölkələrdən, xüsusən də, erməni lobbisi və onları dəstəkləyən qüvvələrdən siyasi dəstək, qrant alsın.
Başqalarının əlində oyuncağa çevrilmiş yalançı siyasətçi təsiri bağışlayan bu jurnalist Azərbaycana qarşı nifrətini pərdələməyi də bacarmır. Hələ illər öncə onun Polşanın paytaxtı Varşavada ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusunda aparılan müzakirələr zamanı etdiyi hərəkət bunu bir daha sübut edir.
Məlum olduğu kimi, həmin tədbirdə Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov özündən əvvəl çıxış edən erməni QHT rəhbərinin Dağlıq Qarabağı “müstəqil və demokratik ölkə” kimi təqdim etməsinə etiraz əlaməti olaraq, çıxışını sırf Ermənistan üzərində qurub. Amma o, erməni təmsilçilərə cavab verməyə başlayarkən Xədicə İsmayıl tədbirdə iştirak edən dostları ilə birgə arxalarını ADİHİ rəhbərinə çevirərək, bu çıxışa etiraz ediblər.
Hüquq müdafiəçisi bu reaksiyaya baxmayaraq, çıxışını davam etdirib. Bununla bağlı xəbərlər və şəkillər sosial mediada da ciddi müzakirə mövzusuna çevrilmişdi. Cəmiyyətin bütün kəsimlərinin təmsilçiləri Xədicənin bu hərəkətini kəskin şəkildə pislədilər. Hətta Xədicəni qəhrəman, “Azərbaycan sevdalısı” kimi təqdim edənlər də bu dəfə onun müdafiəsinə qalxmağa əsas tapa bilməmişdilər.
Xatırladaq ki, X.İsmayıla qarşı cinayət işi açılarkən onun hüquqlarının müdafiəsinə ilk olaraq Ermənistandakı həmkarları, “hüquq müdafiəçiləri”- dostları qalxdı. Axı ermənilər də kiminlə dost olmağı yaxşı bilirlər. Hətta o həbsdə olarkən tanınmış vəkil və aktyor Corc Kluninin həyat yoldaşı, erməni əsilli Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılı müdafiə edəcəyini bəyan etmişdi.
Xanım Kluni Amerikanın NBC kanalına müsahibəsində demişdi ki, o, X.İsmayılın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Xədicə də bununla bağlı mövqeyini açıqlayaraq demişdi ki, Amalın etnik mənsubiyyəti onu düşündürmür. Jurnalistin fikrincə, normal insanlar “haralısan” sualını vermirlər, etnik mənsubiyyətlə maraqlanmırlar. Yəni erməninin onu müdafiə etməsi Xədicənin ikiqat ürəyincədir!
Təbii ki, Azərbaycanın uğurlarını, inkişafını görməməzlikdən gələn və daim neqativ halları qabardıb bir çox hallarda isə olmayan faktlarla məqalələr yazan birini sadə erməni də müdafiə edərdi, nəinki onunla əməkdaşlıq edən erməni jurnalistlər və ya məşhur ermənilər ola. Beləcə, daim öz ölkəsinə qarayaxmaları ilə gündəmə gələn Xədicənin ermənilərlə işbirliyinin arxasında isə həm maddi maraq, həm də öz ölkəsinə olan nifrəti dayanır desək, yanılmarıq.
1news.az