Yüksəliş Seminariyasının açılış mərasimi baş tutub

Noyabrın 25-də “Yüksəliş” müsabiqəsinin yeni inkişaf təşəbbüsü olan Yüksəliş Seminariyasının açılış mərasimi keçirilib.
1news.az xəbər verir ki, “Bilik öz sözünü deyir” şüarı altında keçirilən açılış mərasimi İrəvan və Qazax Müəllimlər Seminariyalarının zəngin maarifçilik irsinə həsr olunaraq tarixi ənənələrlə müasir inkişaf yanaşmalarının vəhdətini özündə əks etdirib.
Seminariyanın əsas məqsədi “Yüksəliş” müsabiqəsinin fəaliyyəti çərçivəsində formalaşmış zəngin təcrübəni paylaşmaq, insan potensialının qiymətləndirilməsi və inkişafı istiqamətində yeni öyrənmə imkanları yaratmaq, bilik və peşəkar təcrübə mübadiləsini təşviq etməkdir.
Açılış mərasimində ölkənin aparıcı şirkətlərinin insan resursları üzrə rəhbərləri və sahə üzrə peşəkarlar iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxışında dövlətin insan kapitalının inkişafına verdiyi önəmdən, Yüksəliş Seminariyasının yaradılmasının əhəmiyyətindən, eləcə də “Yüksəliş” müsabiqəsinin peşəkar inkişaf istiqamətində yaratdığı imkanlardan danışıb.
O bildirib ki, Yüksəliş Seminariyasının yaradılmasında əsas məqsəd müsabiqə çərçivəsində illər ərzində formalaşmış bilik və təcrübəni daha geniş peşəkar auditoriya ilə bölüşmək, insan potensialının qiymətləndirilməsi və inkişafı istiqamətində yeni imkanlar yaratmaqdır.
Daha sonra Yüksəliş Seminariyasının rəhbəri Səbinə Rəhimova seminariyanın yaradılması ideyası, əsas fəaliyyət istiqamətləri, tədris konsepsiyası və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində iştirakçılara seminariyanın konsepsiyası təqdim olunub, həmçinin ilk simulyasiya məşğələsi keçirilib. Praktiki məşğələ zamanı iştirakçılar komanda şəklində çalışaraq təqdim olunan situasiyalar üzrə fikir mübadiləsi aparıb, alternativ həll yolları və qərarvermə yanaşmaları üzərində işləyiblər.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca yeddinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 16 noyabr 2026-cı il tarixində müvafiq Sərəncam imzalanıb.





















